Azərbaycan “Worldfood Moscow” Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb
Moskvada keçirilən 26-cı "Worldfood Moscow”
Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan "Ən
yaxşı debüt” mükafatına layiq görülüb.
Sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan
"Worldfood Moscow”ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən
istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı
proqram sərginin təşkilatçısı, dünyaca məşhur "ITE Group” tərəfindən yüksək
qiymətləndirilib.
"Made in Azerbaijan” vahid ölkə stendinin ən
yaxşılardan biri kimi mükafat alması həm də Sərgi ziyarətçilərinin pavilyonumuza
və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının
göstəricisidir.
Azərbaycanın vahid ölkə stendi milli üslubda
hazırlanıb və burada qədim adət-ənənələrimizdən olan xalçaçılıq sənəti, milli
mətbəximiz, musiqi və rəqslərimiz nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan "Worldfood Moscow”
Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin
keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral
sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay,
fındıq,qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in
Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
"Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın
14-dək davam edəcək.