• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

Azərbaycan yenə vasitəçi rolunda çıxış edir

13.12.16 12:45 934
Azərbaycan yenə vasitəçi rolunda çıxış edir
Azərbaycan hər zaman bölgədə və dünyada sülh carçısı kimi çıxış edib. Hər hansı bir münaqişə, dövlətlərarası gərginlik yaşanan zaman rəsmi Bakının vasitəçilik missiyasına ehtiyac duyulub. Elə yaxın tarixdə Rusiya ilə Türkiyə arasındakı gərginliyin aradan qaldırılmasında Azərbaycanın xüsusi rolu olub. Sözügedən missiya hazırda da qüvvədədir. Bu baxımdan, Azərbaycanın İsraillə əməkdaşlığı da hər hansı başqa dövlətə qarşı yönəlməyib. Azərbaycan hər zaman İsraillə münasibətlərdə bölgədəki durumu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların maraqlarını nəzərə alıb. Konkret olaraq Azərbaycan-İsrail münasibətlərində Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının qərarları əsas tutulub. Rəsmi Bakının İsraillə münasibətlərində Fələstin probleminin arxa plana keçməsi heç vaxt müzakirə mövzusu olmayıb. Əksinə, Azərbaycan hər zaman bu məsələnin həllində vasitəçi olmağa çalışıb. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, habeləBMT sənədlərinə əsaslanaraq, Fələstinin mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.
Yayılan məlumatlara görə, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də İsrail-Fələstin münaqişəsiolacaq. Diplomatik mənbələrdənAPA-ya məlum olub ki, danışıqlarda İsrail-Fələstin münaqişəsiilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək.
Heç tərəddüd etmədən qeyd etmək yerinə düşər ki, Fələstin rəsmiləri də Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini görür və bunu məmnunluqla qarşılayırlar. Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimin ötən ay mediada yayımlanan müəllif yazısında qeyd edildiyi kimi, Azərbaycan və Fələstin arasındakı münasibətlər hər zaman qardaşlıq və dostluq üzərində qurulub, xüsusilə son 5 il ərzində yüksələn trayektoriya ilə hərəkət edib. Fələstin səfirliyi Bakıda Azərbaycan hökumətinin onun təsis edilməsinə göstərdiyi hərtərəfli maddi-texniki dəstəkdən sonra açılıb. Səfirin vurğuladığı kimi, mərhum milli liderlər Heydər Əliyev və Yasir Ərafatı bağlayan eyni ruha uyğun olaraq, Prezident Mahmud Abbasın Azərbaycana etdiyi dövlət səfəri zamanı Bakıda Prezident İlham Əliyev tərəfindən səmimiyyətlə qəbul edilib. Fələstinli rəsmilər və nümayəndə heyətləri müntəzəm olaraq Bakıya, qarşılıqlı olaraq Azərbaycan rəsmiləri də Fələstinə səfərlər edirlər. Ötən 5 il ərzində Azərbaycan və Fələstin arasında 4 müqavilə və anlaşma memorandumu imzalanıb.
Səfir bildirib ki, Fələstin və Azərbaycan tarixən bir-biri ilə əlaqədə olub və bir-birinə dəstək veriblər. Belə ki, Bakı 2013-cü ildə Fələstin Dövlətinə və paytaxtı müqəddəs Qüdsi-Şərif (Şərqi Yerusəlim) şəhərinə dəstək vermək üçün İslam Əməkdaşlıq Təşkilatı nazirlərinin təcili toplantısına ev sahibliyi edib. Tədbir çərçivəsində Azərbaycan, paytaxtı Şərqi Qüds olmaqla Fələstin Dövlətinin suverenliyi və müstəqilliyinə daimi və sarsılmaz dəstəyini ifadə edərək müqəddəs şəhərin infrastrukturunun inkişaf etdirilməsi və saxlanılması üçün səxavətlə 5 milyon dollar yardım ayırıb. Səfir Nasir Əbdül Kərim qeyd edib ki, Fələstin hər zaman bunu qiymətləndirib, beynəlxalq hüquq və BMT-nin qətnamələrinin yerinə yetirilməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və məcburi köçkünlərin geri qayıtması məsələlərində Azərbaycanın sərgilədiyi mövqeyə eyni ruhda daima dəstək verib.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan-İsrail münasibətləri, iki ölkə rəsmiləri arasında keçirilən görüşlər başqa dövlətə və ya dövlətlərə qarşı yönlməyib. Azərbaycan beynəlxalq hüquq prinsiplərini əldə rəhbər tutaraq, xarici ölkələrlə qarşılıqlı maraqlara, xüsusən də milli və dövlətçilik maraqlarına söykənən münasibətlər qurub. Paralel olaraq, bu münasibətlər, Fələstin probleminin həll olunmasına yardım etməyə də hesablanıb.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər