• cümə, 29 Mart, 10:15
  • Baku Bakı 5°C

Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlər daha da intensivləşməlidir - Baş prokuror

18.02.21 13:37 342
Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlər daha da intensivləşməlidir - Baş prokuror
Hesab edirəm ki, səfərimiz kifayət qədər uğurlu oldu.
Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasınaa rəsmi səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, səfər zamanı həmçinin Azərbaycanın hüquq-mühafizə orqanları ilə Türkiyənin, xüsusilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu ilə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr olub, fikir və təkliflər bildirilib: "Bildiyiniz kimi, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildik.
Görüşlərdə mühüm məsələlər müzakirə olundu və əhəmiyyətli qərarlar qəbul edildi. Müzakirə etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab edirik ki, yeni mərhələdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi, daha faydalı olması üçün kifayət qədər əsaslar var. Təbii ki, bu, ilk növbədə ikinci Qarabağ müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi həm ikitərəfli formatda, həmçinin beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirək. Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Təbii ki, digər məsələlər də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi. Hesab edirəm ki, bizim faydalı əməkdaşlığımız həm dövlətlərimizin, həm xalqlarımızın və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət edir”.

banner

Oxşar Xəbərlər