AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərbaycanda iki ən yaxşı musiqiçidən biri mənəm” - Şou-biznes

“Azərbaycanda iki ən yaxşı musiqiçidən biri mənəm” - Şou-biznes

Gənclik qəzeti
01 Dekabr 2014, 11:49 2925
“Gənclik qəzetinin” bu həftəki qonağı əməkdar artist, skripka ifaçısı, müğənni Səlim Abbasovdur. Gənc yaşda əməkdar artist adına layiq görülən müsahibimiz bizimlə söhbətində qazandığı uğurlardan danışdı.

- Səlim Abbasovun yaşının az olmasına baxmayaraq bu qədər uğur qazanmağının sirri nədir?

- Mənim üçün gənclərin sevimlisi olmaq böyük fəxrdir. Xalq tərəfindən sevilmək üçün insanın özünü efirdə və verilişdə aparmağımdan çox şey asılıdır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mənim əziyyətimi qiymətləndirərək Əməkdar artist adına layiq görüb. Kənardan baxanda bu adı almaq insanlara asan görünür. Bu heç də belə deyil. Bu ada layiq görülmək üçün ağır mərhələlərdən keçmək lazımdır. Müxtəlif ölkələrdə Azərbaycanın adını qaldırmaq ən öndə duran məsələlərdəndir. Bunun üçün mən Allahıma minnətdaram. Gənc yaşda bu ada layiq görülmüşəm və bu yaşda Azərbaycanı hər ay xarici ölkələrdə təbliğ edirəm.

- Yəqin ki, əməkdar artist sözünün ağırlığı çiyinlərinizdə hiss edirsiniz?
- Təbii ki… Hər hansı bir tədbirə gedəndə əvvəl özümü tanınmış sənətçi kimi hesab edirdim. Ancaq indi özümü dövlətin diqqətində olan sənətçi kimi aparmağa çalışıram. Belə ki, oturuşuma, duruşuma, sözlərimə diqqət edirəm. Bu mənim üçün çox önəmlidir.

- Bu günkü gənclərin skripkaya olan marağı necədir?
- Gənclər skripka ilə çox maraqlanırlar. Mənə tez-tez valideynlər, yeniyetmə və gənc oğlanlar skripka öyrənmək üçün müraciət edirlər. Vaxt tapdıqca yaxın bildiyim gənclərə bacardığım qədər müəyyən köməklik göstərirəm. Sosial şəbəkə vasitəsi ilə mənə müraciət edirlər. Ancaq təəssüflər olsun ki, onlarla məşğul olmaq üçün vaxtım çox azdır.

- Demək olar ki, hər gün efirdəsiniz. Bəs qalmaqalsız gündəmdə və efirdə qalmağı necə bacarırsınız?
- Daima yeni mahnılar hazırlayıram. Gündəmdə qalmağımda sosial şəbəkələrin də yeri var. Hər gün gördüyüm işləri sosial şəbəkələrdə paylaşıram. Özümü göstərmək xatirinə nə isə etmirəm. Təşkilatçılar da görür ki, yeni mahnılarım, yeni layihələrim var. Vaxtımı boşa keçirmirəm. Onlar da məni verilişlərə dəvət edirlər. Deməli, bu gün mənə tələbat var ki, efirdə və gündəmdəyəm. Mən hər zaman qalmaqallardan qaçmışam. Dəfələrlə mənə deyilib ki, qalmaqal yarat və yaxud da filankəsin ünvanına bu sözü de, qalmaqal yaradaq. Hər zaman söyləmişəm ki, kiminsə arxasınca danışmaq mənə yaraşmaz. Bu kişilikdən deyil. Digər tərəfdən, çox zaman görürəm ki, ifaçılar efirdə bir-birini qırıb olmazın sözlərini deyirlər, kənarda isə mehriban bacı-qardaş kimi görüşürlər. Mən belə şeyləri qəbul edə bilmirəm. Ekran qarşısında olanlarla, kənarda gördüklərim ziddiyyət təşkil edir. Mənə dəfələrlə kiminsə ünvanına söz atmaq təkliflər olunub, ancaq düşünmüşəm ki, qalmaqalla gündəmdə qalmaqdansa, yeni mahnılarımda gündəmdə qalsam daha səviyyəli olar. Məni qalmaqallarda heç zaman görməyəcəksiniz. İnsanlar məni yaradıcılığımla tanıyıb, qalmaqalımla deyil. Hesab edirəm ki, tamaşaçılara özümü çox yaxşı tanıtmışam.

- Sizin Zeynəb Xanlarovun ansamblında ifanız böyük əks-sadə doğurdu. Hesab edirsinizmi ki, məşhurlaşmağınızda Zeynəb xanımın böyük rolu olub?
- Bu mövzu ilə bağlı mənə dəfələrlə müraciət olunub. Zeynəb xanımın ansamblının hər bir üzvünə böyük diqqəti və qayğısı var. Onun bu diqqətindən sonra insan daha çox işləməyə həvəslənir. Ondan əvvəl mən bir neçə Xalq artistləri ilə birlikdə mahnılar ifa etmişik. Zeynəb xanımla işləməyim daha böyük əks-səda doğrultdu. Çünki Zeynəb xanım 3-4 dəfə dünyanı dolaşan sənətkardır. Gəlin qəbul edək ki, dünyada tanınan yeganə ifaçıdır. Sağ olsun ki, tədbirlərdə, konsertlərdə mənə xüsusi ifa ayırır. Mənim ifamı o daha çox bəyənir. O, söyləyir ki, sənin ifa tərzin heç kimə bənzəmir. Ondan bu sözləri eşitmək mənim üçün böyük bir stimul oldu. Hazırda onunla böyük bir səfərə hazırlaşırıq.

- Yaxşı skripka ifaçısı olmaq üçün gənclərə nə məsləhət görərdiniz?
- Deyirlər ki, hər şeyi pul həll edir. Mən bu sözlə razı deyiləm. Guya hər gün efirlərdə onların mahnıları səslənsə, məşhur ifaçı olacaqlar. Hər zaman demişəm yenə də deyirəm – ifaçının tanınmağı məşhurluq deyil. Tamaşaçıların sevgisini qazanmaq, tamam başqa şeydir. Məgər bu qədər ifaçılarımızın hamısı sevilirmi? Xeyr! İfaçı gərək efirdə ağzından çıxan hər bir kəlməyə cavabdeh ola. Konservatoriyada oxuduğum illərdə hər gün 8 saat məşq edirdim. Universitet yoldaşlarım isə çayxanalara və gəzməyə daha çox gedirdilər. Ancaq mən qarşıma məqsəd qoymuşdum və bütün günü musiqi ilə məşğul idim. Bu gün isə mən o dostlarımı sənətdə görə bilmirəm. Deməyim odur ki, hər bir insan qarşısına məqsəd qoyduqda, ona nail ola bilir. Nə iş ilə məşğul olurlarsa-olsunlar, ona dərindən yiyələnsinlər. Qarşıma məqsəd qoymuşdum ki, Azərbaycanda iki ən yaxşı musiqiçidən biri mən olum. Şükürlər olsun ki, bu gün o arzuma çatmışam. Hər dəqiqə qızıldır, onu istifadə etməyi bacarmaq lazımdır. Bir də zamanın və tamaşaçının nəbzini tutmaq çox önəmlidir.

- Futbola böyük marağınızın olduğunu bilirik. Seçim imkanınız olsaydı, hansı peşəni seçərdiniz: musiqiçiliyi, yoxsa futbolçu olmağı?
- Azərbaycan səviyyəsi üçün təbii ki, musiqiçiliyi. Çünki futbolçu kimi güclü seleksiyaçılar olmalıdır ki, səni tapıb, kəşf etsinlər. Düzdür, “Bakı” klubunun rəhbərliyi sağ olsun ki, belə şərait yaradıblar. “Qəbələ”, “Neftçi”, “Qarabağ”da da belə imkanlar mövcuddur. Amma burada. təbii ki, şans söhbəti də var. Elə oyunçular var ki, çox güclü potensiala malik deyil, sadəcə bir az qabında var, bir az da şansı gətirib. Məsələn, İspaniyada doğulub futbol oynayan uşaqla Azərbaycanda doğulub futbol oynayan arasında “N” qədər fərq var. Çünki onun daha çox parlamaq ehtimalı var, nəinki Azərbaycandakı uşağın. Musiqiçi kimi tədbirlərə daha çox dəvət alırıq, xaricə gedirik, amma futbolçu kimi gecə-gündüz röyalarımda “Real Madrid”dir. Təbii ki, bunun olmasını hamımız arzulayırıq. Amma yenə də çətin gözlənilən şeydir ki, Azərbaycanın bir oyunçusu gəlsin İspaniya, İtaliya çempionatında oynasın. Orada rəqabət dəhşətli dərəcədə güclüdür. Təbii ki, istərdik irəliləsinlər, çünki Azərbaycanımızın adıdır. Soruşanda da haradan gəlib, desinlər Azərbaycandan.

- Bəzən sosial şəbəkələrdə iradlarla rastlaşdığınızın şahidi oluruq. Deyirlər ki, həm oxuyur, skripkada ifa edir, həm də oynayırsınız.
- Mənim fikrimcə burda pis heç nə yoxdur. Çünki səhnə adamı maraqlı olmalıdır ki, tamaşaçılar onu sevsin. Əgər yaxşı bacarıqlarım varsa, niyə də üzə çıxarmayım? Onu da deyim ki, kimlərinsə məni sevməməyi normal haldır. Çünki hər bir sənətçinin bəyənəni və bəyənməyəni var.

Xəyalə RəisŞou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">