Azərbaycanda təkrarolunmaz hisslər yaşayan almaniyalı - Əcnəbi
O
da digər əcnəbilər kimi ölkəmizi sevir. Qonaqpərvərlik, tolerantlıq, Azərbaycanda
qorxusuz yaşamaq, dadlı mətbəx… Bu kimi
xüsusiyyətlər onu ölkəmizə bağlayır. Amma ən əsas məqam sevdiyi azərbaycanlı
qızdır. Məhz o qıza görə, təhsilini bitirsə də, Azərbaycandan "qopa” bilmir.
"Əcnəbi”
rubrikamızın qonağı Almaniya vətəndaşı Aleksej Andruşkindir. Özü haqqında məlumat
verən həmsöhbətimiz deyir ki, atası alman, anası rus əsillidir: "30 yaşım var.
Qazaxıstanın Pavlador şəhərinin yaxınlığındakı qəsəbədə doğulmuşam. Uşaqlığımın
bir neçə ili orada keçib. Sonra ailəmlə birgə Rusiyanın sərhədə yaxın qəsəbəsinə
köçmüşük. 2001-ci ildən isə Almaniyada yaşayırıq. Atam alman, anam isə
rus əsillidir. Almaniyada əvvəlcə balaca bir şəhərdə yaşayırdıq. Təhsilimlə
bağlı böyük şəhərə köçəsi oldum. Hazırda Drezden və Berlin arasında Kottbus şəhərində
qardaşımla bir qalırıq. Yaşadığımız şəhərin təxminən 100 min əhalisi
var”.
"Həm oxudum, həm təcrübə
keçdim”
Aleksej
Azərbaycana Erasmus mübadilə proqramı vasitəsilə gəlib. Deyir ki, Almaniyada
işlədiyi müddətdə daha geniş təcrübə və biliyə yiyələnmək üçün bu proqrama
qatılıb: "Həmin şirkətdə mexaniki mühəndislik peşəsi üzrə işləyirdim. Amma mən
həmişə nələrisə öyrənmək, yeni bilik və vərdişlər əldə etmək marağında
olmuşam.Bu səbəbdən uzun müddət Azərbaycanda qaldım, həm oxudum, həm də təcrübə
keçdim”.
Aleksejin
sözlərinə görə, proqrama müraciət etməsinin səbəblərindən biri, heç vaxt görmədiyi
və tanımadığı bir ölkəni görmək, gəzmək imkanı idi: "Azərbaycan mənim üçün çox
maraqlı ölkə idi. Bilirdim ki, tam fərqli bir mədəniyyətlə tanış olacağam. Və təbii ki, Azərbaycanda insanların necə olduqlarını, eləcə
də, təhsilin səviyyəsini öyrənmək istəyirdim. Həqiqətən bu ölkənin mənə qatqısı
gözlədiyimdən də böyük oldu. Ölkə haqqındakı fikirlərimi dəyişdi və öyrəndiklərim
çox oldu. Azərbaycana gəlməmişdən əvvəl Almaniyada təhsil alan qız dostumla
görüşüb söhbət etdik. Azərbaycanlı idi. Ölkəniz barədə ondan məlumat
aldım.Azərbaycan barədə heç nə təsəvvür etmirdim və öz gözlərimlə görmək
istəyirdim”.
"Heç vaxt düşünmürdüm ki,
Azərbaycanda kimsə mənə pislik edər”
Əcnəbi
müsahibimizin sözlərinə görə, Azərbaycanda ən çox sevdiyi nüans burada əcnəbinin
belə, öz ölkəsindəki kimi qorxusuz yaşamasıdır: "Azərbaycana ilk gəldiyimdə
insanların tanımadığı şəxslərə belə, tolerant yanaşması, kömək etməyə
çalışmasını gördüm və bu, məni çox təəccübləndirdi. Avtobusda, metroda gənclərin
yerlərini böyüklərə, yaşlılara verməsini ilk dəfə görürdüm . Və insanlarınızın
belə xoş münasibətini görəndə, heç vaxt düşünmürdüm ki, Azərbaycanda kimsə mənə
pislik edər, yaxud oğurluqla rastlaşaram. Öz ölkəmdəki kimi sərbəst idim. Ən əsası,
qorxu-hürküsüz, istədiyim saatda şəhərə çıxa bilirdim”.
"Azərbaycanda təhsil fərqli
və bir az da çətindir”
Digər
əcnəbilər kimi Aleksejin də çətinliyi ünsiyyətlə bağlı olub: "Azərbaycanda
insanlarla ünsiyyətim dil baxımından bəzən çətin alınırdı. Onlarla nə rus
dilində, nə də alman dilində ünsiyyət qura bilirdim. Ancaq metro, yaxud hansısa
məkanın ünvanını soruşanda, məni anlayıb köməklik edirdilər. Hətta soruşduğum
ünvana kimi mənimlə birlikdə gedirdilər. Bir dəfə Ukraynadan olan şəxs mənə kömək
etmişdi. Rus dilində biri ilə ünsiyyət qura bildiyim üçün özümü çox xoşbəxt
hiss edirdim. Əksərən də, evində kirayə yaşadığım şəxs mənə bütün işlərimdə köməklik
edirdi”.
Aleksej
ölkəmizdə yaşadığı müddətdə Almaniya üçün darıxmayıb. Deyir ki, dərslərin
ağırlığından darıxmağa vaxtı olmayıb: "Azərbaycanda olanda, başım təhsilə o qədər
qarışmışdı ki, ev üçün darıxmırdım. Ancaq son həftələr artıq darıxmağa
başladım. Onu da deyim ki, Azərbaycanda təhsil fərqli və bir az da çətindir. Müəllimlərim
hər zaman mənə kömək edib. Eləcə də, qrup yoldaşlarım dəstəyini əsirgəmirdilər.
Almaniyada professorlar tələbəyə kömək etməyə can atmırlar. Vaxt azlığından
şikayətlənirlər. Ona görə də, tələbəyə kömək üçün zaman ayıra bilmirlər”.
"Gözümə yaxşı görünən yeməklərdən
sifariş verirdim”
Təbii
ki, Azərbaycan mətbəxi Aleksejin də ağız dadına uyğun olub. Müsahibimizin sözlərinə
görə, yeməklərimizə o qədər etibar edib ki, hansı yeməyin şəklini bəyənibsə,
sifariş edib: "Azərbaycanın mətbəxini çox xoşlayıram. Milli yeməklərin hamısını
dadmışam. Restorana gedəndə, əsasən gözümə yaxşı görünən yeməklərdən sifariş
verirdim.
Eyni
zamanda, Bakıda binaların arxitekturasını çox bəyənirdim. Hava limanı möhtəşəmdir.
Qədim Bakı sayılan İçərişəhərdə gəzməkdən zövq alırdım. "Azdrama”da tamaşalara
baxmışam. Çox bəyənmişəm.
Təbii
ki, xoşlamadığım şeylər də olub. Amma qəbul edirəm ki, bütün bunlar hər bir
böyük şəhərin problem sayılır. Məsələn, həmişə avtobus və metro dolu olurdu. Dərsə
getmək üçün dayanacaqda avtobus gözləyirdim, avtobus gəlirdi, amma ona minmək
mümkün olmurdu. Və mən minə bilməyib, başqasını gözləməli olurdum. Eləcə də,
metroda eyni hal yaşanırdı. Mənə görə,
avtobusların planına uyğun zamanda gəlməməsi və dolu olması normal bir hal
deyildi, çünki Almaniyada belə bir şey yoxdur.
Orada avtobusun gəlmə saatı qeyd edilir və gecikmir də. Bir nüansı da
qeyd edim ki, mən küləkli havanı sevirəm. Bakı küləklər şəhəri olduğu üçün bəzən
çətinliklərim olurdu. Bizim regionda çox nadir hallarda Bakıdakı kimi küləkli hava ola bilər”.
"Azərbaycanlı qızla münasibət
barədə düşünməmişdim”
Aleksej
ölkəmizi o qədər sevib ki, hətta azərbaycanlı qızla evlənib, qohumluq əlaqələri
də qurmaq istəyir: "Azərbaycanlı qızlar gözəldirlər. Onlar avropalı xanımlardan
fərqlənirlər. Hətta Azərbaycanda tanış olub və sevdiyim bir xanım da var.
Düzünü desəm, Azərbaycana gəldiyimdə, azərbaycanlı
qızla hansısa bir münasibət barədə düşünməmişdim. Çünki sizin adət-ənənə,
mentalitet məsələləri barədə eşitmişdim. Eşitmişdim ki, azərbaycanlı
qızların əcnəbi oğlana ərə getməsinə
yaxşı baxılmır. Və buna hörmət edirəm.
Ancaq o qızla tanış olduqdan sonra bu düşüncənin hamıya şamil
olunmadığını öyrəndim. Sevdiyim qız Azərbaycanda yaşayır. Mən isə
Almaniyadayam. Uzaqdan uzağa münasibət saxlamaq çətin olur, çünki bir-birimiz
üçün çox darıxırıq. Onu ilk gördüyüm gün bəyənmişdim və düşündüm ki, bu, mənim
uzun zamandır axtardığım o qadındır. Ancaq onunla münasibətə başlamaq barədə
Almaniyaya geri döndükdən sonra qərar verdim.
Əvvəlcə dost olaraq yazışmağa başladım və əmin oldum ki, bu, axtardığım
xanımdır. Sevgimi etiraf etdim. Beləcə, hər şey başladı. İndi evlilik barədə
düşünürük. Mənim üçün xüsusi birinə çevrilib. Ailəm də çox yaxşı qarşıladı. Hətta
anam onu çox xoşlayır. Valideynlərim üçün mənim xoşbəxt olmağım önəmlidir, kimlə
ailə qurmağım deyil. Məhz o qadını yenidən görmək və sizin adət-ənənələrə uyğun
evlənmək üçün Bakıya yenidən qayıdacağam. Düşünürəm ki, həyatda uğurlu biriyəm.
O azərbaycanlı xanım da, həyatın qarşıma çıxardığı ən böyük şansdır”.
Aleksej
sonda Azərbaycanı sevdiyini vurğuladı: "Düşünürəm ki, Azərbaycan, Bakı ilə
bağlı unutmayacağım bir çox məqamlar qazandım, xatirələrim çoxdur. Çünki orada
yaşadığım hər şey yeni idi. Mədəniyyət və insanlar, orada gəzdiyim məkanlar, "Azdrama”,
Olimpiya stadionu, İçərişəhər, məscidlər...Bütün bunlar mənə təkrarolunmaz
hisslər yaşadıb”.
Aygün
ƏZİZ