• cümə axşamı, 28 mart, 14:20
  • Baku Bakı 16°C

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir

31.07.20 10:15 2613
Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır.
AZƏRTACxəbər verir ki, builki Qurban bayramı dünyada davam edən pandemiya şəraitində qarşılanır. Uca Allahın yaratdığı insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Eləcə də bayramın keçirilməsi, qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).
Qeyd edək ki, dini qurban kəsmə mərasimi İslamdan da əvvəl olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Bu, İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda "Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı” da deyirlər.
Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin xatirəsi yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: "Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.
Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər”.
banner

Oxşar Xəbərlər