• cümə, 29 Mart, 19:27
  • Baku Bakı 14°C

Azərbaycanda ilin ən çox ziyarət edilən muzeyi

30.12.19 12:23 685
Azərbaycanda ilin ən çox ziyarət edilən muzeyi
2019-cu il Azərbaycan Milli Xalça Muzeyi üçün bir çox önəmli hadisələrlə yadda qaldı. Bu il bu mədəniyyət ocağı 122143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yenilədi, respublikada ən çox ziyarət edilən muzey oldu.
Trend-in məlumatına görə, builki ən önəmli hadisələrdən biri də Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan məkana çevrilməsidir. Belə ki, artıq burada fiziki məhdudiyyətli insanların muzeyə daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb. Qeyd edək ki, muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Uğurlu təcrübəmiz xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib, ICOM Kanada, İntercom, NEMO və CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.
"Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.6 (Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi) bəndinin icrası istiqamətində Azərbaycan Milli Xalça Muzeyinin keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajına düzəlişlər edilib. Belə ki, xalçalar haqqında məlumatda onların toxunduğu yer kimi artıq Azərbaycan göstərilir. Bu proqramın 7.1.3-cü bəndinin (Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması) icrası ilə bağlı Türk İslam Əsərləri Muzeyində olan Azərbaycan xalçalarından ibarət kataloq nəşr olunub.
2019-cu il ərzində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətində kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Fond əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən, muzey tarixində ilk dəfə olaraq Sotheby’s hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb. Muzeyə Amerika vətəndaşları Dumas Jones və Jay Jones tərəfindən XIX əsrə aid "Qonaqkənd” xalçası hədiyyə olunub. Bununla yanaşı, kolleksiyamız Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunan altı qiymətli xalça ilə də zənginləşib. Bütün bu eksponatlar gələn il də ictimaiyyətə təqdim olunacaq.
2019-cu il muzeyin keçirdiyi sərgilər respublikamızın mədəni həyatında unudulmaz izlər qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi keçirilib.
Əlbəttə ki, bunların sırasında "Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisini xüsusilə qeyd etmək lazımdır. Belə ki, muzeyin tarixində ilk dəfə Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası vətənimizə gətirilərək nümayiş olunub.
2019-cu ildə Azərbaycan Milli Xalça Muzeyi xarici muzey və ali təhsil ocaqları ilə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirib.
Belə ki, Özbəkistanın «İçan qala» Dövlət Qoruğu, Buxara Dövlət Muzey - Qoruğu və Səmərqənd Dövlət Muzey - Qoruğu, A.Kasteyev adına Qazaxıstan Respublikası Dövlət İncəsənət Muzeyi, Türkiyənin Ankara Universiteti, İranın Təbriz İslam İncəsənəti Universitetinin Xalça fakültəsi, Tatarıstanın "Kazan Kremli” Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey-Qoruğu ilə anlaşma memorandumları imzalanıb.
Bu il həm də ona görə əlamətdardır ki, muzeyin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və ona "Milli” statusu verilib.
Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi 3-cü ildir ki dünyada ən məşhur turizm saytı olan "TripAdvisor”un "Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.
Azərbaycan Milli Xalça Muzeyi milli irsin qorunması və təbliği istiqamətində gördüyü işlərdən şərəf duyur və gələcəkdə də böyük fədakarlıqla bu işi davam etdirəcək.
banner

Oxşar Xəbərlər