• cümə axşamı, 25 aprel, 20:15
  • Baku Bakı 21°C

Azərbaycanda həyata keçirilən islahatlara verilən beynəlxalq dəyər

23.12.20 15:36 476
Azərbaycanda həyata keçirilən islahatlara verilən beynəlxalq dəyər
Ötən illər ərzində Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində Azərbaycan "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilmişdir. Son illərdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkənin maliyyə imkanlarının daha da genişlənməsini, xarici investisiyaların cəlb olunmasını sürətləndirib. Beyəlxalq arenada ölkənin artan nüfuzu, siyasi və makroiqtisadi sabitlik, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
Kaspi.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Millət vəkili açıqlamasında qeyd edib ki, Azərbaycanın Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu göstəricinin əsasında ölkədə 2015-ci ildən etibarən daha da dərinləşərək davam edən sosial-iqtisadi islahatlar dayanır. Bu nəticə özlüyündə Azərbaycanda aparılan islahatlara beynəlxalq qiymətin verilməsidir. Sözsüz ki, Azərbaycanın bu yeni göstəricisi ölkəyə xarici investisiyaların cəlbinə, iqtisadi potensialın tanıdılmasına və təqdim olunmasına yardım göstərməklə bərabər, islahatların gedişində ölkənin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir edir.
Həmçinin T.Cəfərova bildirib ki, 2002-ci ildən dərc olunan "Biznesin asanlaşdırılması” ("Doing business”) tədqiqatına Azərbaycan 3 il sonra cəlb olunub və hazırda bu hesabat Azərbaycanda biznesin durumunun dəyərləndirilməsində ən çox istinad edilən beynəlxalq mənbə sayılır. Müxtəlif vaxtlarda Azərbaycanın göstərdiyi nəticələr ölkəmizdə davam edən islahatların inkişaf dinamikasını özündə əks etdirir. Belə ki, Azərbaycan "Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib. Daha bir neçə il sonra-2017-ci ildə isə 65-ci pillədə qərarlaşıb. Bir il sonrakı hesabatda Azərbaycan 8 pillə yüksələrək 57-ci yerə qalxıb. "Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşıb”.
T.Cəfərova xüsusilə vurğulayıb ki, "Doing Business”-in qeydə alınma prosesi qanunvericiliyin təkmilləşdirilməsi, praktiki icra və sahibkarların istifadəsi nəticəsində müsbət rəyin verilməsi mərhələləri olaraq ardıcıl şəkildə həyata keçirilir. Belə ki, hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondentlərlə − sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının 28 illik tarixi var. Dünya Bankı Azərbaycanın iqtisadi potensialını hər zaman müsbət qiymətləndirmiş və inkişafına dəstək vermişdir.
Sonda millət vəkili qeyd edib ki, bütün bu müsbət dinamika onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində həyata keçirilən sosial-iqtisadi islahatlar bəhrəsini verməkdə davam edir. Azərbaycanın Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi ölkəmizdə həyata keçirilən islahatlara verilən beynəlxalq dəyərdir.
banner

Oxşar Xəbərlər