Azərbaycanın dünya ölkələrinə örnək olması qürur hissi doğurur
"Xalqımız Azərbaycanın koronavirusla mübarizəsinin
dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır”.
Kaspi.az Prezidentin saytına istinadla xəbər verir
ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının
qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi
diqqət və qayğıya görə Kəlbəcər
rayonunun 87 yaşlı sakini, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və
Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri
Qənbər Qurbanovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.
Qənbər Qurbanovun məktubunda qeyd edilir:
"Möhtərəm cənab Prezident.
Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus
(COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması
üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük
qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə
sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən hələ pandemiya elan olunmasından əvvəl Sizin uzaqgörənliklə
başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində
şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün
bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki
mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz
görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı
ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin
sayı hər gün artır.
Möhtərəm cənab Prezident, bu xəstəliklə mübarizə məqsədilə
Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması,
"Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska
istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara
maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz
müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşırıqlar bir daha
Sizin bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının
sübutudur. Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin
xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhval-ruhiyyə
yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin "Biz birlikdə güclüyük!”
çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır.
Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi
Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən
inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır
xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə
bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi,
xalqımızı və möhkəm təməlləri ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan
qüdrətli dövlətimizi qorusun”.