AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycandan tarixi zəfər

Azərbaycandan tarixi zəfər

İdman
12 Dekabr 2012, 16:17 1633
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsi başa çatdıqdan sonra qitənin 12 ən güclüsünün adına aydınlıq gəlib.

Ənənəvi olaraq, yenə pley-offda təmsil olunan Azərbaycan tarixində birinci dəfə 3 klubla qatıldığı yarışda daha bir ilkə imza atıb. Bu, bütün komandalarımızın qrup səddini uğurla adlamasıdır. Belə ki, “Rabitə” və “Lokomotiv” qrup qalib kimi, “Azərreyl” isə ikinci yerin sahibi kimi növbəti mərhələdə mübarizə aparacaq.

Çempionlar Liqasında mütləq rekord olan 3 komandanın pley-offa çıxmasına isə Azərbaycandan başqa yalnız 1 ölkə nail olub. Bu da qonşu Türkiyədir. 1/6 finalçılarının 25 faizini təşkil edən İstanbul təmsilçilərinin hamısı (“Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı”) qrup qalibi kimi bu hüquqa yiyələnib. Bununla da qrupdan çıxan komandaların yarısını qardaş ölkələr – Azərbaycanla Türkiyə təşkil edir.
Hərçənd bu ölkələrlə yanaşı, daha 3 çempionat qrup mərhələsində 3 komanda ilə təmsil olunmuşdu. Lakin İtaliya, Rusiya və Polşa klubları bizimkilərdən fərqli, belə uğurla çıxış edə bilməyiblər. Onlardan Rusiya cəmi 1 itki ilə üzləşibsə, voleybol ənənələri ilə öyünən İtaliya və Polşa 1/6 finalda cəmi 1 klubla təmsil olunmalı idi. Belə ki, Rusiyadan Moskva və Kazan “Dinamo”su, Polşadan “Atom”, İtaliyadan isə “Yamamay” komandalarımızın potensial rəqibləri sırasına düşüb. Kazanlılar Azərbaycan və Türkiyə klubları ilə bərabər, qrup qalibi olmağı bacarıblar. Amma 3-cü yerin sahibləri arasında ən yaxşı nəticəyə imza atan “Villa Kortese” əlavə vəsiqənin sahibi olub. Buna səbəb pley-offa yüksələn 12 komandadan birinin “Dördlər finalı”na ev sahibliyi ilə bağlı növbəti mərhələdən azad olmasıdır. İtaliyalılar məhz həmin komandanın əvəzinə 1/6 finalda mübarizə aparacaq.

Avrokubokların 5 nəhəng ölkəsi ilə yanaşı, Fransa və Almaniya da 12 ən güclü arasında təmsil olunacaq. Bunlar müvafiq olaraq, “Kann” və “Şveriner”dir.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü sabah Lüksemburqda atılacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq tədbirdə “Dördlər finalı”nın ev sahibi də açıqlanaq. Qaydalara əsasən eyni qrupdan çıxan komandalar bir-biri ilə qarşılaşa bilməyəcəklər. Bundan başqa, yarımfinalda eyni ölkədən təşkilatçı da daxil olmaqla 2-də artıq komanda yer almayacaq.