• cümə, 29 Mart, 18:47
  • Baku Bakı 14°C

Azərbaycanda 5,4% iqtisadi artım olub

17.10.13 08:09 1777
Azərbaycanda 5,4%  iqtisadi artım olub
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsal edilmiş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 42,7 mlrd. manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1% artaraq 4 606,7 manat (5 871,4 ABŞ dolları) təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ÜDM-in 63,6%-i istehsal sahələrində, o cümlədən 46,5%-i sənayedə, 11,3%-i tikintidə, 5,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,9%-i isə xidmət sahələrinin payına düşüb.
Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8%-i nəqliyyat və anbar təsərrüfatı, 7,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7%-i informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5%-i isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ini təşkil edib.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 52,1%-dən 55,9%-dək yüksəlib. Ümumi daxili məhsulun 44,1%-i neft-qaz sektorunun payına düşüb və əvvəlki ilin səviyyəsində qalıb.
Bu ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 30,0%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,8%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,6%, informasiya və rabitə xidmətlərində 7,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,9%, nəqliyyat və anbar təsərrüfatında 4,9%, sosial və digər xidmət sahələrində 3,9% artıb.
banner

Oxşar Xəbərlər