• cümə, 29 Mart, 17:04
  • Baku Bakı 14°C

Azərbaycanda sahibkarlar dövlət zəmanəti ilə 145 milyon manat kredit alıb

15.10.20 16:01 705
Azərbaycanda sahibkarlar dövlət zəmanəti ilə 145 milyon manat kredit alıb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu il Fond sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi istiqamətində mühüm tədbirlər həyata keçirib. Mexanizm çərçivəsində cari il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 milyon manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, bu günə qədər zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 milyon manata qədər kredit əldə edib.Həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 19 milyon manata qədər nəzərdə tutulub.
Zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6% təşkil edib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2 400-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Fond zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılmasını artıq yekunlaşdırıb və elektron sistemi tam istifadəyə verib. Elektron sistem bütün prosesin tam avtomatlaşmasına, tələb olunan sənədlərin elektron qaydada real vaxt rejimində əldə olunmasına və qısa vaxt ərzində (5 iş günü) müraciətə baxılaraq qərar qəbul olunmasına imkan verir. Nəticədə, avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.
banner

Oxşar Xəbərlər