• çərşənbə axşamı, 16 aprel, 11:08
  • Baku Bakı 14°C

“Azərbaycanı müasir və savadlı ölkə kimi təqdim etməliyik”

16.07.15 13:06 2614
“Azərbaycanı müasir və savadlı ölkə kimi təqdim etməliyik”
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin əməkdaşı Kəmalə İsmayılovanın sözlərinə görə, bu işdə mədəniyyətimiz, ədəbiyyatımız və elmimiz böyük rol oynaya bilər
Almaniyada Azərbaycanla bağlı müxtəlif diaspor təşkilatları fəaliyyət göstərir. Bəzilərinin fəaliyyəti geniş olsa da, bəzi təşkilatların ölkəmizin təbliğatı istiqamətində gördükləri iş ümumiyyətlə, hiss olunmur. Artıq 7 ildir fəaliyyət göstərən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi həmin təşkilatlar arasında bir növ koordinator rolunu oynamaqla onların da fəaliyyətini canlandırmağa çalışır.
AAKM-in əməkdaşı Kəmalə İsmayılova “Kaspi”yə müsahibəsində mərkəzin fəaliyyəti haqqında danışıb.
-Fikirlər var ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında birlik yoxdur. Mərkəzlər arasında əlaqə yaratmaq və ümumən ölkəmizin təbliğatı istiqamətində təşkilatınız fəaliyyətini necə qurur?
- Mərkəz ilk dəfə yarananda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində işlər görməyi qarşısına məqsəd qoyub. Samirə Patzer İsmayılova tərəfindən yaradılan mərkəz elə onun rəhbərliyi altında da fəaliyyət göstərib. O, həmçinin Alman-Azərbaycan Forumunun İdarə Heyətinin üzvüdür. Ancaq Samirə xanım bu ilin mart ayında Köln şəhərinə köçdüyü üçün hazırda təşkilatın yeni rəhbəri təyin edilməyib. Ancaq mən mərkəzin fəaliyyətinin dayanmamasından ötrü əlimdən gələni edirəm. Təşkilatın Rəyasət Heyətinin Almaniya üzrə 7 üzvü var. Azərbaycanın təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçiririk. Xüsusən mədəniyyətimizin tanıdılması ilə bağlı mühüm tədbirlər təşkil olunur. Həmçinin Azərbaycanın tarixi günləri, Qarabağ problemi, Xocalı və 20 Yanvar faciələri və s. ilə bağlı konfranslar, toplantılar keçiriririk. Burada Azərbaycanla bağlı yazılan və alman dilinə çevrilən kitabların, dərgilərin təqdimatı olur. Berlində Azərbaycanla bağlı ümumilikdə 7 cəmiyyət fəaliyyət göstərir. Azərbaycan Evi, müxtəlif ocaqlar və cəmiyyətlər var. Həmçinin iranlıların və türklərin də müxtəlif diaspor təşkilatları fəaliyyətdədir. Məsələn, iyulun 7-də buradakı türk məscidində türk diaspor təşkilatları iftar süfrəsi açdılar. Onlar müxtəlif cəmiyyətlərin nümayəndələrini yığaraq, əvvəlcə Ramazanın mahiyyəti haqqında danışdılar. Sonra qədim musiqi alətlərində ifalar oldu. Bu, bizim adət-ənənəmizin, inanclarımızın tanıdılması istiqamətində gözəl tədbir idi. Ümumiyyətlə, bizim Berlində Azərbaycanın təbliği ilə bağlı gözəl işlərimiz olur. Düzdür, bu təşkilatların çoxunun fəaliyyəti məhduddur. Amma bizim mərkəz gerçəkdən koordinasiya təşkilatı kimi fəaliyyət göstərir. Əsas odur ki, bizim bazamız var. Bu mərkəzə Almaniyada yaşayan azərbaycanlılar müxtəlif xahişlərlə, problemlərlə bağlı müraciət edirlər. Bu ölkəyə müxtəlif yollarla gələn insanlar var. Kimsə xəstə olur, kiminsə təhsilində və ya ailəsində problem yaranır və s. Düzdür, maliyyə baxımından kiməsə kömək etməyə gücümüz çatmır, ancaq məsləhət verə, istiqamət göstərə və əlaqələr yarada bilirik. Bilirsinizmi, bu ölkədə istiqamət vermək də böyük işdir. Çünki insanlar bəzən hansı qapını döyəcəklərini bilmirlər.
-Bəs almanlar həmin tədbirlərə nə qədər maraq göstərirlər?
-Əlbəttə, biz tədbirlərimizə ilk növbədə almanları dəvət edirik. Sözsüz ki, bizim təbliğatımız onların arasında olmalıdır. Həmçinin bu ölkədə yaşayan azərbaycanlılar arasında birlik yaradırıq. Almanların tədbirlərimizə marağı böyükdür. Açığını deyim ki, 5-6 il bundan qabaq Azərbaycanı burada o qədər tanımırdılar. Ancaq indi: “Xocalı faciəsi haqqında eşitmisənmi?”,- deyə soruşanda onların məlumatları var. Aprelin 25-də Berlində türklərlə birlikdə böyük bir yürüş təşkil etdik. Ermənilərin “soyqırımı”nın 100 illiyini qeyd etmələrinə etiraz olaraq əllərində Azərbaycan və türk bayraqları və şüarlar 10 min nəfər Berlinin küçələrinə çıxdı. Təbii ki, bu cür tədbirlər ölkəmizlə bağlı tarixi günlər, faciələr və s. haqqında başqa millətləri məlumatlandırmaqda rol oynayır.
- Berlində Azərbaycanla bağlı hansı kitablar, dərgilər çap olunir?
- İki il əvvəl Günel Anarqızının Qarabağla bağlı hekayələr kitabının buradakı böyük muzeylərdən birində təqdimatı keçirildi. Tədbirə 300 nəfərdən çox alman gəlmişdi. Kitab böyük maraqla qarşılandı. Mədəniyyətimizə və Azərbaycan həqiqətlərinə həsr olunan digər kitablar, həmçinin “İRS” jurnalı nəşr olunur. Hazırda Samirə xanım bir alman yazıçısı ilə daha çox mətbəximizə aid olan kitab üzərində işləyir. Həmçinin Berlin Bakı Qalereyasında və Kölndəki qalereyada böyük sərgilər keçirilir.
-Azərbaycanın Almaniyadakı səfirliyi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sizə tədbirlərinizdə hər hansı köməklik göstərirlərmi?
-Səfirlik bizim imdad yerimizdir. Suallarımız yarananda onlara ünvanlayırıq. Səfir Pərviz Şahbazov bacardığı qədər bizə yardımçı olur. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi bizə təbliğati işlərimizin həyata keçirilməsində yardımını əsirgəmir.
-Almaniyada çoxlu azərbaycanlı tələbə təhsil alır. Hər halda gənclər də ölkəmizin tanıdılması istiqamətində fəallıq göstərə bilərlər. Onların fəaliyyətləri qənaətbəxşdirmi?
-Burada Azərbaycan Tələbə Şəbəkəsi (ASN) fəaliyyət göstərir. Onlar maliyyə ilə də təmin olunurlar. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini də ASN təntənə ilə qeyd etdi. Bundan əlavə, onlar bizim keçirdiyimiz tədbirlərdə də iştirak edirlər.
-Necə bilirsiniz, Azərbaycanın daha çox tanıdılması, başımıza gətirilən faciələrdən, torpaqlarımızın işğalından və s. başqa xalqların daha çox xəbərdar olması üçün hansı işlər görmək lazımdır?
-Bilirsinizmi, dünyada faciələr çoxdur. Berlində hər həftə sonu mitinqlər keçirilir. Biz aprelin 25-də yürüş keçirəndə burada yaşayan başqa xalqlar tərəfindən 7 mitinq keçirilirdi. Türklər, ərəblər, yəhudilər və b. – hamısı öz preblemlərini diqqətə çatdırmaq üçün mitinqlər keçirirlər. Sadəcə, dünyada müsəlmanlara baxış bir qədər fərqlidir. Biz nə qədər təbliğ etsək də, ümumilikdə onların münasibəti ayrıdır. Ona görə biz ölkəmizi tarixiliyi, qədimliyi ilə bərabər müasir və savadlı ölkə kimi təqdim etməliyik. Bu işdə mədəniyyətimiz, ədəbiyyatımız və elmimiz böyük rol oynaya bilər. Türk-Azərbaycan Cəmiyyəti ilə bizim təşkilat burada 3 günlük konfrans keçirdi. Azərbaycandan millət vəkili Musa Qasımlı da iştirak etdi. Biz həmin tədbirə daha çox gəncləri dəvət etdik ki, qoy tariximiz haqqında həqiqətləri bilsinlər. Məncə, insanların daha çox maariflənməsinə ehtiyac var. Bu istiqamətdə işlər görmək lazımdır. Çünki bura yaşamağa gələnlərin hər biri öz problemləri ilə əlləşir. Xüsusən cavanların başqa maraqları yaranır. Ona görə də onların maaarifləndirilməsi istiqamətində çalışırıq. Qeyri-rəsmi məlumatlara görə, Almaniyada 5 minə yaxın azərbaycanlı yaşayır, təxminən 50-ə yaxın təşkilat fəaliyyət göstərir. Bizim işimiz təkcə özümüzünkülər arasında maarifləndirmə aparmaq deyil, həmçinin başqa xalqların diqqətini özümüzə yönəltməkdir ki, bizim ölkəmiz haqqında daha məlumatlı olsunlar.
-Mərkəz öz fəaliyyətində hansı çətinliklərlə üzləşir?
-Təbliğat üçün güc lazımdır. Elə təkcə mərkəzin yerləşdiyi ofisi saxlamaq üçün maliyyəyə ehtiyac var. Hamı entuziazmla işə başlayır, amma sonradan maliyyə problemləri yaranır. Burada yaşayan azərbaycanlılar da ölkəmizlə bağlı tədbirlərə entuziazmla yanaşırlar. Onlar gündəlik qayğılarının həlli ilə bərabər, Azərbaycandan gəldiklərini unutmurlar. İnsanlar çox vaxt hər işi özləri görməyə çalışırlar. Ancaq yaddan çıxarmaq lazım deyil ki, bura Avropadır və hər iş sonunda maliyyəyə dirənir. Amma biz bütün hallarda işlərimizi həyata keçiririk. Çünki ölkəmizin təbliği üçün çalışmalıyıq. Hələlik təşkilatın fəaliyyətini mən öz qüvvəm hesabına davam etdirirəm. Koordinasiya Mərkəzinin fəaliyyətini dayandırmaq olmaz. Çünki almanlar da buranı çox gözəl tanıyır və bizimlə ünsiyyət saxlamaq istəyirlər. Biz Almaniyada ayrı-ayrı təşkilatlar və insanlar arasında ünsiyyət yaradırıq. Çətinliklər də ümid edirəm ki, bir gün həllini tapacaq. Çünki bizim görəcəyimiz işlər çoxdur.
Təranə Məhərrəmova
Berlin
banner

Oxşar Xəbərlər