AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə mexanizmi formalaşdırılıb

Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə mexanizmi formalaşdırılıb

İqtisadiyyat
02 Oktyabr 2013, 09:57 1129
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edib.

Hesabatda Azərbaycanda korrupsiyaya qarış mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib. Hesabatda Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN – Xidmət” Mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilir. Azərbaycanda korrupsiya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir.

Qeyd edək ki, bu il iyulun 9-da “Transparency İnternational” təşkilatının açıqladığı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını qeyd etmişdi. Həmin hesabatda da qeyd edilirdi ki, Azərbaycanda bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb. Azərbaycanda respondentlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68% respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22% orta göstəricisindən 3 dəfə artıqdır.
Bütün bunlar Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir. Bir daha sübut olunur ki, Azərbaycan iqtidarı ölkədə korrupsiyanın qarşısının alınması, onun səviyyəsinin əsaslı şəkildə aşağı salınması üçün ortaya ciddi siyasi iradə qoyub. Bununla bağlı bəzi dairələr tərəfindən ortaya atılan iddiaların heç bir əsası yoxdur. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə kağız üzərində deyil, çox ciddi şəkildə əməldə aparılır. Onun sözlərinə görə, korrupsiyanı ancaq bir element kimi qəbul etmək düzgün deyil: “Korrupsiya bir qayda olaraq dövlət quruluşunun qüsurlarından, yaxud məsələyə soyuq yanaşmadan yaranır. Azərbaycanda isə aparılan hüquqi və iqtisadi islahatlar, ilk növbədə dövlət başçısının korrupsiyaya çox ciddi yanaşması öz nəticəsini verməkdədir. Bu baxımdan ilk növbədə “elektron hökumət” layihəsi, “bir pəncərə” sisteminin tətbiqi, sahibkarlıq üçün tələb olunan sənədlərin sayının azaldılması korrupsiyanın aşağı düşməsinə səbəb olur”.

A.Mirzəzadə qeyd edib ki, son dövrlərdə 30-a qədər xidməti özündə birləşdirən “ASAN xidmət”in yaradılması ölkədə böyük marağa səbəb olub. “Hər gün 10 minlərlə insan “ASAN xidmət”in rayon strukturlarından özlərinə lazım arayışı alır, müvafiq xidmət görürlər. Gələcəkdə bunun daha da artacağı gözləniləndir. Azərbaycanda korrupsiya ilə mübarizəni beynəlxalq təşkilatlar, QHT-lər də qiymətləndirməkdədir”-deyə millət vəkili diqqətə çatdırıb.

A.Mirzəzadə korrupsiyaya qarşı aparılan mübarizəni, həmçinin buna qiymət verən beynəlxalq təşkilatları gözardı edən müxalifətin “korrupsiya ittihamları”na da münasibət bildirib. Millət vəkili hesab edir ki, müxalifət Azərbaycanda heç bir işin görülməməsində maraqlıdır. “Çox istəyərdilər ki, heç bir fəaliyyət olmasın, islahatlar aparılmasın, onların nəticələri görünməsin. Onlar vəziyyət nə qədər pis olarsa hökumətə pis olacağını və özlərinin hakimiyyətə gələcəyini düşünürlər. Lakin hesab edirəm ki, onların bir çox istəkləri kimi bu da həyata keçməyəcək və Azərbaycan bu sahədə apardığı işləri daha da yüksəldəcək”-deyə millət vəkili diqqətə çatdırıb.
Millət vəkili Azay Quliyev də müxalifəti korrupsiya mövzusunu istismar etməkdə ittiham edib. Onun sözlərinə görə, bu gün Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə aparır və konkret addımlar atır: "Müxalifət də deyir ki, mən də gəlib korrupsiyaya qarşı mübarizə aparacağam. Yəni buradan görünür ki, bugünkü müxalifət korrupsiya mövzusunu istismar etməklə məşğuldur və bu gün müxalifət sadəcə olaraq bu həssas mövzudan faydalanmaqla insanlardan müəyyən mənada səs qoparmaq istəyir".

Deputat hesab edir ki, son illər ərzində Azərbaycan korrupsiya ilə mübarizədə çox ciddi uğurlara imza atıb: "Bu siyasət üç istiqamətdə aparılır. Birinci istiqamət - proflaktik tədbirlərin görülməsi və korrupsiya hallarının yerindəcə aşkarlanıb qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsidir. Azərbaycan dövləti korrupsiya ilə mübarizədə kifayət qədər iradəlidir. İkinci istiqamət - yeni qanunların qəbulu, qanunvericilik bazasının təkmilləşdirilməsi və boşluqların aradan qaldırılmasıdır. Bununla bağlı çoxlu sayda qanunlar qəbul olunub. Üçüncü istiqamıt isə konkretr islahatların aparılmasıdır. Bu gün Azərbaycan doğrudan da dünyada öyünüləcək və dünyaya bir nümunə kimi göstərilə biləcək "ASAN" xidmət mərkəzlərini yaradıb və bu xidmətin əsas məqsədi bütün neqativ halları aradan qaldırmaq, vətəndaşların məmnunluğunu təmin etmək və vətəndaşlara göstərilən dövlət xidmətlərini asanlaşdırmaqdan ibarətdir. Bu struktur elə formalaşdırılıb ki, korrupsiyaya nəzəri baxımdan da olsa imkan yoxdur. Yəni sistemin özü korrupsiyanı inkar edir. Bütün bunlar onu göstərir ki, doğrudan da Azərbaycan dövləti, xüsusilə dövlət başçısı cənab İlham Əliyev korrupsiya ilə bağlı mübarizədə kifayət qədər siyasi iradəyə sahibdir".

A.Quliyev xüsusilə qeyd edib ki, bu gün təsadüfi deyil ki, "Amnesty İnternational" təşkilatı da son illər Azərbaycanda korrupsiya ilə mübarizədə həyata keçirilən islahatları dəyərləndirib və Azərbaycanın korrupsiya ilə mübarizə aparan ölkələr sırasında reytinqi kifayət qədər yaxşılaşıb.

Fuad Qəhrəmanlı