• cümə axşamı, 25 aprel, 20:40
  • Baku Bakı 21°C

Azərbaycandan növbəti təşəbbüskarlıq

29.04.20 18:54 2262
Azərbaycandan növbəti təşəbbüskarlıq
Deputatların fikrincə, ölkəmiz pandemiya dövründə özünə qapanmadan, uğurlu model ortaya qoymağa müvəffəq oldu

Azərbaycan dövləti zamandan və məkandan, eləcə də düşdüyü situasiyadan asılı olmayaraq hər zaman təşəbbüskarlığı öz əlində saxlaya bilib. Ölkəmiz indiyədək bir çox ilklərə imza atıb və bu koronavirus pandemiyası təhlükəsi ilə mübarizə çərçivəsində də özünü göstərir. Bu çərçivədə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans vasitəsilə Türk Şurasının Zirvə toplantısı keçirildi və üzv dövlətlərlə pandemiya təhlükəsinin qarşısının alınması məsələləri müzakirə olundu. Dövlət başçısının Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə qurumun Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin qlobal təhlükə mənbəyi olan koronavirus pandemiyasına qarşı apardığı mübarizə tədbirləri dünya miqyasında da yüksək qiymətləndirilir: "Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və bir nümunə kimi qeyd edir. Eyni zamanda həm də Azərbaycan ona görə nümunədir ki, Azərbaycan milli istiqamətdə qazandığı nailiyyətləri ayrı-ayrı beynəlxalq təşkilatların üzv dövlətlərinə də çatdırır, onlarla da paylaşır. Qazandığı təcrübəni ona görə paylaşır ki, ümumi bəlaya qarşı mübarizə imkanları genişləndirilir və konkret nəticələr var. Onu da qeyd edək ki, Türk Şurasının dövlət başçıları səviyyəsində videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi bu sahədə atılmış mühüm addımlardan biri idi. İndi isə məlum oldu ki, mayın 4-də yenə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə sıralarında 120 dövlətin olduğu Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü keçiriləcək. Təbii ki, bu Azərbaycanın milli səviyyədə qazandığı nailiyyətlərin paylaşması baxımından çox əhəmiyyətlidir”.
E.Nəsirov qeyd etdi ki, Qoşulmama Hərəkatına üzv olan ölkələrin sıralarında xeyli kasıb, səhiyyə sistemində ciddi problemlərin yaşayan, eləcə də maliyyə çatışmazlığı olan üzləşən ölkə də var: "Bu baxımdan Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində həm əhalinin sağlamlığını qorumaq, həm də onların sosial müdafiəsini təşkil etmək nöqteyi-nəzərdən atdığı addımlar və bu təcrübənin mübadiləsi çox böyük əhəmiyyətə malikdir. Azərbaycan ikinci dəfə bu addımı ilə nümunə olacaq. Çünki Azərbaycan rəhbərinin bu təşəbbüsünə qədər heç bir beynəlxalq təşkilatın analoji görüşü, sammiti keçirilməyib. Ölkəmiz Türk Şurasının tədbirini keçirməklə, sözün həqiqi mənasında, nümunəni ortaya qoydu, sədr dövlət kimi adına layiq addımı atdı. Biz 3 il müddətində Qoşulmama Hərəkatına da sədrlik edirik. Bu məsuliyyətdən çıxış edərək sədr kimi növbəti addımımızı atırıq. Hesab edirəm ki, bu addım çox yüksək dəyərə malikdir və Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suma Çakrabarti və həmin qurumun əsas simaları ilə videokonfrans vasitəsilə görüşü də keçirildi. Məhz bu qurumun rəhbərliyi səviyyəsində bir daha Azərbaycanın koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə yüksək qiymət verildi. Xüsusilə, Azərbaycan Prezidentinin həyata keçirdiyi dərinləşən islahatlar kursu müsbət dəyərləndirildi. Bütün bunların hamısını ümumiləşdirib o qənaətə gəlmək olar ki, əslində hər şeyin yaxşı getdiyi məqamlarda bir sıra dövlətlərin və onların rəhbərlərinin hansı istedad və qabiliyyət sahib olması bəzən gözə görünmür. Ayrı-ayrı dövlətlərin və onların liderlərinin hansı gücə, potensiala, idarəetmə mədəniyyətinə malik olması kritik situasiyalarda daha çox büruzə verir. Azərbaycan Prezidentinin xarizmasına, yüksək idarəçilik mədəniyyətinə və atdığı addımların xalq tərəfindən dəstəklənməsinə bu gün bütün dünya şahidlik edir. Ölkəmizin özünə qapanmadığı, ümumi bəla ilə mübarizədəki təcrübəsini dünya dövlətləri ilə paylaşdığı həqiqəti də üzə çıxdı. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən Azərbaycan dövləti və onun rəhbərinin atdığı addımlar heç bir zaman dünya dövlətləri tərəfindən yaddan çıxmayacaqdır”.
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, müxtəlif formatlarda regional və beynəlxalq müstəvidə videokonfransların keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi və aktiv iştirakı ilə artıq ənənə halını alıb: "Bir neçə gün öncə belə bir görüş Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirildi. Digər belə bir videkonfrans formatında görüş bir müddət bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilmişdi. Bu görüşdə koronovirusla mübarizə istiqamətində bu quruma üzv ölkələri arasında təcrübə mübadiləsi aparılıb”.
C.Məmmədov vurğuladı ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşü keçiriləcək, qazanılmış təcrübə ilə bağlı fikir mübadiləsi aparılacaq: "Bütün bunlar onu göstərir ki, Azərbaycan pandemiya ilə ölkə daxilində mübarizə aparmaqla yanaşı, beynəlxalq müstəvidə də bu istiqamətdə səylərə töhfə verməyə çalışır. Burada Prezident İlham Əliyevin səyləri və ardıcıl addımları qabarıq şəkildə nəzərə çarpır. Azərbaycan Prezidentinin bu səyləri beynəlxalq qurumlar, eləcə də, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib və bu qurumun rəhbəri Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Bu onu göstərir ki, Azərbaycan pandemiya dövründə özünə qapanmadan, nümunəvi, uğurlu model ortaya qoymağa müvəffəq olub”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər