• çərşənbə axşamı, 23 aprel, 20:40
  • Baku Bakı 20°C

Azərbaycanda da ÇL-in himni çalınacaq

03.08.17 09:00 2828
Azərbaycanda da ÇL-in himni çalınacaq
"Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündə Moldovanın "Şerif" klubuna 2:0 hesabı ilə qalib gəlib. Bakıda keçirilən ilk qarşılaşma 0:0 hesabı ilə başa çatdığından, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanaraq, tarixi uğura nail oldu. "Qarabağ” ilk Azərbaycan klubudur ki, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanır. Təmsilçimizin Çempionlar Liqası kimi nüfuzlu turnirdə belə bir uğur qazanması təbii ki, hamımızı sevindirdi. Böyükdən-kiçiyə hər kəs, "Qarabağın bu nailiyyəti haqqında sosial şəbəkələrdə paylaşımlar etdi. "Kaspi” siyasilərin və media təmsilçilərinin bu uğura münasibətini öyrəndi. Müsahiblərimiz "Qarabağ”ın növbəti mərhələdəki şansını da qiymətləndirdilər.
Millət vəkili Fazil Mustafa bildirdi ki, "Qarabağ,”ın ÇL-in qrupuna vəsiqə qazanmaq şansı böyükdür: "Biz çalışmalıyıq ki, bu məsələdə "Qarabağa” hamılıqla dəstək verək. Çünki azarkeş dəstəyi çox vacibdir. Dəstək olmadan qələbə qazanmaq mümkün deyil. Düzdür, bu mərhələdə rəqiblər çox güclüdür. Ona görə də "Qarabağ”ın üstünlük qazana bilməsi üçün hamılıqla əlimizdən gələni etməliyik”.
"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı deyir ki, komandanın adına yazılan hər bir uğur cəmiyyətdə qələbə əhval ruhiyyəsi yaradır: "Bu klubun qələbəsi cəmiyyətdə Qarabağın qələbəsi kimi qiymətləndirilir. Bu gün Azərbaycan cəmiyyətinin arzusunda olduğu qələbənin ilkin müjdəçisi məhz bu klubdur. Komandanın qələbəsini yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu qələbənin yaratdığı əhval-ruhiyyə növbəti mərhələdə artıq böyük rol oynayacaq. Amma futbol texnika oyunudur və meydanda can qoymaq lazımdır. Bu baxımdan, qələbənin stimul və başlanğıc rolu oynayacağını düşünürəm. Bütün oyunçulara və komandanın məşqçisinə minnətdarıq. Qələbə həm də bizim torpaqlarımızın işğaldan azad olunmasına yönələn ruh yüksəkliyi yaratdı. Bu qələbə həm də o qələbənin başlanğıcı ola bilər. Şans və rəqib məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu mərhələdə artıq zəif komanda yoxdur. Ümumiyyətlə, "Qarabağ”ın zəif komanda ilə düşməsini arzulamazdım. İstərdim ki, "Qarabağ” daha güclü komandalarla qarşılaşsın və qalib gəlsin”.
"525-ci qəzetin ”baş redaktoru Rəşad Məcid deyir ki, «Qarabağ»ın nüfuzlu turnirlərdə iştirakının çox böyük siyasi mənası var: " Bu komanda bizim ən böyük təbliğat vasitəmizdir. İşğal olunan regionun adını daşıyan komandanın uğur qazanması böyük əhəmiyyətə malikdir. Qarabağın oyununa maraq getdikcə artır. Biz həmişə «Qarabağ»a güvənmişik. Onun adını daşıdığı regionun vətən sevgisi çətin məqamlarda "Qarabağ”a qalib gəlməyə kömək edir. Komandanın idarəedicisi Qurban Qurbanov öz işinin peşəkarıdır. Onun bu komandada etdikləri misilsiz vətənpərvərlik nümunəsi hesab oluna bilər. "Şerif”lə oyunda qələbə qazanacağımıza əmin idim. Gözlənilməz məqamlarda bu komanda həmişə bizi sevindirib. Bu oyuna təkcə futbol azarkeşləri gəlmir. Bu oyunlar həm də siyasi aksiyaya çevrilir. Mən bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Növbəti mərhələdə daha güclü komandalarla oynadıqca, Qarabağ adı daha çox hallanacaq. Bu, ən yaxşı təbliğatlardan daha üstündür. Bütün oyunçulara yorulmaz enerji və ruh yüksəkliyi arzulayıram”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də komandanın qələbəsini yüksək qiymətləndirir: "Bu qələbə komandada böyük ruh yüksəkliyi və qələbə əzmi yaratdı. Təbii ki, bu qələbə hər kəs tərəfindən böyük sevinclə qarşılandı. Əvvəlcədən bu haqda çox sözlər deyilsə də, "Qarabağ” öz oyunu ilə son nöqtəni qoydu. Belə bir nüfuzlu turnirdə çıxış etməsi hər kəsi qürurlandırır. Növbəti mərhələdə nələrin olacağını və hansı komanda ilə düşəcəyini demək hələlik tezdir. Amma hər birimiz "Qarabağ”dan qələbə gözləyirik və uğurlar arzulayırıq”.
"Komanda.az" saytının baş redaktoru Rəşad Ergün bildirdi ki, Bakıdakı oyundan sonra bu qələbə gözlənilən idi: "Qarabağ”ın öz rəqibindən daha üstün olduğu Bakıdakı oyunda açıq-aşkar görünürdü. Rəqib bizim meydanda daha çox müdafiəyə qapanaraq oynayırdı ki, bu da bizə bir qədər problem yaradırdı. "Şerif”in öz meydanında hücum daha çox diqqət ayıracağı gözlənilən idi. Lakin hər şey bizim istədiyimiz kimi oldu. Bu qələbə futbolumuzun böyük uğurudur. Çünki indiyədək heç bir komandamız Çempionlar Liqasının pley-off mərhələsinə kimi irəliləyə bilməmişdi. Bundan sonra hər şey püşkdən asılıdır. Əlbəttə, rəqibin hansı komanda olması çox böyük əhəmiyyət daşıyır. Amma ümid edirəm ki, "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Rəqibin kimliyinin böyük önəmi var, amma "Qarabağ”ın bu vəsiqəni təmin edəcəyinə inanıram. Hətta bu olmasa belə, Avropa Liqasına qrupuna vəsiqənin təmin edilməsi də böyük uğurdur. "Qarabağ”ın növbəti mərhələdə Çexiya, Makedoniya, Bolqarıstan, Serbiya kimi ölkələrin komandaları ilə qarşılaşsa, daha yaxşı olacağını düşünürəm.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər