• çərşənbə axşamı, 19 mart, 08:08
  • Baku Bakı 8°C

Azərbaycan xalqı və siyasi partiyalar yekdilliklə Prezidentin yanındadır

30.09.20 12:45 387
Azərbaycan xalqı və siyasi partiyalar yekdilliklə Prezidentin yanındadır
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq ölkəmizin 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Siyasi partiyaların birgə bəyanatı ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Bu bəyanatın hazırki vaxtda, Ermənistanın növbəti dəfə Azərbaycana qarşı başladığı növbəti geniş miqyaslı hərbi təxribatı zamanı qəbul edilməsinin böyük siyasi və ümummilli əhəmiyyəti var. Bu onu göstərir ki, ideoloji baxışları, siyasi platformaları və proqramları müxtəlif olan partiyalar lazım gəldikdə bütün fikir ayrılıqlarını bir kənara qoyaraq Azərbaycan üçün bir mövqeydən çıxış edə bilirlər.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın təcavüzkar, işğalçı siyasətini qınayır, beynəlxalq təşkilatları düşmənin mülki əhalinin yaşadıqları kənd və qəsəbələri atəşə tutmaları faktını insanlığa qarşı edilən cinayyət kimi qiymətləndirməyə çağırır. BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə Ermənistan tərəfindən 30 ilə yaxın bir müddətdə məhəl qoymadığını yada salan siyasi partiya rəhbərləri Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb edirlər. Siyasi partiyaların qəbul etdikləri bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə bağlı müyyənləşdirdiyi və həyata keçirtdiyi siyasəti tam dəstəklənir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirilir.
Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğurunda, torpaqlarımızın düşmən işğalından azad olması uğrunda aparılan müharibə zamanı xalq iqtidar və müxalifət cəbhəsinə bölünməməlidir.
27 sentyabr tarixində Ermənistan tərəfindən başlanan geniş miqyaslı hərbi təxribata qəhrəman ordumuzun əks-hücum əməliyyatı artıq işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda Böyük Vətən Müharibəsidir.
Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu müqəddəs müharibənin tezliklə qələbə ilə başa çatması üçün bütün imkanlarını səfərbər edərək, şanlı ordumuza hərtərəfli dəstək nümayiş etdirərək, düşmən üzərində tam və qəti qələbə qazanaraq işğal altında olan torpaqlarımızın işğaldan azad olacağına tam əmindir. Hazırda ölkəmizdə yüksək səviyyədə mövcud olan Xalq, Dövlət, Ordu birliyi və həmrəyliyi gözlədiyimiz qələbəyə zəmanət verir.
Milli Məclisin deputatı
Rauf Əliyev
banner

Oxşar Xəbərlər