• cümə, 29 Mart, 19:36
  • Baku Bakı 14°C

Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır

15.11.17 15:00 968
Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır
"Hər il dünyada şəkərli diabet xəstələrinin sayında 15 faiz artım müşahidə olunur".

APA-nın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek 14 noyabr - Ümumdünya Diabet Gününə həsr edilmiş mətbuat konfransında deyib. O bildirib ki, 2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idisə, son proqnozlara əsasən 2040-cı ildə bu rəqəm 625 milyona çatacaq.

B. Salek qeyd edib ki, hazırda Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır: "Son 9 ayın statistikası göstərdi ki, bu il diabet xəstələrinin sayında 12 faiz artım olub. Respublikada 1556 uşaq şəkərli diabet xəstəsidir. Onun 553 nəfəri Bakıdadır. Həmin uşaqlar insulin analoqları ilə təmin olunur. 2014-cü ildə 90 uşağa insulin pompası qoyulub".

Həkimin sözlərinə görə, I tip şəkərli diabet əsasən 25-30 yaşa qədər gənclərdə rastlanır. İkinci tip diabet isə daha çox yaşlı adamlarda olur.

Şəkərli diabet xəstəliyinin səbəblərini sadalayan direktor müavini vurğulayıb ki, bu xəstəliyə əsasən "fast food" qidaları, pəhriz saxlamamaq, hərəkətsizlik və genetik amillər səbəb olur: "Atada şəkər xəstəliyi varsa, uşaqda rastlanma ehtimalı çoxdur. Bəzən şəkərli diabet xəstəsi olan hamilə qadınlar narahat olduğu üçün bizə müraciət edir. Həmin qadınların cifti 9 ay nəzarətdə saxlanmalıdır. Bundan başqa, hamiləlik zamanı şəkər tutan qadınlar da olur. Hamiləlikdən sonra şəkər xəstəliyi özlüyündə sağalır. Ancaq dünyada hər 7 uşaqdan biri bu cür diabetlə dünyaya gəlir".

B. Salek bildirib ki, insanlar çox susuzluq, tez-tez sidiyə getmək, iştahasızlıq, halsızlıq kimi hallardan şikayətlənirsə, mütləq həkimə müraciət etməlidir.
banner

Oxşar Xəbərlər