• cümə, 19 Aprel, 17:21
  • Baku Bakı 25°C

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nə vəd edir?

11.10.17 10:25 5234
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nə vəd edir?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər səviyyəsində görüş keçirilə bilər. Bir müddət əvvəl həmsədrlərin təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra ATƏT-in Minsk qrupu həmsədrləri belə bir bəyanatla çıxış etmişdi. Beləliklə, bu məqsədlə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edərək oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda görüşlər keçiriblər.

Həmsədrlər İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) regiona səfərinin yekunlarına dair bəyanatda qeyd olunub ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub: "Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər”.

Qeyd olunduğu kimi, həmsədrlər prezidentlərin görüşü üçün hazırlıqlara başlayıb. Bu görüş baş tutacaqmı və ya prezidentlərin görüşü substantiv danışıqlar üzrə olacaq, yoxsa yenə də görüş xatirinə görüş keçiriləcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının sosial-iqtisadi inkişafı yekunları və qarşıda dayanan vəzifələrlə bağlı iclasında bu məsələni xüsusi diqqətdə saxladı: "Dövlət başçısı qeyd etdi ki, Ermənistan tərəfi ciddi-cəhdlə prezidentlər səviyyəsində görüşün baş tutmamasına çalışırdı və buna görə də şərtlər irəli sürürdü. Lakin biz öncədən söyləmişdik ki, Ermənistan məcbur olacaq ki, danışıqlar masasına qayıtsın və məsələlər danışıqlar çərçivəsində müzakirə olunsun. Prezident vurğuladı ki, Ermənistanın bütün ilkin şərtləri bizim üçün qəbuledilməz idi və biz deyən oldu. Çıxışı zamanı dövlət başçısı danışıqlar prosesində heç bir irəliləyişin olmadığını vurğuladı. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi də dəyişməzdir. Yəni, ərazi bütövlüyü məsələsi heç bir zaman danışıqlar predmeti olmayıb və heç vaxt da olmayacaq. Ermənilər bir dəfə öz müqəddəratını təyinetmə hüququndan istifadə edib Ermənistan dövlətini yaradıblar, ikinci erməni dövləti yaradılmayacaq. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan məhz məzmun üzrə danışıqların tərəfdarıdır. Əgər ölkə prezidenti Ermənistanın dövlət başçısı ilə görüşəcəksə, deməli burada ancaq substantiv danışıqlardan söhbət gedə bilər. Çünki substantiv danışıqlar olmayacağı təqdirdə, görüşün keçirilməsinin bir mənası qalmır”.

E.Nəsirov qeyd etdi ki, aprel döyüşlərindən sonra Ermənistan danışıqların davam etdirilməsi üçün ilkin şərtlər irəli sürmüşdü: "Bu şərtlər o idi ki, təmas xəttində insidentlərin araşdırılması üzrə mexanizm tətbiq edilsin, ünvanlı bəyanatlar olsun və sonuncusu isə, guya Azərbaycan Dağlıq Qarabağda erməni əhalisinə qarşı təcavüz edib və bunun baş verməməsinə təminat versin. Bunlar qərəzli, təhrif olunmuş şərtlərdir. Ermənilər özlərinin etdikləri hərəkətləri bizim üstümüzə atmaq istəyirdilər. Təbii ki, bunlar qəbuledilməz yanaşmalar idi. Prezident İlham Əliyevin mövqeyi o idi ki, ermənilər bu mənasız və ağılsız təkliflərindən imtina etməyə məcbur olacaqlar, danışıqlar masasına qayıdacaqlar. Bu gün həmin proses baş verməkdədir. Danışıqlardan imtina Ermənistan üçün çox ciddi nəticələrə gətirib çıxara bilər. Prezident vurğuladığı kimi, danışıqlar Ermənistan üçün lazımdır. Bu olmayacağı təqdirdə, müharibə versiyası aktuallaşa bilər və Ermənistanın biabırçı məğlubiyyəti labüd olacaq. Bu mənada güman edirik ki, prezidentlərin növbəti görüşü baş tutacağı təqdirdə, müəyyən konstruktiv məcrada danışıqlar gedə bilər. Xüsusilə, Azərbaycanın danışıqlar öncəsi diplomatik və hərbi üstünlüyü bu reallığı şərtləndirə bilər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, prezidentlərin növbəti görüşündə real nəticələr gözlənilmir: "Çünki Nazirlər Kabinetinin sonuncu müşavirəsində Prezident İlham Əliyev vurğuladı ki, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Faktiki olaraq, Ermənistanın siyasətində heç nə dəyişməyib. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına dair bir işarə belə yoxdur. Çox təəssüflər olsun ki, həmsədrlər danışıqları irəli aparmaq və mərhələli həll planını Ermənistana qəbul etdirmək əvəzinə, neçə aylardır prezidentləri görüşdürmək üçün qarşılarına məqsəd qoyublar. Yaxşı, deyək ki, prezidentlər görüşdü. Axı, prezidentlərin görüşündən nəticə hasil olmasa, cəbhə xəttində vəziyyət daha da gərginləşəcək. Həmsədrlər bunu da anlamalıdır. Çünki hər dəfə belə olur, görüş keçirilir, Ermənistan tərəfi heç bir addım atmır, cəbhədə vəziyyət gərginləşir, toqquşma ehtimalı da artır. Ona görə də danışıqlarda hansısa yeni bir element tapılmadan, Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasına yönəlik bir işartı olmadan prezidentlərin görüşündən real nəticə gözləmək mümkün deyil”.

E.Şahinoğlu əlavə etdi ki, indiyədək Azərbaycan və Ermənistan prezidentlərinin onlarla görüşü baş tutub: "Ancaq Ermənistan prezidentinin mövqeyi imkan verməyib ki, görüşdə nəticə əldə olunsun. Ona görə də həmsədrlər nəyə ümidlidirlər, mənə o aydın deyil. Diqqət etsəniz görərsiniz ki, son illər genişləndirilmiş Madrid prinsiplərindən danışan belə yoxdur. Halbuki, bu, həmsədrlərin özlərinin hazırladığı plandır. Regiona gəlirlər, gedirlər, amma bu plandan danışmırlar. Yeganə qeyd etdikləri məsələ prezidentlərin görüşü ilə bağlıdır. Amma prezidentlərin məzmun olmadan görüşü vəziyyətin gərginləşmə ehtimalını artırır. Dövlət başçısı İlham Əliyev müşavirədə də söylədi ki, Ermənistan yenə də öz mövqeyində qalarsa, aprel hadisələri təkrarlana bilər. Bu əslində real məsələdir. Çünki Ermənistan hakimiyyəti Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir və böyük dövlətlər işğalçıya təsir göstərmirlər. Aprel hadisələrindən öncə də vəziyyət eyni idi və ondan sonra heç bir dəyişiklik yoxdur. Ona görə də bu cür nəticəsiz danışıqlar, həmsədrlərin ikili siyasəti aprel hadisələrinin təkrarlanma ehtimalını artırır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər