AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda hotellərin ulduz alması çətinləşdirilib

Azərbaycanda hotellərin ulduz alması çətinləşdirilib

Təfsilat
25 Dekabr 2012, 13:11 1367
Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyası alması proseduru çətinləşdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu Trend-ə bildirib ki, əvvəl mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyasının qiymətləndirilməsi üçün 150-yə yaxın kriterya nəzərə alınırdı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni təsdiqlədiyi "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi" dövlət standartına görə isə bu kriteriyaların sayı 300-dək artırılıb.

"Əvvəlki standartlarda hotellər üçün müəyyən avadanlığın mövcud olması şərt kimi qoyulmuşdu. Artıq yeni standartlarda həmin avadanlığın mövcudluğu ilə yanaşı, onun adekvatlığı da şərt kimi qoyulur. Məsələn, əvvəlki standartlarda hər hansı hoteldə ehtiyat su çəninin mövcud olması şərt kimi qoyulurdusa, indi su çəninin tutumu əsas rol oynayır. Onun tutumu otaqların, orada qalacaq müştərilərin sayına görə olmalıdır. Bununla yanaşı, yeni standartlarda hoteldəki otaqların neçə faizinin neçə kvadrat metr olması da öz əksini tapır", - Oruclu deyib.

O əlavə edib ki, əvvəlki standartlarda müvafiq ulduz kateqoriyasına uyğun minimal tələblər müəyyənləşdirilməmişdi. Ancaq yeni standartlarda hotellər üçün müvafiq ulduz kateqoriyasına uyğun minimal tələblər öz əksini tapıb. Hotel üçün qoyulan bu tələblər yoxlanıldıqdan sonra onun müvafiq ulduz kateqoriyasına uyğun gəlib-gəlməməsi ilə bağlı digər meyarlar yoxlanılacaq. Yeni standartlarda keyfiyyətin idarəolunması beynəlxalq standartının bəzi müddəaları da öz əksini tapıb. Standartlarda hotel daxilində müəyyən xidmətin, avadanlıqların keyfiyyətininin olması da şərti kimi irəli sürülür.

Nazirlik rəsmisi deyib ki, hotellər 3 ildən bir ulduz kateqoriyası alır.

Qeyd edək ki, bu ilin birinci yarısının nəticələrinə görə, Azərbaycanda 335 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir. Azərbaycanda dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 70-ə çatıb.