• şənbə, 20 Aprel, 16:34
  • Baku Bakı 23°C

Azərbaycanda uşaqları zərərli informasiyalardan qoruyacaq proqram təqdim olundu

01.11.18 21:05 818
Azərbaycanda uşaqları zərərli informasiyalardan qoruyacaq proqram təqdim olundu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramı (kidsafe) yaradılıb.
Komitədən Trend-ə verilən məlumata görə, proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək. İcra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək.
"www.kidsafe.az" proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin olunub. Proqram istifadəçi tərəfindən spesifik filtrləmə funksiyasının yerinə yetirilmə imkanı da yaradır.
Proqramda uşağın istifadəsi zamanı "keylogger" sistemi işə düşərək, istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funksiya da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistem də yaradılıb ki, onunla səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür. Proqram təminatı "E-Box" şirkətinin texniki dəstəyi ilə hazırlanıb.
Noyabrın 1-də Hökumət Evinin akt zalında www.kidsafe.az proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq dövlət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Təqdimatda çıxış edən dövlət komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, uşaqlar da bizim kimi bütün kompüter yeniliklərini – sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir: "Bu çox normaldır, onlar da inkişaf edir, daha yeni və son texnologiyalardan istifadə etməyi öyrənirlər. Bu, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur. Və bu məlumatlardan bizim övladlarımız, uşaqlar da istifadə edir. Onda biz düşünməliyik. Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. İnternetin istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalırlar. Uşaqlar valideynlərin diqqətindən yayınaraq şiddət, müxtəlif pis vərdişlər aşılayan videolara asanlıqla çıxış əldə edirlər. Bu isə uşaqlarda hələ kiçik yaşlardan aqressiya, şiddətə meyillilik və mənəvi travmalara gətirib çıxarır”.
Komitə sədri bildirib ki, uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin zərərli kontnetdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan "informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü, "Kapital Bank”ın dəstəyi ilə "Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan "Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək.
Yaradılan proqramın uşaqların zərərli informasiyalardan qorunmasında, onların təhlükəsizliyinin təmin edilməsində nə dərəcədə effektiv olacağını mütəxəssislərlə müzakirə etdik.
Sosioloq, "Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı proqramın çox lazımlı və uzun müddətdir ki, cəmiyyətdə ehtiyac duyulan bir yenilik olduğunu bildirdi: "Günümüzdə internetdən istifadə qaçılmazdır. Xüsusilə də uşaqları kompüterdən, planşetdən uzaq tutmaq müşkül məsələdir. Deyərdim ki, internetdən istifadə yaşının da getdikcə aşağı düşməsi belə bir proqramın yaradılmasını tələb edirdi. Həm bir valideyn, həm də mütəxəssis kimi bu addımı çox yüksək qiymətləndirirəm. Məncə, bundan sonra valideynlərin müəyyən qədər də olsa, ürəkləri rahat olar. Çünki uşaqların internetdən ayrı qalması çox çətin məsələdir. Bu proqram vasitəsilə, ən azı, uşağın nə tip informasiyalar qəbul etdiyini bilmək və bunun qarşısını almaq imkanımız olacaq. Sadəcə proqramın işləmə mexanizmi bir az qaranlıq qaldı. Proqramın ödənişsiz olmasının tərəfdarıyam”.

"Qadın və Uşaq Akademiyası” İctimai Birliyinin sədri Sevinc Fədai qeyd etdi ki, bu proqramın təminatı uşaqların qorunmasına hesablandığı üçün faydalıdır: "Ancaq bir məqam var, yaxşı olardı ki, övladına nəzarəti ciddiyə almayan valideynlərin bur proqram barədə məlumatlanması təmin edilsin, geniş şəkildə təbliği üçün bütün vasitələr işə salınsın. Yəni bu proqramın tətbiqi zərurətə çevrilsin. Bütün hallarda uşağa valideyn nəzarəti vacibdir. Onların nəyi izlədiyini, nəyi axtardığını və bunun hansı ehtiyacdan, maraqdan doğduğunu bilməlidirlər. Biləndən sonra da, onlarla bu barədə söhbətlər etməli, bu kimi materialların niyə zərərli olduğunu məhz özləri izahını verməlidirlər. Qarşısını almaq üçün nələr edilməlidirsə, o barədə ilk olaraq özləri məlumatlı olmalıdırlar”.
Birliyin sədri qeyd etdi ki, bu gün bir çox valideyn istər işin çoxluğundan, istər biganəlikdən, telefonu, uşağı sakitləşdirməyin, onun nadincliklərindən yaxa qurtarmağın yolu kimi bilir və əlinə telefona verərək özündən uzaqlaşdırır: "Nəyə baxdığı, nə qədər baxdığı onu düşündürmür və sonra ortaya çıxan problemlərin öhdəsindən gələ bilmir. 3 yaşlı oğlumun izlədiyi məntiq oyunları, rəngləmə proqramları, eləcə də, cizgi filmlərinin, onun nitqinin, məntiqi qabiliyyətinin inkişafında müsbət təsirini görürəm. Ancaq bu inkişaf təkcə həmin vasitələrlə yox, həm də birbaşa valideynin uşağı ilə etdiyi söhbətlər, danışdığı nağıllar, oynadığı oyunlar sayəsində olmalıdır. Yəni deyək ki, uşağa ümumiyyətlə telefon verməyin, bu, ona tamamilə ziyandı, yox. Sadəcə, nəyi və nə qədər izlədiyinə mütləq nəzarət edilməlidir. Bütün hallarda bu nəzarəti uşaq özü də hiss etməlidir.
Sözügedən proqram da valideynlərin işini xeyli asanlaşdıracaq və narahatlığını aradan qaldıracaq. Ancaq daha çox uşaqlarını nəzarətsiz qoyan, bu kimi yeniliklərdən xəbərdar olmayan valideynlərin bu istiqamətdə ciddi şəkildə bilgiləndirilməsi çox yaxşı olardı. Valideyn bilməlidir ki, övladının ümumilikdə psixoloji sağlamlığı, gələcəyi onun az yaşda hansı mühitdə böyüməsindən, nələri eşidib, gördüyündən çox asılıdır”.

Günel Azadə

banner

Oxşar Xəbərlər