• cümə, 19 Aprel, 14:53
  • Baku Bakı 25°C

“Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə aparılır”

11.01.17 10:30 3323
“Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə aparılır”
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası bu günlərdə özünün növbəti illik hesabatını açıqlayıb. 2016-cı ilin Azərbaycan üçün geniş miqyaslı iqtisadi islahatlar ili olduğu vurğulanan hesabatda qeyd olunub ki, ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və antikorrupsiya təcrübəmiz öz innovativ xarakteri ilə seçilir. Bildirilib ki, ötən ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilib, geniş miqyaslı islahatlar həyata keçirilib.

Hesabat ilində xüsusən gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirildiyi vurğulanıb. Hesabatda diqqətə çatdırılıb ki, 2016-cı ildə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və bələdiyyə qulluğuna qəbulun müsabiqə, həmçinin şəffaflıq əsasında həyata keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilib. Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsi təmin edilib. Müəllimlərin əmək haqları artırılıb və sosial təminatları gücləndirilib. Dövlət orqanları tərəfindən informasiyanın əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər tam icra edilib.

Hesabatda qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində "ASAN xidmət” mərkəzlərinin əhatəsi və fəaliyyət istiqamətləri genişləndirilib, 13 milyondan çox şəxs "ASAN xidmət” mərkəzlərinə müraciət edib və vətəndaş məmnunluğu əmsalı 98 faizə yaxın olub. Eyni zamanda, "ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə "ASAN xidmət” indeksi yaradılıb. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumət Platforması yaradılıb və fəaliyyəti üçün zəruri dəstək təmin edilib. Hesabatda o da bildirilib ki, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb. "Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu "Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. "Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan və nəticələri vətəndaşların mövqeyini əks etdirən "2016-cı il Qlobal Korrupsiya Barometri” ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Hesabatın nəticələri göstərib ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətin üzləşdiyi əsas problemlərdən hesab etmir. Qeyd olunub ki, Azərbaycanın göstəricisiAvropa İttifaqı(68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır.

Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi vəBMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib. Hesabatın sonunda vurğulanıb ki, 2016-cı ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilib və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilib. Bu tədbirlər, eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlayıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya Milli Məclis tərəfindən təyin olunmuş nümayəndə, millət vəkili Bəxtiyar Əliyev hesabatda əks olunanlarla bağlı fikirlərini "Kaspi”yə bölüşərək deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun qəbul edildikdən sonra ölkə başçısı tərəfindən bir neçə dövlət proqramı təsdiqlənib. O, həmin dövlət proqramlarından irəli gələrək, tədbirlər planının hazırlandığını, ona uyğun olaraq da mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, həm dövlət proqramında, həm də tədbirlər planında ilk növbədə institusional islahatlar yer alıb və onlar uğurla həyata keçirilir: "Biz bu tədbirlərin nəticəsini artıq görməkdəyik. Korrupsiya ilə mübarizə çərçivəsində birbaşa bu amili doğuracaq səbəblərə qarşı mübarizə aparmaq zəruridir. Korrupsiyaya şərait yaradan səbəblərin meydana çıxmasına imkan vermək lazım deyil. Bunun üçün də qanunvericilik bazası daha da möhkəmləndirilir. Demək olar ki, bu istiqamətdə mühüm işlər görülüb. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılır. Artıq əhalinin korrupsiyaya qarşı dözümlülük səviyyəsi də kifayət qədər yüksəkdir. Burada ictimai təşkilatların, medianın rolunu da xüsusilə qeyd etmək lazımdır. Qeyd edilən sahədə mövcud nöqsanların mütəmadi işıqlandırılması, əhalinin maarifləndirilməsi, insanların münasibəti dövlət tərəfindən təsirli tədbirlərin həyata keçirilməsinə kifayət qədər köməklik göstərib”.

Millət vəkili Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımların beynəlxalq aləmdə müsbət nümunə kimi təqdim edildiyini də vurğulayıb. O, buna misal olaraq, ASAN Xidmət modelini göstərib: "ASAN Xidmət modeli Azərbaycan brendi olmaqla korrupsiyaya qarşı mübarizənin, cəmiyyətdə şəffaflığın, təmizliyin, bərabərliyin təmin olunması nümunəsidir. ASAN Xidmət modelinin bir sıra beynəlxalq təşkilatlarda, xarici dövlətlərdə təqdimatı keçirilib. Bu model dünyada analoqu olmayan qabaqcıl təcrübə kimi qəbul edilib, yüksək qiymətləndirilib. Artıq bu təcrübə bir neçə ölkə tərəfindən öyrənilir və həmin ölkələrdə bu modelin reallaşdırılması üçün ASAN Xidmətlə əməkdaşlıq edilir”.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hesab edir ki, məhz iqtisadi inkişaf olan yerdə korrupsiyaya qarşı mübarizə aparıla və bunun səmərəsini hər kəs görə bilər. Ekspert deyib ki, iqtisadi sabitlik olmayan, xaos hökm sürən ölkələrdə korrupsiyaya qarşı hər hansı effektiv mübarizədən danışmağa dəyməz: "Heç uzağa getmədən, Ukraynada cərəyan edən prosesləri və son illər bu ölkədə korrupsiyanın çiçəklənməsini misal gətirmək olar. Amma Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar korrupsiyaya qarşı mübarizəyə təkan verir. Bütövlükdə korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərin səmərəsini insanlar hiss etməkdədirlər. Biz aşağılarda, yəni məişət səviyyəsində korrupsiyanın aradan qalxmasını tədricən hiss edirik. ASAN Xidmət mərkəzlərinin yaranması, ayrı-ayrı xidmət sahələrinin də buraya daxil edilməsi aşağılarda rüşvətin, korrupsiyanın aradan qalxmasına səbəb olub. Təsəvvür edin, dünənə qədər hər hansı sənədi əldə etmək üçün əsassız get-gələ salınan, süründürməçiliklə üzləşən, dolayısı ilə rüşvət verməyə məcbur edilən vətəndaş, indi həmin sənədi ASAN Xidmət mərkəzlərinə müraciət etməklə, qısa zamanda əldə edə bilir. Bunun kimi bir çox faktları sadalamaq olar. Təbii ki, bu, korrupsiya və rüşvətə qarşı effektiv mübarizə tədbiridir, əhali tərəfindən də razılıqla qarşılanır. Bütün bunlar hər kəsin gözləri qarşısında baş verən hadisələrdir. Belə tədbirləri nəzərə alaraq hesab edirəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar düzgündür, səmərəlidir. Azərbaycan prezidentinin son illər bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi mühüm dövlət sənədləri də onu deməyə əsas verir ki, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində ən yüksək səviyyədə iradə nümayiş etdirilir, mühüm işlər görülür. Komissiyanın açıqladığı illik hesabatda əks olunan faktlar da bunu bir daha təsdiq edir”.

QHT sədri V. Mövsümov korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində şikayət edən vətəndaşların təhlükəsizliyinin təmin olunması, qorunması istiqamətində görülən işləri də müsbət qiymətləndirib. Deyib ki, əgər vətəndaş təhlükəsizliyindən, dövlətin, qanunların təminatından arxayın olmasa, korrupsiya, rüşvət halına dair şikayət etməkdən çəkinər. Ekspertin fikrincə, vətəndaşın qeyd edilən sahədə qorunması korrupsiyaya qarşı mübarizə tədbirlərində insanların aktiv iştirakına böyük stimul yaradır: "Bir məqamı da unutmaq olmaz ki, dövlət, iqtisadiyyat inkişaf etdikcə, yeni modellər meydana gəldikcə, korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlərə də ehtiyac duyulur. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə mütəmadi olaraq yeni mexanizmlərlə zənginləşdirilməlidir. Dövlət idarəetmə orqanlarının, eləcə də ayrı-ayrı sahələrdə idarəetmənin təkmilləşdirilməsinə daim ehtiyac var”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər