• çərşənbə axşamı, 23 aprel, 18:53
  • Baku Bakı 20°C

Azərbaycanda ilk dəfə “Marketing MeetUP” 2017 - adlı tədbir keçirildi - Fotolar

23.05.17 14:00 1618
Azərbaycanda ilk dəfə “Marketing MeetUP” 2017 - adlı tədbir keçirildi - Fotolar
AzMarektinq şirkəti və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə dəstəyi ilə "Marketing MeetUP 2017” tədbiri təşkil olunub. Tədbirin təşkilində məqsəd ölkədə baş vermiş marketinq hadisələrinin müzakirəsi, problemlərin araşdırılması və eyni zamanda xarici praktikaya əsaslanan həll yollarının təklif edilməsiydi.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Təlim və Layihə Mərkəzinin İcraçı direktoru Tariyel Dövlətov qonaqları salamlayaraq, mərkəzin fəaliyyəti və bu tip tədbirin aktuallığından danışıb. Daha sonra AzMarketinq Şirkətinin Marketinq Direktoru və Biznes Konsultant Əyyub Qarabağlı "Biznesdə cari marketinq problemləri və Autsoursinq” mövzusunda geniş çıxış edib. Azərbaycanın biznes mühiti və bu mühitin marketinqə olan təlabatını geniş formada izah edən Ə.Qarabağlı bu sahədə yaşanan autsoursinq problemlərindən danışıb. Bildirilib ki, Azərbaycan biznes mühitində hələ yeni-yeni formalaşmağa başlayan marketinq konsultasiya mədəniyyəti bir çox problemlərlə qarşılaşmaqdadır. Burada ən böyük roblem sahibkarların bu xidmətin qiymətini dəyərindən aşağı qəbul etməsi, eyni zamanda biznes etikasından uzaq davranışlara sahib olan "marketoloqlar” eşalonun olmasıdır. Ə.Qarabağlı bu sahədə bütün sektorun birlikdə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra SOCAR-ın İxrac Marketinqi üzrə Mütəxəssisi, Marketinq Konsultant Seymur M. Quliyev 2 mövzuda - "Brendinq və İstehlakçı Davranışları” və "Azərbaycanda Təhsil Marketinqi” sahəsində geniş təqdimat edib. S.Quliyev öz təqdimatında 2016-cı ilin marketinq trendləri, yeni-yeni inkişafına qədəm qoymuş marketinq fəaliyyəti metodlarından məlumat verib. Şəxsi brendinq, Dijital Marketinq və digər sahələrə toxunaraq, bu fəaliyyətin yerli bazardakı problemləri geniş müzakirə olunub. Təhsil müəssisələrinin marketinqi mövzusunda isə ali təhsil ocaqlarının vizyon və misyon problemləri, standart təhsil ocağı anlayışından necə biznes qurumuna çevrilmə imkanları və potensialından söz açan Seymur bəy burada xarici praktikaya əsaslanaraq, bir çox nümunələr səsləndirib. Təhsil müəssisələrində idarəetmə, planlama və icra problemlərinə toxunaraq bir çox müasir həll modelləri və buna aid praktik nümunələr tədbir iştirakçılarına təqdim olunub.

Tədbirin ikinci hissəsində Jotun Norwey Şirkətinin Azərbaycan üzrə Nümayəndəsi Fərid Hacı, "Bizneslərarası Marketinq” mövzusunda praktik mövzularda çıxış edib. Burada əsas mövzu B2B görüşlərin təşkili, görüş prosesi, satışın sonlandırılması və satışdan sonrakı mərhələ olub. Telemarketinq hansı formada qurulmalı? Müştəriyə təklif hansı formada təqdim edilməli? Satış prosesində rəqiblərinlə necə mübarizə aparılmalı? və s. bu kimi sualların cavabı məhz bu çıxışda xüsusi həll yolları və nəzəri-praktik əsaslarla iştirakçılara izah edilib. Mövzuda diqqət çəkən digər məqam isə itirilmək üzrə olan müştərinin necə yenidən şirkətin sadiq müştərisi olmasını özündə əks etdirən praktik nümunə olub: "Malınızı satın, xidmətinizi hədiyyə edin!”

Daha sonra BSC Group Şirkətinin Marketinq Departament Direktoru, PR konsultant Tural Abbaslı "Azərbaycanda PR və aktual problemlər” mövzusunda öz fikirlərini bölüşdü. Burada əsas diqqət çəkən məqam PR-İctimaiyyətlə əlaqələr anlayışının yalnış qəbul olunmasından, eyni zamanda bu sahədəki funksional pozuntular olub. İstər dövlət, istər özəl sektorda fəaliyyət göstərən müəssisələrin hələ də "Mətbuat katibliyi” anlayışından müasir biznesin tələbi olan "İctimaiyyətlə əlaqələr” anlayışına ad olaraq olsa da, fəaliyyət metodu olaraq keçid edə bilməməsi və buna aid real problemlər səsləndirilib. Müasir PR-da KSM, müştəri xidmətləri və sonda satışa təsir edə biləcək hallar geniş müzakirə olunub. Digər bir xüsusi məqam isə PR-ın növləri və bu növlərin tətbiqi idi. Öz təcrübəsinə əsaslanan Tural Abbaslı özəl sektorun qara PR kompaniyaları və bunlarla mübarizə yolları haqqında fikirlərini qonaqlarla bölüşüb.

Tədbir iştirakçılar və təlimçilərin qarşılıqlı dialoqları və müzakirələri ilə başa çatıb. Qeyd edilib ki, bu tip tədbirlər davamlı olmalı və müasir biznesin əsas funksiyası olan marketinqin sağlam təbliğinin vacibliyi üçün hər kəs birlikdə bu sahəyə xidmət edərək müasir Azərbaycan iqtisadiyyatının daha sağlam inkişafına öz dəstəyini verməlidir.






banner

Oxşar Xəbərlər