• cümə, 29 Mart, 03:10
  • Baku Bakı 7°C

Azərbaycanda 200 min işçiyə ehtiyac duyulan sahə

30.11.17 11:00 6241
Azərbaycanda 200 min işçiyə ehtiyac duyulan sahə
"Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün əmək bazarında 150-200 min İT mütəxəssisi olmalıdır".Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı UNEC2B əmək bazarı platformasının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,5 minə yaxın bu cür mütəxəssis var: "Bu, o demək deyil ki, biz bu vəziyyətdən çıxa bilmərik. Xaricdən bizə lazım olan mütəxəssislər cəlb edə bilərik. Eyni zamanda, ölkədəki kadrların başqa ölkələrə getməməyi üçün tədbirlər görə bilərik”.
Ölkədə belə mütəxəssislərə ehtiyac olduğu halda, gənclər bu ixtisasa niyə meyil göstərmirlər? Bəlkə gənclər seçimi əsasən bu sahə üzrə edirlər, sadəcə, ali təhsil ocaqlarımızda informasiya texnologiyaları mütəxəssisləri hazırlayan fakültələrdə yerlər məhduddur? Məsələni araşdırmağa çalışdıq. Öncə hansı universitetlərdə bu sahə ilə bağlı ixtisasların tədris olunduğunu öyrənməyə çalışdıq.
Bakı Dövlət Universitetində "Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsində bakalavr səviyyəsində "Kompüter elmləri”, magistratura səviyyəsində isə "Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” adlı ixtisas var. Qərb Universitetində "Kompüter elmləri mühəndisliyi” fakültəsində "İnformasiya texnologiyaları və sistem mühəndisliyi”, "Kompüter mühəndisliyi” ixtisası tədris olunur. Azərbaycan Universitetində isə " İnformasiya və Kommunikasiya texnologiyaları” fakültəsi, ADA-da isə "Kompüter elmləri”, "İnformasiya texnologiyaları”, "Kompüter mühəndisliyi”, "Sistem mühəndisliyi” ixtisasları var.
Azərbaycan Texniki Universiteti ilə də əlaqə saxlayıb bu sahənin hansı səviyyədə tədris olunduğunu öyrəndik. Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyir ki, Azərbaycan Texniki Universitetində bir neçə ixtisası var ki, bu ixtisaslarda İT hazırlığı da həyata keçirilir: "Həmin ixtisaslara "Kompüter elmləri”, "İnformasiya texnologiyaları mühəndisliyi”, "Sistem mühəndisliyi”, "Kompüter mühəndisliyi” və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” daxildir. Bu 5 ixtisas üzrə universitetimizə 390 qəbul yeri ayrılıb. Bu ixtisasların hər birində İT ilə bağlı dərslər tədris olunur. Bunun nəticəsidir ki, Azərbaycan Texniki Universitetini bu ixtisaslar üzrə bitirən məzunların bəziləri məhz İT mütəxəssisi olaraq fəaliyyət göstərirlər”.
Abituriyentlərin bu ixtisaslara necə maraq göstərməsinə gəlincə isə mətbuat xidmətinin rəhbəri bildirdi ki, kompüter elmləri və informasiya texnologiyaları müasir və çox tələbat olan elm sahələridir: "Dövrümüzdə yaxşı kompüter mühəndisinin yaxud da İT mütəxəssisin işsiz qalması inandırıcı görünmür. Son statistikalar da göstərir ki, ölkədə bu sahənin mütəxəssislərinə böyük ehtiyac var. Buna görə də tələbələr bu ixtisaslara böyük maraq göstərirlər və bu ixtisaslar üzrə kadr hazırlığını həyata keçirmək üçün universitetimizin maddi-texniki bazası, kadr potensialı gücləndirilir. Həmçinin, AzTU digər ixtisaslarda olduğu kimi, bu ixtisaslar üzrə də müəssisə və təşkilatlarla, qabaqcıl şirkətlərlə əməkdaşlıq edərək, onların mütəxəssislərindən, texnoloji avadanlıqlarından yararlanır”.
Məsələ ilə bağlı ekspertlərin də fikirlərini öyrəndik
İT sahəsi üzrə ekspert Rəşad Əliyev bildirir ki, problemin bir neçə səbəbi var: "İlk səbəblərdən biri budur ki, universitetlər yeni kadr hazırlayarkən bəzi çətinliklərlə üzləşirlər. Yəni son dövrlər texnologiyalar sürətlə inkişaf edir, bizim universitetlər də bununla ayaqlaşa bilmir. Digər səbəblərdən biri isə əmək bazarında olan kadrların da xaricə üz tutmasıdır. Dil bilgisi olan və bu sahəni yaxşı bilənlər işləmək üçün başqa ölkələrə gedir. Başqa bir səbəb kimi isə əmək haqqını demək olar. Düzdü, buradakı şirkətlər də İT mütəxəssisinə yüksək maaş verir. Amma hər nə olursa olsun, xaricdəki təklif daha sərfəli olur. Həmçinin xaricdə bu sahənin mütəxəssislərinin karyeranı inkişaf etdirmək baxımından da əlverişli şəraitləri olur”.
Müsahibimiz deyir ki, marağı artırmaqda ən əsas rol təhsil ocaqlarının üzərinə düşür: "Universitetlər yeni texnologiyaların tətbiqi ilə dərslər keçməlidirlər. Köhnə proqramları yeniləri ilə əvəzləməlidirlər. Köhnə sistemlər tələbədə də bu sahəyə maraq yaratmır. Həmçinin bu sahədəki startaplara investisiya qoyacaq şirkətlər olmalıdır. İnvestisiya qoyuluşu gənclərin bu sahədə işləmə marağını kifayət qədər artıracaq”.
Ekspert xaricdən mütəxəssis dəvət edilməsinə də münasibət bildirdi: "Xaricdən bu sahəni yaxşı bilən şəxsləri dəvət edib, onların seminarlar keçməsini təşkil etmək olar. Bizim mütəxəssislər də biliklərini genişləndirmiş olarlar. Həmçinin bizimkiləri də xaricə göndərmək olar. Amma xaricdən mütəxəssisin gətirilməsi maddi cəhətdən daha çox vəsait tələb edir”.
Polşada "Luxoft” sirkətində Big Data mühəndisi işləyən İT mütəxəssisi Ramin Orucov deyir ki, mütəxəssisin az olması ilə marağın az olması eyni yanaşma deyil: "Mən düşünmürəm ki bu sahəyə maraq azdı. Mütəxəssislərin sayı ona görə azdır ki, əksəriyyəti xarici ölkələrə gedir. Şəxsən mən özüm də başqa ölkəyə üz tutmuşam. Amma maraq məsələsinə gəlincə isə deyərdim ki, əksinə, günbəgün artır. Mənə hər gün sosial media vasitəsilə yazıb, bu sahəni öyrənməyin yollarını, bu sahə ilə bağlı kursları soruşanlar çox olur. Çünki bu sahəyə tələbat çoxdur. Üstəlik, bu sahədə əmək haqqı digərlərinə nisbətən yüksəkdir deyə, İT sahəsi insanları cəlb edir. Universitetlərdə İT təhsili zəifdir. Ona görə də, əmək bazarında yetişmiş kadr azdı. Universitet təhsili kifayət etmir bu sahədə mütəxəssis kimi çalışmağa. Bu sahəni inkişaf etdirmək üçün İT sahəsini yaxşı bilənlərin fikirləri, təklifləri nəzərə alınmalıdır”.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova bildirir ki, bu sahə üzrə universitetlərə qəbul sayı azdır: "Biz tələblə təklifi araşdırmışıq və deyərdim ki, aradakı nisbət çox fərqlidir. Hansı sahəni götürsəniz o sahədə avtomatlaşdırma, informasiyalaşdırma gedir. Demək ki, İT mütəxəssislərinə bazarda böyük ehtiyac var. Amma təklif tələbi ödəmir. Say azlığının səbəblərindən biri hər il İT mütəxəssislərinin təqaüdə çıxmasıdır. Təqaüdə çıxanları tam əvəzləmək olmur. İT sahəsinin işçiləri pensiyaya tez çıxırlar. Dünya təcrübəsində də belədir. Mütəxəssisin az olmasının digər bir səbəbi isə odur ki, universiteti bitirənlərin hamısı əmək bazarına daxil olmur. Yəni bu gün bir qrupda 25 nəfər bu sahə üzrə təhsil alan varsa, onlardan 20-30 faizi qızlardır. Qızlar da demək olar ki, bu sahə üzrə işləmirlər. İşləyənlərin də sayı çox azdır. İT elə bir sahədir ki, daim onunla məşğul olmalısan. Əgər bir müddət işləməsən, bacarıqlarını unuda bilərsən. Sonra isə onu bərpa etmək çox çətin olur. Elə oğlanların da çoxu universiteti bitirdikdən sonra bu sahə üzrə işləmir”.
Müsahibimiz deyir ki, bu sahədə işləyənlərin əksəriyyəti İT profilli sahələri bitirənlərdir: "Yəni onlar sırf bu ixtisas üzrə təhsil almayıblar. Məsələn riyaziyyatı, fizikanı bitirənlər bu sahə üzrə işləyirlər. Hansı ki, universitet zamanı oxşar fənləri keçiblər və özlərinin də marağı olduğu üçün biliklərini inkişaf etdiriblər. Düşünürəm ki, həqiqətən də bu sahə üzrə çalışanların sayını artırmaq lazımdır. Tələbələr yalnız universitet təhsili ilə kifayətlənməsinlər. Tələbələr indiki əmək bazarına lazım olan bilik və bacarıqları təkcə universitet təhsili ilə qazana bilməzlər. Ona görə də, bəzi tələbələr 2-ci, 3-cü kursdan iş tapırlar. Özlərini, işləyərək inkişaf etdirməyə çalışırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər