Azərbaycan və Fransa regionları arasında əlaqələr genişlənir - Foto
Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər
və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev və
ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin
yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın
desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi
Bertran For imzalayıblar.
Anlaşma
Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri
üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə
əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin
həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının
Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik
edəcəkdir.
İmzalanma mərasimi çərçivəsində İqtisadiyyat naziri
Şahin Mustafayev və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin
yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik
etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycan və Fransa
arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində
dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti
vurğulanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin,
xüsusilə humanitar sahədə əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə önəmlidir.
Bununla yanaşı, Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin
açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, ötən həftə
8-ci iclası keçirilmiş Azərbaycan-Fransa İqtisadi
Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsinə
müsbət töhfə verir. Azərbaycan-Fransa əlaqələrinin müxtəlif sahələri əhatə
etdiyini vurğulayan nazir Şahin Mustafayev əməkdaşlığımızın iqtisadi sahədə
uğurla inkişaf etdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, regionlararası əlaqələr
Azərbaycan-Fransa əməkdaşlığının mühüm istiqamətlərindəndir və Azərbaycanın 14
şəhəri ilə Fransanın 13 şəhər və vilayəti qardaşlaşıb. Bildirilib ki, bu gün
imzalanan sənəd Azərbaycan-Fransa əlaqələrinin və regionlararası əməkdaşlığın
genişləndirilməsində önəmli olacaqdır. Fransa nümayəndə heyətinin ölkəmizə səfəri
çərçivəsində bu gün Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan Beynəlxalq
Üzüm və Şərab Festivalı Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində,
qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında,
bu sahədə təcrübə mübadiləsində əhəmiyyətlidir. Fransanın şərabçılıq sahəsində
böyük təcrübəyə malik olduğunu qeyd edən nazir Şahin Mustafayev Azərbaycan şərablarının
da dünyada tanındığını və bu yaxınlarda Çində keçirilən sərgidə ən yaxşı şərablardan
biri kimi mükafata layiq görüldüyünü bildirib. Azərbaycanda həyata keçirilən
iqtisadi islahatları diqqətə çatdıran Şahin Mustafayev qeyri-neft sektorunun
şaxələndirilməsinin, o cümlədən şərabçılıq kimi ənənəvi sahələrin inkişafının
prioritet olduğunu qeyd edib.
Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin
yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycanda
səfərə olan Fransa nümayəndə heyətinə ölkəmizi yaxından tanıyan və qardaşlaşmış
şəhərlərin təmsilçilərinin daxil olduğunu diqqətə çatdırıb, bu gün imzalanmış sənədin
Fransa və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafında və əlaqələrin
yeni müstəviyə keçməsində əhəmiyyətini vurğulayıb.