• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

Azərbaycan özünü regional və qlobal aləmdə təsdiq edib

03.07.13 19:06 1506
Azərbaycan özünü regional və qlobal aləmdə təsdiq edib
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində ABŞ-ın Müstəqillik Günü qeyd edilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün Birləşmiş Ştatların 237-ci müstəqillik bayramının qeyd olunduğunu diqqətə çatdıraraq ABŞ-ın müstəqillik tarixi barədə məlumat verib.
R.Morninqstar ABŞ ilə Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrdən də danışıb.
Səfir qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan bu günə qədər mühüm irəliləyişlər əldə edib: "Azərbaycan özünü həqiqətən də regional və qlobal aləmdə önəmli rol oynayan müstəqil ölkə kimi təsdiq edib. 25 il bundan əvvəl kim təsəvvür edə bilərdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq, ABŞ və Azərbaycan əsgərləri Əfqanıstanda çiyin-çiyinə xidmət edəcək, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edəcək?"
Daha sonra tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə ABŞ ilə diplomatik münasibətlər qurub və bu günə qədər Birləşmiş Ştatlarla münasibətlərə xüsusi diqqət yetirir. Şərifov deyib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ABŞ-Azərbaycan münasibətlərinə mühüm əhəmiyyət verirdi və bu gün Azərbaycan Prezidenti İlham Əliyev də uğurlu xarici siyasət apararaq ABŞ ilə ikitərəfli münasibətlərə, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.
ABŞ ilə Azərbaycan arasında bu günə qədər 73 sənədin imzalandığını xatırladan S.Şərifov bildirib ki, iki ölkə arasında əlaqələr üçün səmərəli hüquqi baza yaradılıb. Nazir, həmçinin bu günə qədər qüvvədə qalan 907-ci düzəlişin ləğv olunmasının ABŞ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafına yeni bir təkan verəcəyini bəyan edib.
S.Şərifov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə danışaraq qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu məsələdə mühüm rol oynayır. Nazir ABŞ-ın Minsk qrupuna daimi həmsədrinin təyin olunmasını arzu edib.
banner

Oxşar Xəbərlər