• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

24.06.20 14:45 1928
Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır
İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-сi ildönümüdür. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti ilə yanaşı, Silahlı Qüvvələrimizin şanlı tarixinə, keçdiyi döyüş yoluna nəzər salmağa çalışdıq.
- Cəlil müəllim, qarşıdan Silahlı Qüvvələrimizin 102-ci ildönümü gəlir.
- Ordu tariximizi 3 dövrə bölmək olar: Cümhuriyyət dövrü, sovet dönəmi və yeni müstəqillik dövrü.Azərbaycan ordusu 1918-ci ildə yaranıb və təəssüf ki, onun ömrü də Cümhuriyyətin ömrü kimi qısa olub. Lakin buna baxmayaraq, ordumuz böyük uğurlara imza atıb. Qısa zamanda 40 min nəfərlik ordu təşkil edilib. Qarabağda erməni qiyamının yatırılmasında, ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanm ordusu müstəsna rol oynayıb.Həmin vaxt Azərbaycan ordusunun Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələri olub. Ordumuz onların rəhbərliyi altında sərhədlərimizi müdafiə edib, qaçaqmalçılığa, erməni işğalına qarşı mübarizə aparıb. Lakin gənc Azərbaycan ordusu bolşevik ordusu qarşısında davam gətirə bilmədi. Fəqət Azərbaycan xalqının yaddaşında böyük qəhrəmanlıqları ilə yadda qaldı və bu gün də qürurla xatırlanmaqdadır.
- Bəs sovet dönəmində Azərbaycanda hərbi işə maraq hansı səviyyədə idi?
- Azərbaycan sovetlər dönəmində də ordu quruculuğu prosesinə öz töhfəsini verdi.1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstərdilər. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradıldı ki, bu diviziyalar böyük qəhrəmanlıqlara imza atdı. Azərbaycan hərbçiləri göstərdikləri igidliklərə görə sadəcə SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görüldü.Azərbaycanlıların sovet ordusunda aktivlik sərgiləməsi 60-cı illərdən başlayır. Bu dövrə qədər azərbaycanlılar əsasən təmir-tikinti işləri aparan hərbi hissələrdə xidmət edirdilər. Onlar çox vaxt dili bilmir, bu səbəbdən də strateji sahələrdə xidmətə cəlb edilmirdilər.60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sovet ordusunda azərbaycanlıların rolu artmağa başladı. SSRİ-də bir sıra ali məkəblər olsa da, azərbaycanlılar bu məktəblərə qəbul ola bilmirdi. Rus dilini bilməməkləri onların bu məsələdəki əsas çətinliklərindən biri idi. Heydər Əliyev bu məsələdə çox böyük əmək sərf etdi, xalqımız qarşısında tarixi bir xidmət göstərdi. O, SSRİ rəhbərliyi, Müdafiə Nazirliyi ilə danışıqlar apardı. Nəticədə, Azərbaycan gənclərinin bu ali məktəblərə konqurssuz qəbul edilməsinə nail oldu.Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu liseyi bitirən şəxslərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına xüsusi təkan verdi. Bu, Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı çoxsaylı xidmətlərindən biri idi.
- Azərbaycan ordusunun Qarabağ müharibəsi dönəmindəki fəaliyyətini necə qiymətləndirrisiniz?
- Qarabağ müharibəsi başlayanda Azərbaycanda faktiki olaraq ordu yox idi. Bir müddət könüllülər bu sahədəki boşluğu doldurmağa çalışdı. Daha sonra ordunun yardılmasına cəhd edildi. Hansı ki, həmin vaxt Rusiyada oxuyan zabitlərin bu orduya cəlb edilməsinə mane olur, müxtəlif əngəllər yaradırdılar. Xaricdə oxuyan, xidmət edən azərbaycanlı zabitlərə qarşı bir inamsızlıq var idi.Ordunun olmaması Azərbaycana çox böyük zərbə vurdu. Ermənilər torpaqlarımızın 20%-ni işğal etdi. Onlar bu məsələdə keçmiş sovet ordusunun imkanlarından da istifadə etdilər. Həmin dönəmdə düşmənə müqavimət göstərməsin deyə azərbaycanlılardan ov silahları belə yığılmışdı. Bütün bunlar təbii ki, Qarabağın itirilməsində başlıca rol oynadı.
- Bəs bu gün Azərbaycan ordusunun mövcud durumunu, döyüş hazırlığını necə dəyərləndirirsiniz?
- Azərbaycan ordusu bu gün dünyanın ən qüdrətli orduları sırasında yer tutub. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, ordu quruculuğu prosesinə böyük təkan verdi. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük investisiyaların cəlb olunmasına, iqtisadi gücünün artmasına, nəticədə Azərbaycan ordusunun müasir texnika, silah-sursatla təmin edilməsinə imkan verdi. Ölkəmizdə müasir hərbi hissələr, hərbi şəhərciklər yaradıldı.Bir müddət bundan öncə keçirilən hərbi təlimlər dünyada böyük maraq doğurdu. Bu təlimlərə NATO ölkələri də yüksək qiymət verdi. Ordumuzun dünyanın bir sıra ölkələrində sülhməramlı missiyasını həyata keçirdi və bu gün də keçirməkdədir.Bu gün ordumuzun arsenalında müasir texnikalar, hərbi təyyarələr, raket sistemləri mövcuddur.Bu gün ölkəmizdə ali hərbi məktəblər fəaliyyət göstərir. Lakin bizim kadrlar yalnız ölkəmizdə hazırlanmır. Bizim zabitlərimiz həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu böyük zərbə qüvvəsinə malikdir. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir.Bu gün Azərbaycan hərbçiləri faşizm üzəridə qələbənin 75-ci ildönümü münasibəti ilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bütün dünyaya Azərbaycan ordusunun gücünü, onun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz bu paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdi ki, bu da ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir.
- Cəlil müəllim, hərbçilərimizin sosial qayğılarının, mənzil-məişət problemlərinin həlli istiqamətində atılan addımları necə dəyərləndirirsiniz? Bu məsələdə səsləndirmək istədiyiniz hansısa təklif varmı?
- Ölkə başçısı orduya hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Orduda xidmət edən hərbçilərin sosial problemləri, mənzil-məişət məsələləri daim diqqət mərkəzindədir. Yeni hərbi şəhərciklərin salınması, ailələi zabitlərin mənzillə təmin olunması və s. bu sahəyə diqqətin böyük olduğunu göstərir.Zabitlərimiz ordudakı xidmətlərini başa vurandan sonra da mənzillə təmin olunurlar. Hesab edirəm ki, gələcəkdə onlarla dövlət qurumları arasında daha sıx əlaqənin təmin edilməsi, bu kimi problemlərin daha çevik şəkildə, qısa zaman ərzində həllinə səbəb ola bilər.Kiçik zabitlər 48, böyük zabitlər 53 yaşına qədər xidmət edirlər. Bunlar ehtiyata buraxılana yaxın, 6 ay öncədən hərbi hissə komandirləri, Müdafiə Nazirliyi rəhbərliyi bilir ki, bu müddətdən sonra nə qədər zabit ehtiyata buraxılacaq. Bu zabitlərin hansı rayonda məskunlaşacağı nəzərə alınmaqla, həmin rayonların icra hakimiyyətləri ilə danışmaq, onların mənzil problemini qısa zamanda həll etmək mümkündür. Düşünrəm ki, məsələlərin bu şəkildə təşkili zabitlərimizin mənzil probleminin daha effektiv həllinə gətirib çıxara bilər.Sonda bir daha Silahlı Qüvvələrimizi, əsgər, zabit və generallarımızı, həmçinin veteranlarımızı təbrik edirəm. Ümid edirəm ki, biz ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyik.
banner

Oxşar Xəbərlər