• şənbə, 20 Aprel, 09:33
  • Baku Bakı 14°C

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formasında görüşü keçirilib - Yenilənib

21.04.20 22:00 683
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formasında görüşü keçirilib - Yenilənib
Bu ilin 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.
Trend-in məlumatına görə, görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə etdilər.
Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirildi. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olundu. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulandı.
Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olundu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.
Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırdılar.
Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.
------------
19:44
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formasında görüşü keçirilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir ki, görüşdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan, ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Endryu Şafer (Amerika Birləşmiş Ştatları), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.
Xatırladaq ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.


banner

Oxşar Xəbərlər