Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsi keçiriləcək
Müsabiqəyə
sabah, yəni mayın 20-də start veriləcək. Bu barədə "Kaspi”yə layihənin rəhbəri
əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməz məlumat verib. Müsabiqə Aşıqlar
Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşır. Sənətkar
deyib ki, Gədəbəydə start götürən müsabiqə Şəmkir, Qazax, Tovuz bölgələrini
əhatə edəcək. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar
seçiləcək. Onları Aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət
münsiflər heyəti dəyərləndirəcək: "Gənc
aşıqların müsabiqəsini keçirməkdə məqsəd aşıq sənətinə yeni gələn gəncləri
dəstəkləməkdir. Müsabiqədə 15-35 yaş arası gəncləri seçərək qiymətləndirəcəyik.
Hazırda saza, aşıqlığa gələn çoxdur. Aşıq sənətini arxa plana keçiriblər. Biz
də istəyirik ki, aşıq sənətinə gələn gəncləri aşıq kimi yetişdirək. İndikilərin
əksəriyyəti əlinə saz alıb oxuyur, aşıq sənətinin dərinliyini bilmək, olduğun
kimi öyrənmək istəyən gənclər isə azdır. Türk dünyasında aşıq sənəti
folklorumuzun yazılı və şifahi abidəsidir. Onu qoruyub saxlamalı, olduğu kimi
gələcək nəsillərə çatdırmalıyıq”.
Qeyd
edək ki, gənc aşıqların birinci müsabiqəsi ötən il yalnız Gədəbəy bölgəsini
əhatə edib. İlk üç yerə pul mükafatı, digər üç nəfərə isə həvəsləndirici
mükafat kimi saz hədiyyə edilib. Aşıq Ulduz bu il də qalib gələn üç gənc aşığa
pul və üç nəfərə həvəsləndirici mükafat kimi saz təqdim olunacağını bildirib.
Müsabiqədən sonra mayın 25-də Gədəbəydə konsert proqramı keçiriləcək. Yekun konsert
28 May Respublika Gününə həsr ediləcək. Sənətkar növbəti ildə gənc aşıqların
müsabiqəsinin respublika üzrə keçiriləcəyini açıqlayıb: "Mən bayrağı qaldırdım
Azərbaycan saza qayıtdı, indi də bayrağı qaldıracam ki, respublika üzrə aşıq
müsabiqəsi keçirilsin. Bizə tarix boyu
bu sənəti çatdırıblar, bizim də borcumuzdur ki, gələcək nəsillərə olduğu kimi
təhvil verək”.