• çərşənbə, 24 Aprel, 06:56
  • Baku Bakı 13°C

Azərbaycan və Rusiya mədəniyyət sahəsində əməkdaşlığı fəal inkişaf etdirirlər

07.02.20 10:15 5033
Azərbaycan və Rusiya mədəniyyət sahəsində əməkdaşlığı fəal inkişaf etdirirlər
Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.
Trend-in məlumatına görə, görüşdə nazir Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Yanvar ayının sonunda paytaxtımızda keçirilən "Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının böyük rezonans doğurduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu tədbirlə bağlı müsbət rəylər səsləndiyini vurğulayıb. Qeyd olunub ki, gələcəkdə bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin qədim və zəngin mədəniyyəti, irs nümunələri haqqında qonaqlara məlumat verən nazir, eyni zamanda, incəsənət sahəsində Rusiya ilə uğurlu əlaqələrdən söz açıb, Azərbaycanın müxtəlif ölkələrlə də faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, son illərdə Rusiya ilə mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və hər iki ölkədə keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini deyib və bu tədbirlərin hər zaman maraqla qarşılandığını söyləyib.

Nazir söhbət əsnasında rusiyalı qonağı bu il Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq Humanitar Forumda yaxından iştiraka dəvət edib.
Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səmimi qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda "fəxri qonaq ölkə” statusunda təmsil olunması ilə bağlı fikirlərini bölüşərək, Azərbaycan nümayəndə heyətini bu mötəbər tədbirdə görməkdən məmnun olacağını diqqətə çatdırıb.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov da iştirak edib.

banner

Oxşar Xəbərlər