• cümə axşamı, 25 aprel, 09:40
  • Baku Bakı 14°C

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir

07.12.17 11:30 2819
Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ötən illər ərzində Azərbaycanı daha da inkişaf etdirərək, dünya dövlətləri arasında böyük nüfuz sahibi edib. Ölkədəki sabitlik, xalq-iqtidar birliyi, iqtisadi tərəqqi, xalqımızın tolerantlıq, multikulturalizm ənənələrini yaşatması Azərbaycanı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana da çevirib. Bu göstəricilər, uğurlar, bütün sahələr üzrə qazanılan nailiyyətlər sadəcə yerli analitiklər tərəfindən deyil, beynəlxalq təşkilatlar vasitəsilə də dilə gətirilir, etiraf olunur. Buna misal olaraq, ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsini də nümunə gətirmək olar. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb.

Məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclisisə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib. Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.

Bu araşdırma ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili Aydın Hüseynov bildirib ki, Azərbaycan vətəndaşları informasiya əsrinin yaratdığı imkanlardan yararlanaraq dünyada, o cümlədən regionda cərəyan edən hadisələri diqqətlə izləyir, baş verənlərdən düzgün nəticə çıxarmağı bacarır. Onun sözlərinə görə, dünyanın müxtəlif qütblərə bölündüyü bir vaxtda Azərbaycan rəhbərliyi müstəqil, balanslı, yalnız milli-dövlətçilik maraqlarına söykənən xarici və daxili siyasi kurs həyata keçirir ki, bu da ölkənin, vətəndaşların rifah halının yaxşılaşmasına, sabitliyin, əmin-amanlığın qorunmasına xidmət edir. Millət vəkili deyib ki, belə situasiyada hansısa təşkilatın Azərbaycanla bağlı apardığı araşdırma nəticəsində elan etdiyi hazırkı göstəricilər təbiidir və reallığı əks etdirir: "Bu gün Azərbaycanda hər bir vətəndaş özünü rahat hiss edir. Ölkədə demokratik prinsiplərə, hüquqi dövlət quruculuğuna sadiqlik var. İnsanların bütün hüquq və azadlıqları təmin edilir. Neft gəlirləri olan Azərbaycanda qeyri-neft sektorunun, ümumilikdə isə iqtisadiyyatın inkişaf etdirilməsi üçün davamlı islahatlar həyata keçirilir. Sahibkarların dəstəklənməsi üçün ən yüksək səviyyədə ardıcıl tədbirlər görülür. Təbii ki, bütün bunlar ölkə iqtisadiyyatının inkişafına, bu isə nəticə etibarilə vətəndaşımızın sosial rifah halının daha da yaxşılaşmasına təsir edir. Vətəndaşlarda gələcəklə bağlı nikbinlik, əminlik yaradan budur ki, ən böyük makroiqtisadi göstərici sayılan dövlət büdcəsində sosial layihələrin reallaşması üçün böyük məbləğdə vəsait ayrılır. Dövlət büdcəsi hər bir ailənin diqqət mərkəzində olan məsələdir. Hər bir ailə üzvü görür ki, dövlət büdcəsində nəzərdə tutulan maliyyə vasitəsi onun aylıq əməkhaqqının, təqaüdlərin və sairin artımına yönələcək. Bunlar vətəndaşlarda gələcəyə əminlik, arxayınlıq yaradır. Bu isə dövlətə, prezidentə inamı daha da artırır”.

Millət vəkili qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsi, Yeni Əsrin Müqaviləsinin imzalanması kimi hadisələr də vətəndaşlarda Azərbaycanın gələcəyinin daha yaxşı olacağı barədə fikirləri qətiləşdirir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında, bilavasitə onun təşəbbüsü ilə gerçəkləşən beynəlxalq iqtisadi layihələr yaxın gələcəkdə ölkəmizə böyük dvidentlər gətirəcək. Bunu yalnız biz deyil, xarici ölkə rəsmiləri, beynəlxalq təşkilatlar da etiraf edir. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi ilə əlaqədar imzalanan müqavilə 2050-ci ilə qədər Azərbaycana neft sektorundan stabil gəlirin gəlməsi deməkdir. Bura beynəlxalq yük daşımaları, yaradılan, qurulan infrastruktur layihələrini də əlavə etsək, Azərbaycan iqtisadiyyatının gələcəkdə daha da inkişaf edəcəyini, daha çox gəlirlər əldə edəcəyini təsəvvür etmək mümkündür. Azərbaycanın iqtisadi potensialını təmin edəcək elə bir sahə yoxdur ki, orada islahatlar, müxtəlif tədbirlər həyata keçirilməsin, inkişaf nəzərə çarpmasın. Xüsusən də kənd təsərrüfatının, turizm sektorunun, sənayenin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi nailiyyətlərinin göstəricisidir. Hər bir vətəndaşımız da bunları görür, qiymətləndirir və etiraf edir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər