• şənbə, 20 Aprel, 09:54
  • Baku Bakı 14°C

Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında təmsil olunmasına dair razılıq əldə olunub

29.05.17 11:30 1225
Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında təmsil olunmasına dair razılıq əldə olunub
Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması və yerli məhsulların ixrac potensialının artırılması məqsədi ilə milli akkreditasiya sisteminin beynəlxalq aləmdə tanınmasının təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu mayın 22-25-də Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirak edib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, assambleya zamanı 2025-ci ilə qədər təşkilatın inkişaf strategiyası, 2017-2018-ci illər üçün iş proqramı, akkreditasiya sahəsində regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər məsələlərə baxılıb. Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri ilə görüşlər keçirib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub.
R. Həsənovun Almaniya Akkreditasiya Qurumunun (DAkkS) rəhbəri Stefan Finke ilə görüşü zamanı Avropa Birliyinin maliyyəsi ilə DAkkS tərəfindən bu ilin iyun ayında icrasına başlanacaq "Azərbaycanda akkreditasiya sisteminin gücləndirilməsi” adlı "Tvinninq” layihəsi çərçivəsində görüləcək işlər müzakirə edilib. Bildirilib ki, Almaniya, İtaliya və Latviyanın akkreditasiya qurumlarının birgə konsorsiumu tərəfindən icra olunacaq layihənin məqsədi Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına töhfə verməkdir. Layihənin sonunda Azərbaycan akkreditasiya orqanının bu sahədə beynəlxalq təşkilat olan EA-ya tam hüquqlu üzvlük təmin olunacaq ki, bu da öz növbəsində ölkəmizin akkreditasiya prosedurlarının tanınması və ixrac proseslərində texniki maneələrin aradan qaldırılması deməkdir.
Səfər zamanı EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə təşkilata üzvlüklə ilə bağlı cari ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlin şəhərində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.
banner

Oxşar Xəbərlər