• cümə, 29 Mart, 06:13
  • Baku Bakı 5°C

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri “EVDƏ QAL” çağırı

26.04.20 14:15 1154
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri “EVDƏ QAL” çağırı
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri olan şair, yazıçı və elm adamları dünyanı bürümüş koronavirus bəlası haqqında fikirlərini bölüşüb, dövlətimizin "evdə qal” çağırışına qoşulublar. Onların fikirlərini təqdim edirik:

Fərid Hüseyn
(Gənclər Şurasının sədri)

Bu günlər hər kəs üçün sınaq məqamıdır. Dövlətimiz əlindən gələni edir, biz də çalışmalıyıq ki, deyilən qaydalara əməl edək. Həyati zərurət yaranmadıqca evdə qalmağımız ən uyğun yoldur.
Bəşəriyyət zaman-zaman oxşar bəlalarla üzləşib və hamısında da müşkülləri sındıracaq çarələr tapılıb. Bu günlər həm də hər kəsin gözəgörünməz tellərlə bir-birinə bağlanması üçün bir fürsətdir. İnanaq ki, bəşəriyyət bu fürsəti fövtə verməyəcək. Allah xalqımızı qorusun, dövlətimizi çətin sınaqlara salmasın. Azərbaycan üçün mümkün olan ən yaxşı nədirsə, o da baş versin.

Ramil Əhməd
(şair, esseist)

Çətin bir dönəmdən keçirik. Birgə olmağın, həmrəy olmağın zamanıdır. Öncə psixoloji olaraq güclü olmalı və mütəxəssislərin təlimatlarına riayət etməliyik. Ölkəmiz bu virusla ciddi şəkildə mübarizə aparır. Vətəndaş və dövlət olaraq aldığımız önləmlər sayəsində bunun üstəsindən ən yaxın zamanda gələcəyimizə inanıram.

Mehman Həsən
(Filologiya elmləri doktoru)

Planetimiz, insanlıq onu təhdid edən koronavirus təhlükəsi ilə üz-üzədir. Xilas yolumuz isə heç şübhəsiz ki, ilk növbədə elmdən keçir. Pandemik vəziyyət dünyaya sübut etdi ki, əgər insan həyatı təhdid altındadırsa, kapitalist savaşında əldə olunan milyardlar bir gündə puç olur, heçə çevrilir. Eyni zamanda bu situasiya ədəbiyyatın bəzən həmin kapitalist münasibətlərində çeynənən, gözardı edilən əsas funksiyasını bir daha xatırladır. İnkişaf edən zəkanın yaratdığı nəsnələr insanlığı sıradan çıxarmamalıdı. İnsanlığın bütün cəhətlərini bizə ədəbiyyat öyrədib. Ona görə də xilasın həm də ədəbiyyatda olduğunu düşünürəm. Tezliklə bizi təhdid edən bu bəladan xilas olmaq arzusu ilə...

Günel Şamilqızı
(şair, tərcüməçi)

Dekabrdan - yeni növ koronavirus aşkarlanandan bəri işimlə əlaqədar virusla bağlı bütün xəbərləri oxuyuram. Rəqəmlər günbəgün artdı. Və ən ağrılısı gün ərzində dəfələrlə oxuduğum "Azərbaycanda daha neçə nəfər..." Evə gələndə isə küçələrdə heç nə olmamış kimi gəzən insanlar gördüm. Bu qədər məlumata, xəbərdarlığa rəğmən şəhərdə insan çox olur. Ən güvənilir güclər belə, 1 ay sonra vəziyyətin necə olacağını bilmirlər. "Xəstəlik uşaqlarçün, gənclərçün ölümcül deyil" deyib keçməyək. Görün həyatımızda nə qədər yaşlı, yaxud immuniteti zəif insan var ki, onların elə bu xəstəliyə yoluxması da bizim üçün ölümdən betərdir. Təki bu bəla tez sovuşub getsin, təki güldüyümüz, lağa qoyduğumuz qədər olsun yaddaşımızda izi. Amma hər ehtimala qarşı ehtiyatlı olaq!

İntiqam Yaşar
(şair, Dünya Gənc türk yazarlar Birliyin başqanı)

"Koronavirus" göründüyü kimi, hazırda dünyanın ən birinci problemi həddindədir. İnsanlarımız bu baxımdan çox diqqətli olmalıdırlar. Həssas məqamlarda birlik, bərabərlik, soyuqqanlılıq, panikaya qapılmamaq əsas şərtlərdir. Dövlətimiz tərəfindən çox ciddi şəkildə önləm tədbirləri alınır. Vətəndaşlarda bu inam yaradan birinci amildir. İnanıram ki, ölkə olaraq bu sınaqdan yaxşı çıxacağıq. Yetər ki, təlimatlara uyğun hərəkət edək, diqqətli olaq.

Gülnar Səma
(Ədəbi tənqidçi)

Koronavirus mənim üçün bədii təxəyyülün məhsulu kimi bir şeydir. İnsanı təsirinə salır, hətta dünyanı idarə etmək iddiasına düşür. Buna baxmayaraq ona da həddini göstərmək mümkündür. Elə bizim ölkədə də əsl mübarizlik yaşanır. Bu da xalqın səfərbərliyə alınmasının bir formasıdır. Nə yaxşı ki, belə hallarda dövlətimlə millətim birlik nümayiş etdirə bilir. Nə olursa olsun birliyimizə zaval olmasın. Mən onsuz da qapalı həyat tərzinə üstünlük verirdim, bu virusdan qorunmanın tələblərinə uyğun olaraq ümumiyyətlə "dörd divar rejimi”nə keçmişəm. Sizləri də mənim kimi dövlətimizə dəstəyə çağırıram.

Şahanə Müşfiq
(şair, yazıçı, jurnalist)

Artıq bir neçə aydır bütün dünyanı öz cənginə alan Koronovirus (COVİD-19) ölkəmizdə də təhlükəli hal alıb. Ancaq sevindirici haldır ki, dövlətimiz bu gözəgörünməz "düşmənlə" mübarizəyə çox erkən və operativ şəkildə başladı, bu gün də davam etməkdədir. Aidiyyatı orqanların da dediyi kimi, xalqımız ilk növbədə özünü panikadan, sosial şəbəkələrdəki yanlış məlumatlardan və əsassız iddialardan qorumalıdır. Bu, o demək deyil ki, virusu ciddiyə almamalıyıq. Elə deyil. Ehtiyatı əldən vermədən, gigiyena qaydalarına və həkimlərin dediklərinə əməl edərək, insanların sıx toplaşdığı məkanlardan uzaq olmağa çalışaraq həyatımıza davam etməli və dövlətimizin bu mübarizəsinə əlimizdən gəldiyi qədər öz dəstəyimizi göstərməliyik. Digər tərəfdən məncə, hazırda Azərbaycan da daxil olmaqla bir çox ölkədə elan olunan karantindən insanlar maksimum yararlana bilərlər. Bu günləri sağlıqla geridə qoymaq üçün kitablar, filmlər ən yaxşı köməyimiz ola bilər. Allah dünyamızı qorusun!

Şəfa Vəli
(Şair)

Dünyanı bürüyən koronavirus hər gün can almaqda davam edir. Ən inkişaf etmiş ölkələrin səhiyyə sistemləri belə onun qarşısında aciz qalıb. Dərman vəsaitləri çatışmır, xəstəxanalarda yer yoxdu... Şükür ki, dövlətin gördüyü qabaqlayıcı tədbirlər sayəsində Azərbaycanda bu hallar müşahidə olunmur. Biz də bu dövlətin bir parçası kimi, bir vətəndaş kimi aidiyyatı orqanların tövsiyələrinə əməl etməklə "korona günləri"ndə sayıqlığımızı itirməməli, panikaya düşməməli, sosial mediyada yayılan xurafatlara inanmamalıyıq. Ən əsası da, bu çətin günlərdə insan olduğumuzu unutmamalıyıq.

Emin Piri
(şair)

Kobud müqayisə ola bilər. Bəzilərinin deyir ki, bu olay supergüclərin oyunudur. Oyundayıqsa bu oyundan üzüağ, salamat və qalib çıxmaq lazımdır. Hər şeyə ironiya etməyi bacaran cəmiyyətimiz ümid edirəm koronavirus bəlasını öz ironiyası ilə "utandırıb" geri yola salacaq. Arzumdur ki, ölkəmiz bu bəladan ciddi xətərlər görməsin.

Fuad Cəfərli
(şair)

Zaman-zaman bəşəriyyət müəyyən sınaqlardan keçmişdir. Biz bunların çoxunu kitablardan oxumuşuq. Düşünürəm ki, indi də növbəti bir sınaq ərəfəsindəyik. Məlum sınaqdan isə yalnız birlikdə hərəkət edərək çıxmaq olar. Təlimatlara ciddi əməl edərək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamaqla özümüzə yardım etmiş olarıq. Sonda isə bir mənalı olaraq yalnız rəsmi xəbərlərə istinad etməyi və həmin xəbərləri insanımızla bölüşməyi doğru bilirəm.

Tural Turan
(Şair, jurnalist)

Əziz soydaşlar, Milli Birliyimizin zamanıdır! Koronavirusa qarşı birləşək - evdə qalaq, sağlam olaq!

banner

Oxşar Xəbərlər