Azərbaycanı “Şəki halvası” ilə xatırlayacaq suriyalı tələbə - Əcnəbi
Artıq
beş ildir ölkəmizdədir. Deyir ki, bu müddət ərzində Azərbaycan onun üçün çox doğmalaşıb,
mədəniyyətimizə, xüsusilə, ətli yeməklərimizə öyrəşib. Təhsilini başa vurduqdan
sonra da ölkəmizdə qalmaq, burda karyera qurmaq istəyir. Müsahibimiz Bakı
Slavyan Universitetində Beynəlxalq Münasibətlər fakültəsində təhsil alan 22
yaşlı Suriya vətəndaşı Yasmina Abdulhakdır.
Qeyd edək
ki, Yasmina Abdulhak 2013-cü ildə Bakıya gəlib. Burada bir illik hazırlıq
kursunu bitirdikdən sonra Bakı Slavyan Universitetində təhsil almağa başlayıb:
"Hazırda dördüncü kursda oxuyuram və bu il universiteti bitirirəm. Ailəm-valideynlərim
və iki bacım hazırda Suriyada yaşayır. Nənəm isə əslən rus olmasına baxmayaraq,
Azərbaycan vətəndaşıdır. Yəni, belə demək olarsa, beynəlxalq bir ailəyik”.
- Necə oldu ki, Azərbaycanda təhsil almaq qərarına
gəldiniz?
- Əslində,
Azərbaycan mənim üçün ən əlverişli və asan seçim idi. Çünki nənəm burada
yaşayır və onun şəxsi evi var. Gəlməzdən əvvəl Azərbaycanın mədəniyyəti ilə az
da olsa tanışlığım vardı. Ona görə də özümü burda rahat hiss edirəm. Məsələn, İngiltərəyə
getsəydim, yəqin ki, orada ciddi mədəniyyət şoku keçirərdim. Mən rus dilini
öyrənmək və həmçinin, slavyanlar haqqında biliklərimi artırmaq istəyirdim. Həm
də bu, mənə beynəlxalq aləmə açılmaq üçün lazım idi. Ona görə də Slavyan
Universitetini seçdim. Həm slavyan ölkələri, həm də dünya əlaqələri üçün bu vacib idi.
- Müəyyən qədər məlumatlı olmağınıza görə,
uyğunlaşma çətinliyi yaşamadınız?
- Əlbəttə
ki, müəyyən fərqlər var. Hətta, sərhəddən kənara çıxanda başa düşürsən ki, sən
müstəqil insansan. Burada nəyə başlamaq
istədiyini artıq özün seçirsən. Həmçinin, sənin səhvlərini valideynlərin
düzəldə bilməyəcək və məsuliyyəti sən özün daşıyırsan.
- Artıq xeyli vaxtdır burdasınız, Azərbaycan dilini
öyrənə bilibsinizmi?
- Mənə
görə sizin diliniz mürəkkəb deyil. Amma daha çox rusdilli insanlarla
münasibətdə olduğuma və rus bölməsində təhsil aldığıma görə, Azərbaycan dilini
öyrənməyə vaxt qalmır. Ümumilikdə Azərbaycan dilində danışan insanı başa
düşürəm, lakin rus dilində cavab verirəm.
- Azərbaycan haqqında təəssüratlarınız nələrdən ibarətdir?
-
Azərbaycana ilk dəfə gələndə hələ 17 yaşım var idi. Bu elə bir yaş dönəmidir
ki, hətta filmlərdə olanları belə həqiqət bilirsən. Amma sonradan görürsən ki,
bunlar yalnız filmlərdə belə ola bilər. Həqiqətdə isə hər şey tamam başqa cürdür.
Mənə görə, Azərbaycan çox maraqlı ölkədir, çünki hər zaman inkişafdadır. İnkişafda
olan ölkələrin inkişaf etmiş ölkələrdən daha yaxşı olduğunu düşünürəm. Çünki
burada nəsə yenilik tapmaq mümkündür. İnkişaf etmiş ölkədə isə düşünürsən ki,
artıq hər şey edilib. Təzə nəsə tapmaq çox mürəkkəb məsələdir. Bir də,
Azərbaycan beynəlxalq arenaya tez yol tapdığına görə, daha çox diqqətimi cəlb
edib. Ölkənizdə keçirilən Birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları və
digər beynəlxalq tədbirləri mənim üçün çox maraqlıdır və belə tədbirlər bir çox şeylərdən xəbər verir, sənə yeni nələrisə
öyrədir.
- Təhsilinizi bitirəndən sonra burada qalmaq
fikriniz var?
-
Azərbaycanda qalmağı çox istəyirəm. Çünki burada perspektivlər çoxdur. Sən burada
bizneslə də məşğul ola, həmçinin, təhsilini də davam etdirə bilərsən. Məncə, burda
dərs demək çox maraqlı olardı. Amma burada məktəblə bakalavr təhsili arasındakı
fərq böyükdür. Məncə, bu baryeri aşmaq lazımdır.
- Öz ölkənizə qayıdandan sonra Azərbaycan yaddaşınızda
nə ilə qalacaq?
- Mən Azərbaycanı
həmişə "Şəki halvası” ilə xatırlayacağam. Şəkiyə gedərkən böyük, şirin
halvaları görürsən və valeh olmaya bilmirsən. Həmin vaxt fikirləşdim ki, 3
ildir burada yaşayıram, bunu niyə görməmişəm. Bakıda bu paxlavadan satılmır. Gürcü xəngəlini çox bəyənməsəm
də, Azərbaycan xəngəlini çox sevirəm. Qutab da maraqlı və fərqli daddır. Yeri
gəlmişkən, bu gün xəngəl bişirmişəm. Gəlib qonaq ola bilərsiniz.
- Yeməklərdən söz düşmüşkən, Azərbaycan yeməklərini
bişirə bilirsiz?
- Düzünü
desəm, yeməklərin bir çoxunu burada sınaqdan keçirmişəm. Bircə plovdan başqa. Açığı
plov bişirmək mənə bir az çətin gəlir. Sizin yeməkləriniz çox ləzzətli və
doyumludur. Maraqlıdır ki, burada rus, gürcü, türk yeməklərini də yeyə
bilərsən. Hərdən turistlərə rast gələndə görürsən ki, deyirlər kabab çox ətli
yeməkdir, ağırdır və s. Burada təmiz rus yeməklərinin, eyni zamanda başqa
ölkələrin də mətbəxinin dadına baxmaq olar. Azərbaycan müxtəlif mədəniyyətlərin
qovşağıdır.
- Öz ölkənizlə Azərbaycanın mədəniyyətini,
mətbəxini müqayisə edirsinizmi?
- Suriya
ilə Azərbaycan mətbəxi fərqlidir və bunları müqayisə etmək mümkün deyil. Bizdə
daha çox vegetarian mətbəxi olur. Burda isə ən çox ət məhsullarından hazırlanan
yeməklərə üstünlük verilir. Düzünü desəm, təzə gəldiyim vaxtlarda hər gün ət yeyəndə
hərdən səhhətimdə problem yaşayırdım. Amma hazırda yeməklərinizə öyrəşmişəm.
Suriyaya qayıtdıqdan sonra yəqin ki, balans yaranacaq. Burada olduğum beş il
müddətində başa düşdüm ki, bizim mədəniyyətlərimiz bir-birindən o qədər də
fərqlənmir. Azərbaycan Qafqazda yerləşsə
də, onun mədəniyyəti nə Şərqin, nə də Avropanın mədəniyyətlərinə oxşamır. Mən
Suriyanın paytaxtında – Dəməşqdə yaşamışam. Bizdə mədəniyyət hardasa Şərqə
yaxındır. Ənənələrimiz bir balaca fərqlidir. Dünyagörüşü baxımından isə çox
fərqin olduğunu deməzdim.
- Dərsləriniz
necə gedir?
- Təbii
olaraq, birinci kursda bir qədər çətinlik çəkdim. Çünki rus dilini ev
şəraitində öyrənirdim. Akademik səviyyədə rus dilini öyrənənə qədər bir az
çətinlik çəkirdim, amma hazırda hər şey yaxşıdır.
- Burada
dostlarınız varmı?
- Bakı
Slavyan Universitetində ilk dəfə olaraq beynəlxalq münasibətlər fakültəsinin
nəzdində tələbələrdən ibarət qrup yaradılıb. Bura ingilis dilində bilən və siyasətə
marağı olan tələbələr, fakültəsindən asılı olmayaraq cəlb olunurlar. Mən buarada
bir məqamla rastlaşdım və bu məqam Azərbaycan gənclərinə olan münasibətimi
müsbət cəhətə yönəltdi. Burada gənclərlə yaxından tanış olmaq üçün gənclər
təşkilatına üzv olmalısan. Bu müddətdə müxtəlif yerli universitetlərdən olan
gənclərlə tanış oldum. ADA universiteti, Dövlət İdarəçilik Akademiyası, İqtisad
Universiteti, Azərbaycan Dillər Universitetində olmağım mənə sizin gəncləri
yaxından tanımağa kömək oldu, burada mənimlə həmrəy olan yeni dostlar tapmağa
nail oldum. İştirakçısı olduğum tədbirləri heç vaxt unutmaram. Əminəm ki, bunlar
mənə bir gənc tələbə kimi gələcəyimi qurmaqda kömək olacaq.
Şəbnəm
Mehdizadə