• cümə axşamı, 25 aprel, 17:34
  • Baku Bakı 23°C

“Azərbaycanda antisemitizm yoxdur”

06.06.15 11:20 1458
“Azərbaycanda antisemitizm yoxdur”
Amerika Birləşmiş Ştatlarında nəşr olunan nüfuzlu “The Jewish Express” qəzetində Diana Koen Altmanın Azərbaycan ilə İsrail arasında olan münasibətlər haqqında “İsrail və Azərbaycan: siz sadəcə olaraq, başa düşə bilməyəcəksiniz” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, yaxşı təşkil edilmiş erməni diasporunun bəzi nümayəndələri İsrail ilə Azərbaycan arasında olan əlaqələri sual altına qoymağa çalışır: “Həmin fəallardan biri “The Forward” jurnalında bu haqda məqalə dərc etdirib. Bu müdafiəçilər İsrail ilə Azərbaycan arasında olan ticarət əlaqələrinin yanlış təməllər üzərində qurulduğunu əsaslandırmağa çalışırlar. Həmin fəallara görə, İsrailin Azərbaycana neft əvəzində silah satması səhv addımdır. Onlar hesab edirlər ki, dövlətlərarası münasibətlərdə kənd təsərrüfatı və yeni texnologiyaların mübadiləsi ilə bağlı çox az addımlar atılıb. Həmin şəxslər İsrailə belə bir sual ünvanlayırlar: İsrail dövləti İran ilə sərhəd olan digər müsəlman ölkəsini silahlandırmaq istəyirmi? Onlar qeyd edirlər ki, İsrail Ermənistan ilə münasibətləri daha da yaxşılaşdırmalıdır. Erməni lobbisi bunu tarixi faktlar, həmçinin Türkiyə ilə İsrail arasında olan pis münasibətlərlə əsaslandırmağa çalışır. Lakin yəhudilər ilə türk xalqları arasında olan yaxşı əlaqələr tarixi köklərə malikdir. Misal üçün, 15-ci əsrdə II Sultan Bəyazid İspaniyadan qovulan yəhudilərə ölkənin qapısını açdı. Həmçinin Osmanlı imperiyası dövründə yəhudilər ilə türklər arasında olan yaxşı əlaqələrə başqa nümunələr də göstərmək olar ”.
Yazar qeyd edir ki, dünyanın bir çox ölkəsində az tanınan, türk və yəhudi xalqlarının tarixinə düşmüş müsəlman-yəhudi əlaqələri və dostluğu dini tolerantlıq ölkəsi olan Azərbaycanda ərsəyə gəlib: “Azərbaycanın şimal-şərqində yerləşən Quba rayonunun Qırmızı qəsəbə adlanan hissəsində 6-cı əsrdən etibarən yəhudilər yaşayır. Azərbaycanı tərk edərək İsrailə gedən yəhudilər hələ də bu ölkə ilə olan güclü əlaqələrini itirməyiblər: onların çoxu “dağ yəhudiləri” adlandırılır. Həmin yəhudilər müntəzəm olaraq öz doğma şəhərlərinə, yəni Qubaya səfər edirlər. Onlar İsraildə Azərbaycan yəhudiləri kimi tanınırlar”.
Müəllifin sözlərinə görə, İsraillə Azərbaycanın çoxəsrlik dostluğunu unutmamaq lazımdır: “Əsrlər boyu Azərbaycanda yaşayan yəhudilər hökumət, mədəniyyət, biznes və cəmiyyətin yüksək təbəqələrində aparıcı rol oynayıblar. Hesablamalara görə, bu gün Azərbaycanda 25 min yəhudi yaşayır və ölkədə antisemitizm yoxdur”.
Məqalədə vurğulanılır ki, ermənilər Türkiyədə 1915-ci il hadisələrindən danışmaqla və bu hadisələri yəhudilərin "Holokost"u ilə müqayisə etməklə, davam edən Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törətdikləri dəhşətli təcavüz faktlarını unudurlar: “Ən dəhşətlisi isə 1992-ci ildə azərbaycanlıların Xocalıdakı soyqırımı zamanı dinc sakinlərin vəhşicəsinə öldürülməsi oldu. Başda Ermənistanın hazırkı prezidenti olmaqla bu hadisəni törədən şəxslər hələ də cəzalandırılmayıb”.
D.Altman qeyd edir ki, hazırda Azərbaycan ərazisi olan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon Ermənistan tərəfindən işğal edilib: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın yeni müttəfiqlər axtarmaq cəhdlərini izah edir. Hazırda Ermənistanın İran və Rusiya timsalında iki güclü müttəfiqi mövcuddur”.
Müəllif sonda vurğulayır ki, İsrail və onun müttəfiqləri uzaqgörən hakimiyyəti və zəngin tolerantlıq təcrübəsi olan, sürətlə inkişaf edən gənc ölkəyə daha çox diqqət ayırmalıdır.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər