• çərşənbə axşamı, 23 aprel, 20:12
  • Baku Bakı 20°C

Azərbaycanda bütün azadlıqlar təmin edilir

21.01.15 18:08 1365
Azərbaycanda bütün azadlıqlar təmin edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib. Həmin gün Berlində onun AFR-in xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer və Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşləri olub.
Yanvarın 21-də Prezident Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə nahar edib. Nahardan sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.
APA-nın məlumatlına görə, İlham Əliyev birgə brifinqdə bildirib ki, Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir. Prezident deyib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək: “Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”.
Dövlət başçısı bildirib ki, Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulub. İlham Əliyev qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb: “Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. “Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək”.
Prezident daha sonra qeyd edib ki, Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurasında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və şərəflə yerinə yetirir. Trend-in məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan qanunvericiliyində Avropa standartlarına uyğunlaşdırılan çoxsaylı qanunlar qəbul edilib, insan hüquqları təmin edilib: "Beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə edilir. Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir?"
İlham Əliyev vurğulayıb ki, Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur: "Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam təmin olunub. Yüzlərlə mətbu qurum var. Eyni zamanda, hesab edirəm, nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib. Azərbaycanda multikulturalizm dəyərləri yüksək səviyyədə qorunur".
Prezident qeyd edib ki, bu baxımdan Azərbaycanın təcrübəsi digər ölkələr tərəfindən öyrənilir: "Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Biz şüurlu şəkildə bu yolu seçmişik, ümumbəşəri dəyərlərə sadiqik. Əgər Azərbaycanda real vəziyyətə nəzər yetirsəniz, görərsiniz ki, mənim sözlərimdə həqiqətdən başqa heç nə yoxdur. Əlbəttə, bu məsələlərin gələcək müzakirəsi də, əminəm ki, bu sahədə görülən işlərə daha böyük töhfə verəcək, bu istiqamətdə əlavə addımlar atılacaq, islahatlar dərinləşdiriləcək. Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur. Biz müstəqilliyin 24-cü ilini yaşayırıq".
Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirib ki, münaqişənin həlli həm Azərbaycan, həm də bütün region üçün olduqca vacib məsələdir. İlham Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb. “BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Ukrayna ilə bağlı sualı cavablandıran İlham Əliyev deyib ki, Azərbaycan bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib: “Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.
Mətbuat konfransında alman jurnalistinin sualına cavab olaraq Prezident bildirib: "Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır".
İlham Əliyev deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: "İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır".
Prezident qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib: "Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir. İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb. Çünki biz inanırıq ki, siyasi islahatlar iqtisadi islahatlar paralel aparılmalıdır. Yalnız o halda bu islahatların dayanıqlılığı təmin oluna bilər".
Almaniya Kansleri Angela Merkel isə öz növbəsində bildirib ki, Azərbaycan Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: “Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik". A.Merkel bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi barədə danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".
O, həmçinin bildirib ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr aparılıb.
Almaniya Kansleri qeyd edib ki, Azərbaycanla Almaniya arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur. Azərbaycan-Almaniya münasibətləri barədə sualları cavablandıran A.Merkel deyib ki, Almaniya Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər. Federal kansler onu da əlavə edib ki, iki ölkə münasibətləri ilə bağlı Azərbaycan Prezidenti ilə eyni fikirdədirlər: “Münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindəyik”.
banner

Oxşar Xəbərlər