• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Azərbaycanda elmi müəssisələrin akkreditasiyası proseduru müəyyənləşib

16.12.17 15:30 2676
Azərbaycanda elmi müəssisələrin akkreditasiyası proseduru müəyyənləşib
Azərbaycanda elmi müəssisələrin akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir.

APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetinin təsdiqlədiyi "Elmi müəssisələrin akkreditasiyası Qaydası”nda əksini tapıb.

Akkreditasiyadan keçmiş elmi müəssisələrin siyahısı Komissiyanın rəsmi internet saytında yerləşdirilir. Akkreditasiya elmi müəssisələrin son 5 illik fəaliyyətini qiymətləndirməklə aparılır. Akkreditasiya Komissiya tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir. Akkreditasiya bu barədə rəsmi müraciətin edildiyi vaxtdan 3 ay müddətində həyata keçirilir. Akkreditasiya sənədlərin ekspertizası, elmi müəssisələrdə yerində baxış keçirilməsi yolu ilə həyata keçirilir. Akkreditasiya edilən elmi müəssisələr Komissiyanın normal fəaliyyəti üçün şərait yaradır.

Elmi müəssisə Komissiyaya aşağıdakı sənədləri təqdim edir:

- akkreditasiyadan keçmə barədə ərizə;
- elmi müəssisənin - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri;
- kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı haqqında məlumat;
- elmi müəssisənin fəaliyyətinin əsas göstəriciləri barədə məlumatları özündə əks etdirən sənədlərin müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş surətləri;
- təqdim edilmiş sənədlərin siyahısı.

Komissiya 10 iş günü müddətində sənədlərin düzgünlüyünü və tamlığını yoxlayır. Sənədlər bu Qaydaya uyğun olduqda, Komissi­ya sənədlərin düzgünlüyü və akkreditasiya prosedurunun başlanma tarixi barədə ərizəçiyə bildiriş göndərir. Bütün sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar olduqda, Komissiya bu barədə müşayiət məktubu ilə sənədləri ərizəçiyə qaytarır. Ərizəçinin sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququ vardır. Komissiya elmi müəssisənin fəaliyyətini qiymətləndirərək, müəssisənin akkredita-siyadan keçib keçməməsi barədə müvafiq qərar qəbul edir. Akkreditasiyadan keçmiş elmi müəssisəyə Komissiya tərəfindən akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisələr 3 il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdirlər. Akkreditasiyadan keç­mə­mək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Elmi müəssisə ləğv edildikdə və ya yenidən təşkil olunduqda, həmin müəssisənin akkreditasiya barədə şəhadətnaməsi qüvvədən düşür.

Akkreditasiyadan keçmiş elmi müəssisənin adı və ya hüquqi ünvanı dəyişdikdə, həmin elmi müəssisə akkreditasiya haqqında şəhadətnamənin dəyişdirilməsi üçün Komissiyaya ərizə ilə müraciət etməlidir. Dəyişikliyi əks etdirən təsdiqedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri və əvvəlki şəhadətnamə ərizəyə əlavə olunur. Komissiya ərizənin verildiyi gündən 10 iş günü müddətində akkreditasiya haqqında şəhadətnaməni dəyişdirir.
banner

Oxşar Xəbərlər