Azərbaycan və Çinin gender siyasəti üzrə seminar keçirilib - Fotolar
Azərbaycan Dillər
Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə
Gününə həsr olunmuş "Çin ailəsi: ənənədən müasirliyə” mövzusunda seminar
keçirilib.
Açılış nitqi ilə çıxış edən
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin ailəsinin ənənəvi
modelləri və onun xüsusiyyətlərindən danışıb. O, xüsusilə Çində keçirilən sosial
– iqtisadi islahatlarla əlaqədar olaraq Çin ailəsinin tərkibi və strukturundakı
dəyişikliklər üzərində dayanıb.
Konfutsi İnstitutunun əməkdaşları
qədim Çində ailə münasibətlərinin xüsusiyyətləri, toy ənənələrinin tarixi və
Çin uşaqlarının tərbiyəsi, həmçinin Konfutsi fəlsəfəsinin Çin ailəsinə təsiri
barədə danışıblar.
Seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti,
ADU-nun Regionşünaslıq kafedrasının dosenti Kifayət Ağayeva və adıçəkilən kafedranın
müəllimi Fidan Ələsgərova Azərbaycan və Çində gender münasibətlərinin xüsusiyyətləri
barədə məlumat veriblər.
Sonda müasir Çin ailəsinə həsr olunmuş "Böyük ailə” bədii filmi
nümayiş olunub.
Qeyd edək ki, seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
nümayəndəsi Azər İsalı da iştirak edib.