• cümə, 29 Mart, 16:18
  • Baku Bakı 14°C

Azərbaycana qarşı yeni separatçılıq kartı?

11.12.17 19:08 3242
Azərbaycana qarşı yeni separatçılıq kartı?
"Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin birdə-birə Rusiyada peyda olmaları və antiazərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri təkcə Azərbaycana deyil, həm də elə Rusiyaya xəyanətdir”.
BunuAPA-ya açıqlamasında millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H. Babaoğlu bildirib ki, hazırkı beynəlxalq münasibətlərin reallığı ondan ibarətdir ki, heç bir müstəqil dövlət ayrı-ayrılıqda öz milli təhlükəsizliyini tam təmin etmək gücündə deyil, ona görə də milli maraqları qorumaq naminə mütləq etibarlı tərəfdaşlar və onlarla ciddi strateji əməkdaşlığa ehtiyac var: "Rusiya-Azərbaycan münasibətləri həm tarixi nöqteyi-nəzərdən, həm də regionumuzda və dünyada baş verən son hərbi-siyasi hadisələr nöqteyi-nəzərindən illərin sınağından çıxmış etibarli və qarşılıqlı maraqlara əsaslanan münasibətlər olub. Çox təəssüf ki, son dövrlər bəzi qüvvələr bu münasibətlərə kölgə salmaq üçün ən müxtəlif tədbirlərə və vasitələrə əl atırlar. Bəzən bunu birbaşa, bəzən isə Rusiyanın dövlət strukturlarına sızmış ayrı-ayrı şəxslərin əli ilə həyata keçirməyə çalışırlar. Ən pisi isə odur ki, mütəmadi olaraq ardıclı şəkildə bu cəhdlər edilir. Elə bu günlərdə öz xalqına xəyanət edərək erməni şər maşının ruporuna çevrilən Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin birdə-birə Rusiyada peyda olmaları və antiazərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri təkcə Azərbaycana deyil, həm də elə Rusiyaya xəyanətdir. Çünki bir dəfə xəyanət edən, həm də öz doğma vətəninə xəyanət edən, sabah Rusiyaya da asanlıqla xəyanət edəcək. Ona görə də bu cür əməllərin qarşısı dərhal alınmalıdır. Bir halda ki, biz Rusiya-Azərbaycan əlaqələrindən danışarkən onu strateji əməkdaşlıq adlandırırıq, bir halda ki, təkcə biz yox, həm də Rusiya siyasətçiləri Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiklərini hər fürsətdə qeyd edirlər, o zaman qarşılıqlı maraqların qorunmasına da xüsusi diqqət yetirilməlidir. Satqınlar və onların arxalarında duranlar ifşa olunmalıdır. Düşünürəm ki, sonda elə belə də olacaq”.
ADA Universiteti İctimai və beynəlxalq məsələlər fakültəsinin dekanı Elnur Soltanov isə qeyd edib ki, həmin şəxslərin Rusiyada telekanal açmalarını və Azərbaycana qarşı fəaliyyətlərini sırf ictimai bir təşəbbüs kimi görmək mümkün deyil: "İkincisi, belə hallara bir az da normal baxmaq lazımdır. Bəli, burada səbəblər axtara bilərik. Bu səbəblər sırasında Azərbaycan üzərində təzyiq yaratmaq və bu təzyiqdən müxtəlif diplomatik məqsədlər üçün istifadə etmək istəyən dövlətlər ola bilər. Bunun arxasında özünü bizə düşmən elan edən və torpaqlarımızı işğal edən dövlətin də dəstəkləri var və bu da qaçılmazdır. Erməni lobbisini də bura əlavə etmək olar, bütün imkanlarından bu istiqamətdə istifadə edirlər. Azərbaycan daxilində də müəyyən radikal elementlər var. Sadəcə, belə halları biz fürsət olaraq dəyərləndirməliyik. Çünki bu, bizə xaricdə Azərbaycanın etnik müstəvidə uğur nümunələrini daha çox qabartmağa şərait yaradır. Biz həm də düşmənlərimizi tanımış oluruq. Azərbaycanın ən güclü arqumenti ölkəmizdəki həyat, mövcud reallıqdır”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycandakı sabitliyin bəzi dövlətləri narahat etdiyi görünür: "1990-cı illərdə Azərbaycan cəbhədə uğur qazanmaq istəyərkən birdən birə Azərbaycanın cənub və şimal bölgələrində problem yaratmaq istədilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu problemləri həll etdi, başqa separatçıların öz fəaliyyətlərini genişləndirməsinə yol vermədi. Görünür ki, separatçı ocaqlar tam yatırılmayıb və Moskvada da müəyyən separatçılara şərait yaradılır. Nəinki Dağlıq Qarabağdakı erməni separatçıları Rusiyanın şəhərlərinə gedib hansısa seminarda, konfransda iştirak edirlər, Azərbaycandakı azsaylı xalqların radikal separatçı elementlərinə Moskvada şərait yaradırlar, onlar televiziya, qəzet, agentlik açırlar və gün ərzində Azərbaycan əleyhinə təbliğat aparırlar”.
Rusiyanın hər yerdə Azərbaycanla tərəfdaş olduğunu, əməkdaşlığı inkişaf etdirməyə çalışdığını vurğuladığını xatırladan E. Şahinoğlu Rusiyadan fərqli olaraq, Azərbaycanda Rusiya əleyhinə heç bir mərkəz olmadığını nəzərə çatdırıb: "Azərbaycanda heç bir qrup Rusiya əleyhinə təbliğat aparmır, Azərbaycan hakimiyyəti buna imkan verməz. Çünki bu, Azərbaycan-Rusiya dostluğuna zərər verər. Ancaq niyə Rusiyada Azərbaycan əleyhinə təbliğata imkan yaradır, radikal elementlərin Azərbaycan əleyhinə televiziya, radio, qəzet, agentlik açmasına imkan verirlər? Bu, aydın deyil. Rusiya rəsmiləri bu məsələyə aydınlıq gətirməlidir. Bu, Azərbaycan-Rusiya tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun deyil. Mümkündür ki, bu işin içində Rusiyadakı erməni lobbisi də var və erməni lobbisi həmin radikal elementlərə dəstək verir. İstəyirlər ki, Azərbaycana tək Dağlıq Qarabağdakı separatizm ocağı zərər verməsin, başqa bölgələrdə də separatizm ocaqları dəstəklənsin. Məsələn, Rusiyada "Reqnum” adlı tanınmış bir agentlik var. Bu agentlik sırf erməni lobbisinin təsiri altındadır, erməni lobbisinin pulu ilə fəaliyyət göstərir. "Reqnum” agentliyində də görürük ki, tək ermənilər deyil, Azərbaycanda yaşayan azsaylı xalqların hansısa radikal elementləri də məqalələr çap edirlər. Yəni Rusiyada bu işin içərisində erməni lobbisinin olduğu məlumdur. Lakin erməni lobbisi bu işin içərisində olsa da, Rusiyada müvafiq strukturlar, dövlət idarələri bunun qarşısını almalıdırlar. Çünki həmin insanlar Azərbaycanın ərazi bütövlüyünə qəsd edirlər. Bəlkə də həmin mərkəzlər düşünürlər ki, Azərbaycanda sabitlik pozulsa, vəziyyət gərginləşsə, yenə də 1990-cı illərdəki kimi separatizmi daha geniş ərazilərə yaya bilərlər. Bu, xülyadır. Çünki milli azlıqların nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünə sadiqdirlər, ölkənin inkişafında maraqlıdırlar. Sadəcə, çox az sayda radikal elementlər suyu bulandırmağa çalışır. Onlardan da erməni lobbisi və Rusiyadakı müəyyən mərkəzlər Azərbaycana qarşı istifadə etmək istəyirlər”.
banner

Oxşar Xəbərlər