• çərşənbə, 24 Aprel, 12:04
  • Baku Bakı 27°C

Azərbaycanda macəra axtaran norveçli

14.03.17 11:30 6887
Azərbaycanda macəra axtaran norveçli
Dünyada insanlar arasında yeganə baryerin dil olduğunu deyir. Ona görə, dil öyrənilsə, ünsiyyət yaransa, insanlar bir-biri ilə rahat şəkildə dil tapırlarsa, artıq burada insanın hansı ölkədən olmasının fərqi yoxdur. O da bu prinsipi rəhbər tutaraq 7 ildir ailəsi ilə birgə ölkəmizin cənub bölgələrindən olan Lənkəranda yaşayır.Müsahibim Norveç vətəndaşı Knut-Erlend Rosvolddur. O, həm də Lənkəranda yerləşən Provitaz şirkətinin təsisçisidir.
- Dilimizdə çox yaxşı danışırsınız. Bura gələndən sonra öyrənmisiniz?
- Bəli, bura gələndən sonra öyrəndim, ünsiyyətdə olduqca isə zamanla daha da təkmilləşdirdim.
- Lənkəran ləhcəsini də yaxşı öyrənmisiniz deyəsən...
- Mən Azərbaycana gələndə ilk olaraq Lənkəranda yaşadım, ona görə dilinizi öyrənərkən oranın ləhcəsini də mənimsədim.
- Ölkəmizə gəlişinizin səbəbi nə oldu?
- Amerikanın bir təşkilatı məni ixtisasımla bağlı bura işə dəvət etmişdi. Burada ustalara bərpa olunan enerji, enerji qaynaqları haqda dərslər verməliydim. Çünki Azərbaycanda evləri boş daşdan tikirlər, izolyasiya yoxdur, evləri tikərkən enerjiyə qənaət üçün bir çox mexanizmlər nəzərə alınmır. Amma ustalar davamlı olaraq işlədikləri üçün bu cür dərslərə maraq göstərmədilər. Azərbaycanın günəşli ölkə olması mənim diqqətimi çəkmişdi. Norveçdə buradakı kimi günəş yoxdur. Mühəndisəm və özüm üçün günəş istilik sistemi yaratmışdım. İlk olaraq öyrənmək məqsədi ilə yaratsam da, sonra evdə işlədəndə gördüm effekti yaxşı olur. Birinci işim yaxşı getmədi deyə, o iş üçün lisenziya da ala bilmədim. Sonra günəş istilik sistemlərinə marağımla bağlı iş qurmaq haqda düşündüm. Beləliklə, 2013-cü ildə günəş istilik sistemlərinin istehsalına başladıq. İndi isə Bakıda mağazamızı açmışıq. Əsasən bərpa olunan enerji sistemləri satacağıq. Kənd təsərrüfatı ilə bağlı bərpa olunan enerjidən istifadə ilə bağlı layihələr verəcəyik. Saman sobaları var. Suyu samanla isitmək mümkün olacaq. Qazın qiyməti qalxdığı üçün alternativ enerjiyə maraq artacaq.
- Alternativ enerji ölkəmizdə çox uzun tarix keçməmiş sahədir...
- Alternativ və Bərpa olunan Enerji Agentliyi ilə əlaqəmiz var. Bizim şirkət özəl olsa da, yaxşı münasibət göstərirlər, tövsiyələrini verirlər.
- Azərbaycanın alternativ enerji ilə bağlı potensialı necədir?
- Azərbaycanda təzə bir sahə olsa da, potensial böyükdür. Neft, qazdan əvvəl Azərbaycanda sovet vaxtı hamı bərpa olunan enerji istifadə edib. Burada əvvəllər çox dəbdə olan şüşəbənd evlər bərpa olunan enerjidən istifadə etmək üçündür. Bu cür evlərin istiqaməti cənuba doğru olur, qabaq hissə isə şüşəbənd olmalıdır ki, ora enerji yığıb arxa otaqlara ötürülsün. Sovet vaxtı hamı evlərini bu formada yığıb. Sonra hər yerə qaz çəkilib və çox ucuz qiymətə əhaliyə satılıb. Kubla yox, əraziyə görə pul ödənilib. Ona görə kim nə qədər istəsə istifadə edib, amma cüzi məbləğdə pul ödəyib. Sonra fikirləşiblər ki, qaz ucuzdur və ömürlük olacaq. Ona görə hamı qazla evini isitməyə çalışıb. Qaz ucuz satıldığı üçün evi isitmək problemi də olmayıb. Buna görə sonradan tikintidə evlərin isti olmasını o qədər də nəzərə almayıblar. İndi isə qaz kubla satıldığı üçün evləri isitməyə çox qaz gedir və bu da göyə uçan pullar deməkdir. Bu səbəbdən evlərin tikintisində istilik məsələsini nəzərə almaq lazımdır. Qənaət etmək üçün bir də alternativ enerji sistemlərindən istifadə edilməlidir. Hər evdə istifadə etmək olar və sərfəlidir. Hovuzları qızdırmaq üçün 10-15 panel çox vaxt kifayət edir. Məsələn, 150 litr suyu 60 dərəcə qızdırmaq üçün bir panelimiz 280 manatdır. Amma bu 10 və daha çox illər işləyəcək.
- Burada işçiləriniz kimlərdir?
- Əsas işçilər azərbaycanlılardır. Burada mütəxəssisləri özümüz yetişdiririk. Kurslar keçirik, sertifikat veririk. Hələlik 3 gün kurs var, kadrlarımız hamısı keçib. Kim bizimlə işləmək istəsə o kursları keçməlidir. Enerji sistemləri haqda bir az daha ətraflı məlumat almaq lazımdır. Onu hamı bacarmır, bir az çətindir. Amma günəş istilik sistemləri çox çətin deyil, çox adam öyrənib məşhur ola bilər. Universitetlərlə yaxşı münasibət yaradırıq. Tələbələrə seminarlar keçəcəyik. Bizimlə distributor olmaq istəyən şirkətlərə seminar keçəcəyik. Kim maraqlanırsa, bu işlə məşğul olursa, bizə yaxınlaşa bilər. Ev tikinti, kənd təsərrüfatı, hovuz, dam tikən və s. şirkətlər bizə partnyor ola bilər. Onlara bizim panelləri öz müştərilərinə təklif etməkdə kömək edə bilərik.
- Azərbaycanda çalışmaq sizə rahatdır?
- Azərbaycana rahat həyat üçün yox, maraq axtardığım, iş görmək istədiyim üçün gəlmişəm. Məqsədim hansısa işin əziyyətini çəkib nə isə yaratmaq olub. Norveçdə rahatlıq çox yaxşıdır. Amma rahat həyatın marağı yoxdur. Burada hiss edirəm ki, kiməsə iş verə bilirəm, işimlə nə isə faydam olur. Ona görə bura hələ ki mənə maraqlıdır. Əziyyət axtarmıram, amma burada həyatım maraqlı keçir. Yeni adamlarla, adət-ənənələrlə tanış olmaq mənə maraqlıdır.
- Ailənizin bura uyğunlaşmaq çətinliyi olmadı?
- Lənkəranda yaşadığımız məhəllə çox yaxşıdır, sakit yerdir, uşaqlarımız azərbaycanlı uşaqlarla oynayırlar, burda bağçaya da gediblər. Bircə məktəbə getməyiblər. Dərslərini evdə özümüz keçirik. Bakıda yaşasaydıq, burda məktəblərə qoyardım. Lənkəranda dərs keçmə üsulu bir az fərqlidir deyə, hələ ki evdə özümüz həll edirik.
- Ölkələr fərqli olduğu üçün bura gələndə yəqin ki müqayisələr aparmısınız özünüz üçün...
- Burada çox adam fikirləşir ki avropalılar soyuq adamlardılar. Amma əslində norveçlilər istiqanlıdırlar. Mənə görə millətlər, insanlar arasında ən böyük sərhəd dildir. Dil öyrənəndən sonra o sərhədi keçirsən, insanlarla münasibət qurursan və görürsən ki insan elə insandır. Mən azərbaycanlıları özümə yaxın görürəm. Amma təbii ki ölkələrdən dolayı adətlər, yaxud yerli nələrsə olur. Məsələn, "ayıb”, "olmaz” söhbəti Azərbaycanda çoxdur. Bizdə bu kimi şeylər o qədər də aktual deyil. Xüsusilə də Lənkəranda adət-ənənə böyük rol oynayır. Cavanlara bizdə daha çox azadlıq verilir. Lənkəranda qadınların həyatı bizim ölkədə ilə müqayisədə çox fərqli keçir. Sizdə çox şeyi kişilər idarə edir. Bizim ölkədə nazirlərin demək olar ki, 50 faizdən çoxu qadınlardır. Azərbaycana qadınların evdə oturduğu ölkə demək də olmaz. İşləyən, fərqli sferalarda çalışan qadınların sayı da kifayət qədərdir. Tam fərqli nəsə olduğunu deyə bilmərəm, amma müəyyən nüanslarda müxtəliflik var.
- "Ayıb”, "olmaz” sözünü çox eşitdiyinizi dediniz. Siz də bu qaydalara riayət edirsiniz?
- Uşaqlar hələ balacadır. Amma ola bilsin ki, qızım böyüyəndə ona Lənkəranda yaşamaq, bura uyğunlaşmaq ona çətin olsun. Amma sizin qaydalara hörmətlə yanaşırıq, Lənkəranda heç kim demir ki, xaricilər bizim adət-ənənələrə hörmət etmir. Çalışıram ki, heç kimlə konfliktimiz olmasın.
- Bəs bizim insanların xarakterində sizə qəribə gələn nəsə oldumu?
- Bu, çox qəliz sualdır. Bizim uşaqlar bağçaya gedirlər. Orda kiminsə uşağı bizimkini vuranda bunu öyrədirlər ki, sən də onu vur. Bizdə belə şey qəti olmaz. Bağçada həmin vuran uşağa aşılanmalıdır ki, üzr istəsin, səhvini etiraf etsin. Bir də Azərbaycanda tez küsmək söhbəti var. Bir dəfə münasibətdə gərginlik olursa, küsürlər, sonra uzun müddət danışmırlar. Bizdə belə şeylər çox deyil. Bu çox pisdir, gərginlik yaradır. Bizdə də olur, amma deyirlər ki, düzgün olan bağışlamaqdır. Əlbəttə, çətindir, amma çalışmaq lazımdır. Burada bəzən deyirlər ki, bağışlamaq pisdir, sonra həmin adam yenə eyni şeyi edəcək. Hətta bəzi məsələlərdə bağışlamağı ayıb da bilirlər. Bizdə isə bağışlamaq, şans verilməsi məsələsi daha önə çəkilir. İnsanı bağışlayıb ona şans verirsən. Biznes məsələsində bu münasibətlərə mane olur. Biznes yaxşı əlaqələr tələb edir.
- Burda sizdən küsən olub?
- Olub bəlkə də. Amma düzü, xəbərim yoxdur, mən küsülü qalmıram deyə, çox da fikir vermirəm.
- Lənkəranda yaşayırsınızsa, yəqin ki ləvəngini də dadmamış olmazsınız...
- Əlbəttə, tez-tez yeyirik. Lənkəranda yaşayıb ləvəngi yeməmək olmaz.
- Xanımınız bizim yeməkləri bişirə bilir?
- Bilir, o özü də bişirməyi sevir. Biz Azərbaycan və Norveç mətbəxini birləşdirmişik. Bəzi Norveç yeməkləri üçün lazım olar ərzaqları burda tapa bilmirik. Ona görə nə tapırıqsa, onları istifadə edirik. Bəzi yeməkləri sizin mətbəxdəki kimi də alındıra bilmirik. Ona görə özümüz üçün ortaq bir mətbəx yaratmışıq. Amma dolma, bozbaş, plov bişirir. Sizin yeməklər çox fərqlidir. Üstünlüyü Azərbaycan yeməklərinə verirəm. Norveç yeməkləri arasında bəyəndiklərim çoxdur, amma ümumi qənaətim odur ki, sizin yeməklər daha yaxşıdır.
- Amma bizim yeməklər yağlı olur, kalorisi çoxdur...
- Elə ona görə sevirəm də. Nə qədər yağlıdırsa, o qədər dadlı olur (Gülür)
- Bəs toylarımızda olmusunuzmu?
- Hə, burdakı toylarda musiqiyə, rəqsə çox yer verilir. Bizim toylar isə sakit keçir. Burda ən balaca toyda 500 adam olur, bizdə 50 nəfər dəvət edilir. Burda rəqsə çox yer verilir. Bizdə çıxışlar toyun əsas hissəsini təşkil edir, bəzən kimsə yarım saat çıxış edir, hamı da onu dinləyir. Dadlı yeməklər bizim toylarda da var, amma sizdə çeşid həddindən artıq çoxdur. Bir-bir süfrəyə yeni yeməklər gətirilir. Şadlıq evləri xidməti də bizdə burdakı qədər geniş deyil. Toyları daha sakit məkanda edirik. Oteldə, yaxud uyğun bir yerdə. Bizdə də toylara pul gedir, amma sizdəki qədər yox. Bizdə cibə uyğun edirik, çox az pul gedir. Burda borc götürürlər, 1-2 il aldıqları maaşı borcu qaytarmağa xərcləyirlər. Biz toya 10 000 pul xərcləmirik.
- Bizim toylarda rəqs etmisinizmi?
- Yaxın dostların toyu olanda sizin musiqilərə də rəqs edirəm. Sizin qədər yox, amma elə-belə rəqs edirəm.
- Adət-ənənələrimizdən sizə ən maraqlı gələn hansı oldu?
- Novruz bayramı axşamı adamların bir-bir qohum-qonşunun evinə pay aparıb 10 dəqiqə oturub çıxması. Bayram günü çox evlərə qonaq gedib, tez də çıxırlar. Maraqlı bir adətdir.
- Novruz bayramı şəkərbura, paxlavasız olmaz. Bu şirniyyatları sevirsinizmi?
- Əlbəttə, onları kim sevmir ki?
- Gələcəkdə də fəaliyyətinizi burada davam etdirəcəksiniz?
- Bu işlərə bağlıdır. Burda maraqlıdır. Amma uşaqlar böyüyəndə ola bilsin Norveç məktəbinə gedəcəklər.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər