• cümə, 19 Aprel, 00:54
  • Baku Bakı 18°C

“Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur”

01.08.17 10:47 1354
“Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur”
Azərbaycanda sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb, 1.5 milyondan artıq yeni iş yeri açılıb, 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib, şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yeni parklar, istirahət mərkəzləri yaradılıb. Vətəndaşların sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar yalnız qaçqın və məcburi köçkünləri deyil, digər kateqoriyadan olan insanlarımızı da əhatə edib. Buna misal olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri, alimlər, yazıçılar, mədəniyyət nümayəndələri, hərbçilər, idmançılar, jurnalistlər, müharibə veteranları, qazilər və şəhid ailələrinin müxtəlif illərdə dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsini göstərmək olar. Ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına da başlanıb və bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib. Bu işlərin yekunlaşması nəticəsində yaxın gələcəkdə minlərlə gənc ailənin mənzil-məişət problemi birdəfəlik həllini tapacaq.

Bütün bunlarla bərabər, ötən illər ərzində sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb, ölkə əhalisinin bütün kommunal problemləri həllini tapıb. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələr nəticəsində kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər də görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Ötən müddət ərzində Azərbaycan sahibkarlarına ümumilikdə 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib ki, bunun da hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb. Görülən bütün bu işlərlə paralel olaraq, bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər də dəfələrlə artırılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev sadalanan bütün bu faktlara toxunaraq bildirib ki, Azərbaycan dövlətinin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır. Dövlətin sosial siyasətinin bir necə istiqamətinin olduğunu diqqətə çatdıran millət vəkili qeyd edib ki, bu siyasət Azərbaycanda insanların keyfiyyətli həyat sürməsinə yönəlib. O, əlavə edib ki, Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksinə görə, 200 dövlət arasında 70-ci yerlərdə dayanır. Bunun MDB məkanında ən yaxşı göstəricilərdən biri olduğunu xatırladan deputat deyib ki, bu göstəriciyə əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşması, pensiya təminatı, məşğulluğun təmini, yoxsulluğun aşağı salınması, mənzil təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılması ilə nail olunub: "Azərbaycan vətəndaşlarına sosial təminat 2 istiqamət üzrə həyata keçirilir. Biri odur ki, ümumi olaraq, bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir. Yəni, vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir. Digər istiqamət isə odur ki, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Yəni, onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və sair sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü təyin edilir. Bununla yanaşı, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün də ardıcıl tədbirlər görülür. Xüsusilə Qarabağ əlilləri və şəhid ailələri üçün dövlətin ayrıca proqramı var və bu proqram çərçivəsində hər il yüzlərlə belə ailə mənzillə təmin olunurlar”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da hesab edir ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır. Onun sözlərinə görə, bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur: "Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasında olmalıdır və bu istiqamətdə 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Ümumiyyətlə, Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Azərbaycan dövləti neft kapitalının insan kapitalına çevrilməsini, neft gəlirlərinin qeyri-neft sektoruna yatırılması ilə ölkənin bütün regionlarının inkişafının təmin etdirilməsini qarşıya məqsəd qoyub. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Bundan başqa, təhlükəsizlik tədbirlərinin də yüksək səviyyədə təmin olunduğu Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Belə bir şəraitdə isə həm investisiyaların qoyuluşuna maraq göstərilir, həm də əhalimizin rifah halı yaxşılaşır”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil MustafaAzərbaycanda son illər ərzində sosial sahədə gözlənildiyindən daha çox addımlar atıldığını xatırladıb. O, bildirib ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib. Millət vəkili qeyd edib ki, əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb: "Azərbaycan İpoteka Fondunun yaradılması, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin mənzil problemlərinin həlli üçün imkanların yaradılması, sosial evlərin tikintisinə başlanılması, əlillər üçün evlərin tikilməsi, jurnalistlərə evlərin paylanılması - bunlar hamısı sosial kateqoriyaya aid olan məsələlərdir. Eyni zamanda son illər ərzində sosial sahədə mövcud olan bir çox nöqsanlar, o cümlədən əvvəllər sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi sahəsində mövcud olan bir çox neqativ hallar ortadan qaldırılıb. Bununla belə, sosial sahə bütün ölkələrdə, o cümlədən ABŞ-da həmişə nöqsanların olduğu sahə olub. İstər-istəməz əhalinin işsizi də, yoxsulu da, müəyyən problemləri həll edilməyənləri də olur. Amma bu insanların çox sıxıntı içində qalmaması üçün bu istiqamətdə vaxtaşırı çevik qərarların qəbul olunması vacibdir”.

Millət vəkillərinin səsləndirdiyi fikirlərdən, eyni zamanda yazının əvvəlində sadalanan faktlardan bir daha aydın olur ki, Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifah halının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Alpər TURAN

banner

Oxşar Xəbərlər