AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur

Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur

İqtisadiyyat
07 Aprel 2020, 13:51 181
Apardığımız araşdırmalara görə, hazırda Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur.

Trend-in məlumatına görə, bunu "Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəssisədə tələbata uyğun olaraq istehsalat mexanizmi qurulub: "Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər. Müəssisə koronavirus pandemiyası bitdikdən sonra da fəaliyyət göstərəcək. Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq. Hələ ki, onların qiyməti müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. Müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb".

Qeyd edək ki, "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.