AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda neçə nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub?

Azərbaycanda neçə nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub?

Cəmiyyət
14 Oktyabr 2013, 10:07 1066
Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemindən istifadə edən vətəndaşların sayı artmaqdadır.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, sistemin tətbiq olunduğu 3 ay ərzində fond tərəfindən 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.

Oktyabrın 11-nə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 184 nəfəri Bakı şəhərində, 374 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.

Qeyd edək ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb. Bu sistem Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir.

Sistemin üstünlüyü ondan ibarətdir ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən "190-0 Cağrı Mərkəzi" nə zəng vuraraq real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir.

Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.