• çərşənbə axşamı, 23 aprel, 15:10
  • Baku Bakı 24°C

Azərbaycan üçün daha bir beynəlxalq platforma - D-8

24.10.17 10:30 2303
Azərbaycan üçün daha bir beynəlxalq platforma - D-8
Türkiyənin İstanbul şəhərində islam ölkələri arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək məqsədilə 1997-ci ildə yaradılmış D-8 ölkələri dövlət başçılarının Zirvə toplantısı keçirilib. Zirvə toplantısında D-8 təşkilatına müşahidəçi qismində üzv olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edib.

Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib. Onu da qeyd edək ki, D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib.

Azərbaycanın bu təşkilatın sammitində iştirak etməsi ölkəmizin iqtisadi potensialının tanıdılması baxımından yeni bir platforma oldu.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, D-8 əhalisinə, iqtisadi gücünə və hərbi qüdrətinə görə səkkiz ən güclü müsəlman dövlətinin bir əməkdaşlıq formatıdır: "Burada Pakistan, İndoneziya, Nigeriya, Türkiyə, İran və ümumiyyətlə 56 müsəlman ölkəsindən əhalisinin sayına və iqtisadiyyatının böyüklüyünə görə 8 ölkə bir araya gəlib. Sadəcə olaraq, bu tədbir Türkiyədə keçirilirdi və adətən ev sahibliyi edən ölkənin əlavə bir qonaq dəvət etmək imkanı var. Türkiyə Azərbaycanla müttəfiqliyi nəzərə alaraq daima belə tədbirlərə, sammitlərə Azərbaycan prezidenti İlham Əliyevi dəvət edir. G-20-nin Sammiti də Türkiyədə keçiriləndə burada təmsil olunan ABŞ, Avropa ölkələri ilə yanaşı, məhz Türkiyə prezidentinin dəvəti ilə dövlət başçısı İlham Əliyev də xüsusi qonaq qismində iştirak etmişdi”.

R.Musabəyovun sözlərinə görə, bu sammitdə iştirak Azərbaycan üçün bir imkan idi ki, ölkəmizin iqtisadi inkişafı ilə bağlı uğurları bölüşək, həm də iştirakçıların diqqətini dövlətimizin qarşılaşdığı problemlərə, xüsusilə Qarabağ məsələsinə cəlb edək: "Dövlət başçısı İlham Əliyev məhz öz çıxışı ilə bunu etdi. Eyni zamanda İslam həmrəyliyinə əsaslanaraq müraciət etdi ki, azərbaycanlıları qətl edən, torpaqlarını işğala məruz qoyan Ermənistanla müsəlman ölkələrinin əməkdaşlıq etməsi, əlaqələr qurması tamamilə qəbuledilməzdir”.

Millət vəkili Sədaqət Vəliyevabildirdi ki, prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə görüşündə iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını sübut edir. Onun sözlərinə görə, ölkəmizin D-8 görüşündə təmsil olunması Azərbaycan-Türkiyə dostluq və qardaşlığına nümunə olmaqla yanaşı, dövlətimizin müsəlman dünyasında da rolunun, əhəmiyyətinin artdığını göstərir: "Zəngin təbii sərvətlərə və sürətli inkişafa malik D-8 ölkələrinin qarşılıqlı ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq niyyətində olan təşkilat üzvləri sıralarının genişləndirilməsini də prioritet kimi görməkdədirlər. Odur ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin IX zirvə görüşünə dəvət olunması təsadüfi deyildir.

Hər kəs yaxşı bilir ki, Azərbaycan D-8 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər. Birincisi, Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparan və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atan ölkədir. İkincisi, Azərbaycan son 13 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artıran, yoxsulluğun səviyyəsini 10 dəfə aşağı salan, savadlılığı 100 faizə yüksəldən, 2 milyona yaxın yeni iş yerləri açan, strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabər, xarici dövlət borcu isə ümumi daxili məhsulun 20 faizindən az olan bir dövlətdir. Üçüncüsü, Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrini icra edir. Dördüncüsü, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir”.

S.Vəliyeva əlavə etdi ki, Azərbaycanın D-8 kimi iqtisadi əməkdaşlıq təşkilatına qoşulmaq imkanı kifayət qədər realdır: "Şübhə yoxdur ki, ölkəmizin gələcəkdə bu qurumun sıralarına daxil olması İslam dünyasında əməkdaşlığın genişlənməsinə yalnız fayda verəcək”.

Milli Məclisin deputatı Azər Badamov isə vurğuladı ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malikdir. Onun fikrincə, prezident İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir: "Ona görə də Azərbaycanın Zirvə görüşündə iştirak etməsinin həm dövlətimiz, həm də üzv ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan aktiv bir ölkə olaraq belə görüşlərə tez-tez dəvət olunur”.

A.Badamovun dedyinə görə, Azərbaycan prezidentinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sözügedən görüşdə iştirakı bir daha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var: "Ümumiyyətlə bütün beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan birlikdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər