• çərşənbə axşamı, 16 aprel, 18:00
  • Baku Bakı 18°C

Azərbaycana verilən böyük siyasi dəstək

18.05.20 16:24 5193
Azərbaycana verilən böyük siyasi dəstək
ABŞ-ın prezidenti səviyyəsində dövlətimizin nüfuzu və gücü qəbul edilir
Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin mili maraqlarına cavab verməkdədir.Dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi”ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında xeyli sayda ABŞ şirkəti təmsil olunub.

Status-kvonun qəbuledilməz olması
Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətləri sırasında qlobal təhlükəsizlik və terrorizmlə mübarizə xüsusi əhəmiyyət kəsb edir. Bəlli olduğu kimi, Azərbaycan ABŞ-ın milli maraqlarını və bütün sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində rəsmi Vaşinqtonla yaxından işbirliyinə malikdir. Azərbaycan 2001-ci ildə Əfqanıstana qarşı yaradılmış beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olmaqla, ABŞ-la ciddi əməkdaşlıq edib. Bu əməkdaşlıq hazırda da davam etməkdədir. Azərbaycan-ABŞ münasibətlərinin mühüm aspektlərindən biri də Dağlıq Qarabağ problemi ilə bağlıdır. ABŞ Minsk qrupunun üzvü kimi münaqişənin həlli ilə bağlı prosesdə yaxından iştirak edir. Azərbaycan ABŞ-ın prosesdəki aktiv roluna daim ümid bəsləyir. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri olan rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qəbuledilməz olması məsələsində tutduğu mövqeyə uyğun mövqe sərgiləməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulaması, həm də qlobal və regional təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir.

200 milyard dollaradək investisiya
İki ölkə arasındakı münasibətlərdə ABŞ-Azərbaycan iqtisadi əlaqələri də önəmli yer tutur. Azərbaycanla Birləşmiş Ştatlar iqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində uğurlu əməkdaşlıq edirlər. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 200 milyard dollaradək investisiya yatırıb. İndiyə qədər Azərbaycan öz tərəfdaşları və Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Bunun davamı olaraq, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edir.

Avropa dövlətlərindən daha etibarlı tərəfdaş
Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə ABŞ-ın regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Bunu ötən il ərzində ABŞ prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə ünvanladığı məktublar, amerikalı rəsmilərin ölkəmizə səfərləri, səsləndirdikləri bəyanatlar bir daha təsdiqləyir.
Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır
Bu münasibət ABŞ Prezidentinin 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda növbəti dəfə əksini tapıb. 28 May – Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə və xalqımıza Amerika xalqı adından səmimi salamlarını, təbriklərini çatdıran Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini bəyan edib. Təbrik məktubunda bildirilib ki, Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. ABŞ Prezidenti bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirdiklərini ifadə edib. Qeyd edib ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. ABŞ Prezidenti ölkəsinin Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcəyini vurğulayıb.

ABŞ-a məxsus 150-dən çox şirkət
Millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə 28 may Respublika Günü münasibətilə göndərdiyi məktubda Amerika-Azərbaycan əlaqələri xatırlanıb, ölkəmizdə aparılan işlər qeyd olunub və buna hər zaman dəstək veriləcəyi söylənilib. Deputatın sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın tarixi 20-ci əsrin əvvəllərinə, xalq cümhuriyyəti dövrünə düşür: "Həmin dövrdə Bakıda Amerika Birləşmiş Ştatlarının nümayəndəliyi açılmışdı. Müstəqillik illərində isə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində enerji, iqtisadiyyat, müdafiə, təhlükəsizlik, nəqliyyat-loqistika və digər sahələrdə sıx əməkdaşlığın əsası qoyulub. Amerikanın və müttəfiqlərinin yaxından göstərdiyi dəstək nəticəsində, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP, TANAP kimi layihələr icra olunub. ABŞ-a məxsus 150-dən çox şirkət Azərbaycanda çalışır, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üzvüdür. Azərbaycan Xəzər ölkələri arasında ilk ölkədir ki, öz enerji resurslarının işlənməsi üçün ABŞ-la birlikdə digər ölkələrə şərait yaradıb. Beynəlxalq terrorla mübarizədə Amerikanın təşkil etdiyi koalisiya qüvvələrinin tərkibində təhlükəsizliyə öz töhfəsini verir. NATO qüvvələrinin Əfqanıstanda məskunlaşmış qüvvələrinin təchizatı üçün ölkəmizin hava məkanından istifadə edilir. Eyni zamanda, hər iki ölkənin qanunverici orqanları arasında da əməkdaşlıq mövcuddur”.

Liderlərin dünya siyasətindəki rolu
N.Məhəməliyev deyib ki, Azərbaycan dünyaya açıq ölkə olaraq, Ermənistan istisna olmaqla, bütün ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurub: "Təbii olaraq bunların içərisində ABŞ kimi güclü, hərtərəfli inkişaf etmiş ölkənin özünəməxsus yeri var. Prezident İlham Əliyev bu münasibətlərin inkişaf etdirilməsinə ciddi əhəmiyyət verir. Donald Tramp da yazdığı məktubda, Azərbaycanın və onun liderinin dünya siyasətindəki rolunu dəyərləndirir. Xalqımız bu əməkdaşlığı yüksək qiymətləndirir və hər iki ölkə üçün olduqca əhəmiyyətli hesab edir”.

Qlobal inkişafa yardım
Milli Məclisin deputatı Şahin İsmayılov ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunun bir neçə istiqamət üzrə böyük əhəmiyyət daşıdığını dilə gətirib. Məktubun məzmununu xatırladan millət vəkili qeyd edib ki, məktubda ilk baxışdan önə çıxan məqam Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəklənməsi faktıdır: "Düşünürəm ki, bu, birbaşa olaraq D.Trampın həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstək mesajı kimi şərh olunmalıdır. Çünki beynəlxalq hüquqda suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması kimi qəbul edilir. ABŞ və Azərbaycan Respublikası bərabərhüquqlu dövlətlərdir. Dünyanın supergüc dövləti olan ABŞ-ın belə mövqeyi həm də Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin kifayət qədər peşəkar olmasının növbəti göstəricilərindən biridir. Məktubda önə çıxan digər bir məqam Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsindəki strateji roludur. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq, Əfqanıstan da daxil olmaqla, dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər kifayət qədər böyük töhfələr verir”.

Azərbaycana verilən böyük siyasi dəstək
Deputat vurğulayıb ki, ərazisinin 20 faizi işğal olunan və erməni terrorundan əziyyət çəkən ölkəmiz bu kimi hallara qarşı bütün sivil dövlətlərlə, o cümlədən ABŞ-la ciddi şəkildə əməkdaşlıq edir: "Eyni zamanda, Azərbaycan təbii resurslarının beynəlxalq aləmdə sülhün və sabitliyin qorunması istiqamətində strateji layihələrlə dəstəklənməsini də həyata keçirir. Yeri gəlmişkən, Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması bu layihələrdən biridir. Düşünürəm ki, burada ABŞ-ın və şəxsən Prezident Donald Trampın Azərbaycana verdiyi böyük siyasi dəstək xüsusi vurğulanmalıdır. Müasir dünyada dövlətlərin və xalqların böyüklüyü onların ərazisi və sayı ilə ölçülmür. Onların beynəlxalq proseslərə verdikləri töhfələrlə ölçülür. Məktubda ABŞ və Azərbaycan nəzərdə tutularaq, iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir. Bu da kifayət qədər böyük əhəmiyyət kəsb edən məqamdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər