AZE | RUS | ENG |


Azərbaycanda ilk qorxu filmi çəkilir - Fotolar

Azərbaycanda ilk qorxu filmi çəkilir - Fotolar
Elvin Abdullayev: “Gecələr işləyirik”

Gənc rejissor Elvin Abdullayev milli kinomuzda ilkə imza atmaq üzrədir. Belə ki, indiyə qədər heç kimin müraciət etmədiyi qorxu janrında tammetrajli bədii film çəkilişlərinə başlayıb. Film gələn ilin mart ayında tamaşaçılara təqdim olunacaq. 

Elvin "Xənnas” adlanacaq filmin ideya müəllifi və rejissorudur. Baş prodüserlik missiyasını da öz üzərinə götürən filmin quruluşçu rejissoru ekran əsərinin yarısının artıq çəkildiyini deyir.  

Müsahibimiz bundan öncə bir neçə filmdə ikinci rejissor vəzifəsini yerinə yetirib, bununla bərabər bir çox reklam çarxlarına quruluş verib. Bu onun quruluşçu rejissor kimi tammetrajlı ilk bədii filmidir. Gənc olmağına baxmayaraq, Elvin bir çox uğurların sahibidir. Buna misal olaraq, lentə aldığı "Məriz” qısametrajlı filmi ilə "Bakı Oskarı” film festivalında "ən yaxşı aktyor işi”, "ən yaxşı aktrisa işi”, "ən yaxşı operator işi” və "ən yaxşı film” nominasiyaları üzrə 4 mükafat qazanmasını göstərmək olar.

Artıq 8 ildir ki, Elvin Abdullayevi tanıyıram, hər dəfə onunla söhbət edəndə bir xüsusiyyətini kəşf edirəm. Tələbəlik illərində Oskar mükafatı alacağı günün xəyalını qururdu. Hətta dostlarını ətrafına cəm edib "Özgə günah” adlı film çəkdiyini də yaxşı xatırlayıram. Rejissorlar içərisində fərqli düşüncə tərzinə və dünyagörüşə sahib olan biridir. 

Beləliklə, gənc rejissorla Azərbaycanda ilk qorxu filminin ərsəyə gəlməsi haqqında danışırıq. 
 
- Necə oldu ki, "Xənnas” adlı qorxulu film çəkmək qərarına gəldiniz?
- "Xənnas” filminin ideyası haqqında çoxdan düşünürdüm. Azərbaycanın kino sənayesində qorxu janrı yoxdur. Hətta heç sovet dövründə də çəkilməyib. Əslində bu layihə ilə heç də bir ilkə imza atmaq kimi fikrimiz yox idi. Yeni bir janr üzərində işləmək istəyirdik. Bildiyiniz kimi, komediya janrında kifayət qədər filmlər və seriallar çəkildi. Onlardan biri "Xoxan”dır ki, mən orada ikinci rejissor kimi fəaliyyət göstərmişəm. Fərqli bir şey etmək istəyirdik. Çox düşündük və belə qərara gəldik ki, madam, bizdə qorxu janrında film çəkilməyib, bu janrda film çəkək. Bu işlə məşğul olan dostlarımızın motivasiyasının da rolu böyük oldu. Belə ki, bunun böyük risk olduğunu, əslində bizim belə bir filmi çəkməyimizin imkansız olduğunu bildirirdilər. Digər janrlarda filmlər çəkildi, onlar o qədər də uğurlu alınmadı deyə, dostlarımızın 90 faizi deyirdi ki, bu işə girmək böyük risk tələb edir. Biz deyilənlərin heç birinə fikir vermədik, öz işimizi gördük. Allahın da köməkliyi ilə hazırda filmin 60 faizini çəkmişik. 
 
- Çəkilişlər harada aparılır?
- Hazırda Şəkidəyik. Çəkilişlər davam edir. Filmin 90 faizi Şəkidə, iki epizodu Qaxda, bir də Bakıda aparılacaq. 
 
- Bəs aktyorları necə seçdiniz?
- Baş rolda 6 iştirakçı var. Onların potensiallarına çox güvənirəm. Azərbaycanda öz yaşıdları arasında istedadlı uşaqlardır. Onlar Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanovadır. Ölkədə rezonans doğuran, başı qalmaqallardan açılmayan aktyorlar mənimlə çalışır.  
 
- Bəs filmin süjet xətti necə olacaq?
- "Xənnas” sırf mistik trillerdir. Kəsmək, vurmaq, doğramaq, gözünü və digər orqanlarını çıxarmaq kimi elementlər bizim filmdə yoxdur.  Düzdür, qorxu janrında bəzi elementlər var, ancaq insanlara mənfi hisslər aşılaya biləcək hissələrə yer verməmişik. Film gənc bir oğlanın dostları ilə başına gələn bir hadisədən bəhs edir. Belə ki, baş rolda çəkilən oğlanın babası sovet dönəmində Stalinin əmri ilə dindar və inanclı insanları evin zirzəmisində öldürürmüş. Kişinin insanları öldürdüyü ev lənətə gəlir. 2016-cı ildə  həmin kişinin nəvəsi yuxusunu qarışdırır. Babasını dəfələrlə yuxusunda görür. Dostları ilə birgə o evə getmək qərarına gəlir. Hadisələr bundan sonra başlayır. Lənətlənmiş evdə qəhrəmanlarımız qorxu dolu anlar yaşayırlar. Belə ki, oğlanın gözünə alnından güllələnmiş mollalar görünür, babasının öldürdüyü insanların ruhları onları rahat buraxmır. 
 
- Maraqlıdır, "Xənnas” sözünün mənası nədir?
- Qurani-Kərimdə Nas surəsi var. O surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən”. Xənnas cinin balasına deyirlər. Xənnaslıq - istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Biz də ona görə filmin adını "Xənnas” qoyduq.
 
- Filmə hər hansı sponsor dəstək verirmi? Yoxsa yenə də dost-tanışın sayəsində çəkməyə çalışırsınız?
- Layihənin yenə də dost-tanışın köməkliyi ilə çəkilməyi planlaşdırılırdı. Çəkilişə iki gün qalmış "Halal nemət” şirkəti bizə dəstək durdu. O bizim baş sponsorumuzdur. Biz bu işimizə başlayarkən öz dostlarımıza və gücümüzə güvənmişdik. 
 
- Bundan öncə Azərbaycanda ilk dəfə olaraq "+18” film çəkmişdiniz. İndi də Azərbaycanın ilk qorxu filmini çəkirsiniz. Niyyətiniz Azərbaycanda ilklərə imza atmaqdır?
- İnsanların yaddaşında ilklərə imza atan rejissor kimi qalmaq istəmirəm. Bu layihəni sırf ona görə həyata keçirmirəm. Sadəcə olaraq, kimisə təkrar etmək, təkrar etmək, eyni mövzuda film çəkməyi xoşlamıram. Düşünürəm ki, əgər nəsə film çəkirəmsə, orada rejissorun öz dəst-xətti olmalıdır. Təkəbbürlü səslənməsini istəmirəm, ancaq deyəcəyəm - təbiətən fikirlərim fərqlidir. Özüm də bilmədən ilklərə imza ataraq yoluma davam edirəm. İnanın ki, bunları bilərəkdən etmirəm. 
 
- Bugünün tamaşaçıları komediya janrına daha çox meyillidir. Nədənsə dram və sosial yüklü filmlər tamaşaçıların marağını o qədər də cəlb etmir. Necə düşünürsünüz, "Xənnas” komediya filmlərinin bazarını öldürə biləcəkmi?
- Niyyətimiz kiminsə bazarını öldürmək deyil. Ancaq biz komanda olaraq bu layihəyə çox inanırıq. Heç də hesab etmirəm ki, tamaşaçılarımız keyfiyyətsiz filmlər tələb edirlər. Çox zaman deyirlər ki, tamaşaçılarımızın baxış səviyyəsi elə o komediyaların səviyyəsindədir. Bazar komediya filmləri tələb edir deyə, qınamayın o rejissorları, onlar düz edib çəkirlər - bu kimi ifadələr səsləndirirlər. Ancaq bu fikirlərlə razı deyiləm. Tamaşaçılarımız keyfiyyətsiz film tələb etsəydilər, "Forsaj-7” filmi Bakıda o qədər sayda satılmazdı. Özcan Dənizin filmləri o qədər baxış sayı toplamazdı. Onların hamısı gözümüzün qabağında olub. Türkiyə komediyaları gəlir, Azərbaycandan çox böyük pullar qazanır. Keyfiyyətə qiymət verən tamaşaçımız hələ də var, sadəcə olaraq daha keyfiyyətli iş qoyan olsun ki, o fərqi tamaşaçı hiss etsin. Qorxu janrı da komediya janrında çəkilən filmlərdən heç də geridə qalmayacaq. Birincisi, aktyorlarıma, ikincisi isə, tamaşaçılara güvənirəm ki, onlar bu fərqliliyi gördükdə, izləmə marağı yaranacaq. Üçüncüsü də dostlarıma güvənirəm ki, filmin daha çox səs-səda doğurmasında öz dəstəklərini bizdən əsirgəməyəcəklər. 
 
- Gələcəyə doğru hədəfləriniz nələrdir? 10 ildən sonra özünüzü harada təsəvvür edirsiniz?
- 10 ildən sonra özümü xaricdə tələbatlı rejissor kimi görürəm. Düzdür, xaricdə yaşamaq istəmərəm. Ancaq əminəm ki, hansısa xarici şirkət tərəfindən dəvət olunub dünya bazarına çıxarılacaq filmlər çəkəcəyəm. Bir rejissor kimi əsas istədiyim odur ki, "Leyli və Məcnun”, "Təhminə və Zaur”u unutduracaq əsl sevgi filmi çəkim. Hazırda "Xənnas”ı çəkə-çəkə yeni bir filmin ideyaları gəlir beynimə. O da sevgidən bəhs edir.  
 
- Tələbə olarkən deyirdiniz ki, "Oskar Azərbaycana mənimlə gələcək”. Bəs indi necə, o, hədəfləriniz sırasında deyilmi?-
- (Gülür) İndi bir az böyümüşəm. Başa düşürəm ki, keyfiyyətli ekran əsəri çəkməklə iş bitmir. Orada bir çox siyasi və bizim anlaya bilməyəcəyimiz məsələlər var. Amma ümidim ölməyib. Azərbaycan Oskar mükafatını mütləq alacaq. Demirəm ki, onu mütləq mən gətirəcəyəm, ancaq mütləq alacaq. Özü də o gün yaxındadır. 
 
- Xaricdə rejissor deyəndə, ilk olaraq ağla saqqallı, qısa gödəkçə geyinmiş insanlar gəlir. Uzun müddətdir ki, siz də saqqal saxlayırsınız. Rejissor olmaq üçün saqqal şərtdirmi?
- Bizimlə çalışan yaradıcı heyətdən soruşun ki, Elvinin iki dəqiqə boş vaxtı varmı? Əgər "hə” desələr, mən saqqalımı qırxdırıb, sizə saqqalsız şəklimi göndərəcəyəm, çap edərsiniz (gülürük). Həqiqətən vaxtım yoxdur. Ötən gün maşınıma baxıram ki, palçıqdan markası dəyişib... Bu işin ancaq təqdimatda səliqəsi olur. İnsanlar elə bilir ki, biz çox möhtəşəm bir həyat yaşayırıq. Günümüz otellərdə, barlarda, kübar tədbirlərdə keçir. Təsəvvür edin ki, hazırda üzərimdə bir ay bundan qabaq Şəkiyə gələndə geyindiyim gödəkçə var. Bunların hamısı vaxt qıtlığındandır. İşimiz çoxdur. Fikrimiz başqa yerlərdədir. Ona görə də fiziki görünüş ikinci-üçüncü, hətta deyərdim ki, yeddinci-səkkizinci plana keçir. 
 
- Qəbulunuza düşmək çox çətindir. Bu nə ilə əlaqədardır?
- Yatanda 10-15 nəfərin zənginə oyanıram. Bacardığımla danışıram, bacarmadığımı da iş vaxtına salıram. Bir həftədir ailəmlə danışmıram, necə olduqlarından da xəbərsizəm. Həqiqətən də burda iş çoxdur, çox ağır bir işin altına girmişik. İnşallah, sonu yaxşı olar. Çəkilişlər axşam vaxtına düşür, hava qaraldısa, iş başlayır, Günəş çıxanda işimiz bitir. Artıq 23-cü gündür ki, bir gün belə dayanmadan bu rejimlə işləyirik. İşimiz çox gərgindir. Nə bu janrda Azərbaycanda kino çəkilib, nə də bu janrda bir aktyor oynayıb.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001