“Azərbaycan üçün burnumun ucu göynəyir”
Sosial şəbəkələrdə bu tipli səhifələr demək olar
ki, çox azdır. Varsa da çox tanınmır. Amma bu səhifə çox qısa zamanda tanınıb,
öz izləyici auditoriyasını toplaya bildi. Kanalda həyat və karyera üçün vacib
sayılan kitabların qısa məzmunları, psixoloji və aydınladıcı mövzular, biznes,
marketinq, satış, işə düzəlmə və s. mövzularda faydalı məlumatlar yer alan videolar
izləyicilərə təqdim olunur. Bir sözlə, səhifə inkişaf etmək istəyənlər üçün nəzərdə
tutulub. Söhbət, ZehinX səhifəsindən gedir.
- Azərbaycan
üçün burnumun ucu göynəyir. 4 il yarımdır burdayam, amma orada yaşamağı çox istəyərdim.
Amma mən bir növ burada kök salmışam. Artıq ora qayıtmaq üçün gecdir. O mənada
ki gərək bir müddət burda qalım, sonra qayıdım. Ömrümün axırına qədər burada
qalmaq fikrim yoxdur. 10 il filan ola bilər. Az olar ki, çox olmaz. Bəzi
adamlar var ki, xarici ölkə həvəsi ilə gedirlər. Mən xarici ölkə olaraq
Amerikaya təhsil almaq üçün getmişdim, sonra buraya gəldim. Məndə də xaricdə təhsil
almaq istəyi varıydı. Amma əvvəllər 9 aylıq dərs müddəti bitib, 3 ay Bakıya
qayıtmaq vaxtı gələndə adam doğrudan da xaricdə olmağından həzz alırdı. Çünki
daimi yerinin bura olmadığını bilirdin. Elə ki, burada yaşamağa, kök salmağa
başladın, artıq xaricdə yaşamaq həvəsi uşaqlıq kimi gəlir insana və onda dərk
edirsən ki, öz ölkəndən kənarda qalmaq və oraya evin kimi baxmamaq necə çətindir.
Amma biz artıq burada yaşayırıq, yalnız istirahət üçün ölkəyə gedə bilirəm.
Səhifənin yaradıcısı isə İrlandiyada yaşayan azərbaycanlı
gənc Fuad Əliyevdir. Həmsöhbətimiz olan Fuad bəylə də elə səhifəsi, yaradılma səbəbi,
gələcək planları və s. haqda danışdıq.
- İlk olaraq ZehinX-in yaranmasından danışaq. Bu
ideya necə yarandı?
- Buna
hobbi kimi yanaşıram. Boş vaxtımı səmərəli keçirmək də deyə bilərik. Özüm
ingilis dilində olan bu tipli xarici kanallardan çox faydalanmışam. Bildiyim qədərilə
Azərbaycan dilində belə bir şey az idi. Bu səhifəni yaratmaq üçün əslində iki səbəbim
varıydı. Birincisi, düşündüm ki, əlimdə olan maliyyəni birbaşa kiməsə verməklə,
bir-iki nəfərə maddi kömək edə bilərəm. Amma insanlara lazım olan informasiyanı
verməklə də kömək etmək olar. Düşündüm ki, bir-iki nəfərə edəcəyim maddi köməyi
paylaşmaq istədiyim məlumatın reklamı üçün xərcləsəm, daha çox adam yararlanar.
Ona görə bu səhifəni yaratdım.
- Bunu ölkədən kənarda yaşayan bir gəncin ölkəsi
üçün nəsə etmək arzusu kimi də qəbul edə bilərik?
- Əlbəttə,
elə bunun üçün edirəm. Digər ölkələrdə Azərbaycandan fərqli olaraq "YouTube”dan
əslində yaxşı gəlir qazanmaq olur. "YouTube”dan gəlir qazanmaq prosesi elədir
ki, bu kanala reklam verən şirkətlər var. Onların reklamları hansı videolarda
gedirsə, əgər "YouTube” ilə əməkdaşlıq varsa, pulun 55 faizi videonu yerləşdirən
şəxsə çatır. Amma Azərbaycandan "YouTube”a reklam verən demək olar ki, yoxdur
deyə, bu, ümumiyyətlə, gəlirsiz bir şeydir. Əgər mən bunu xarici ölkə yox, Azərbaycan
üçün edirəmsə, gəlir qazanmıram və daha çox insanın görməsi üçün pul xərcləyirəmsə,
demək ki, bunu həmvətənlərimə nə isə xeyrimin dəyməsi üçün edirəm.
- Səhifə çox qısa vaxtda tanındı. Tez bir zamanda
tanınmağın səbəbi nə oldu?
- Bunun
iki səbəbi var. Mən özüm marketoloqam. Ən çox maraq göstərdiyim sahə də viral
kontentin yaradılmasıdır. Bu sahədə çox araşdırma aparmışam, oxumuşam. Gəldiyim
nəticələrə əsasən deyə bilərəm ki, videoların uğurlu olması, tez tanınması üçün
əslində müəyyən bir formul var. Yəni, bəzi nüanslara fikir vermək lazımdır.
Videonu görən insanların sayının daha çox olması, izləyənlərin də paylaşmasına
nail olmaq üçün bəzi məqamlara nəzər yetirilməlidir. Bəzi videolarda daha çox,
bəzilərində qismən bu metodlardan istifadə edirəm ki, daha çox yayılsın.
İkincisi odur ki, mən başladığım gündən həm videoların hazırlanması, yəni
keyfiyyətli olması, həm də reklamı üçün müəyyən bir büdcə ayırmışam və hər
videonu ayrıca reklama qoyuram. Hər dəfə reklama ortamala 60-100 avro arası pul
qoyuram. Məncə, bu iki üsulla tez bir zamanda tanınmağa nail ola bildim.
- Sizdə mövzu seçimi də maraqlı olur. Rəylərə
baxdım, çox adam deyir ki, eynilə mən… Seçim necə aparılır? Özünüz seçirsiniz,
yoxsa təklifləri də dəyərləndirirsiniz?
- Təklifləri
nəzərə alıram. Amma hələ başlamamışdan bir çox mövzuları yazmışdım. Onlardan hələ
də qalanı var. Təkliflər olanda əlavə edirəm. Mən araşdırmanı sevən adamam.
Ağlıma hansısa bir ideya gəlirsə, internetdə onu dərindən araşdırıram. Kökün tərkibində
olan vitaminlərdən tutmuş, psixoloji məsələlərə qədər ağlımda nə sual
yaranırsa, onun cavabını tam ətraflı bilib dərk edənə qədər öyrənirəm.
İnternetdə axtaranda hansı məsələlərin daha dərin araşdırılmasına ehtiyac
olduğunu görürəmsə, bu zaman o haqda kitab oxuyuram. Müxtəlif kitablar mənim həyatıma
təsir edib. Fikirləşdim ki, əgər onlar mənə təsir edibsə, başqalarının da həyatına
təsirsiz ötüşməyəcək. Ola bilsin ki, kimlərsə mənimlə eyni həyatı yaşamır, amma
belə görünür ki, mənə təsir edənlər çox adama təsir edə bilərmiş. Mövzu seçimi
üçün çox baş sındırmıram. Fikir vermisinizsə, əksər vaxtlarda kitabların qısa məzmununu
verirəm. Onlar onsuz da dünyada bestseller olmuş kitablardır. Əgər bir kitab
dünya səviyyəsində bestsellerdisə, Azərbaycanda da çox adam bəyənəcək.
- Bir videonun hazırlanması nə qədər vaxt aparır?
Çünki kifayət qədər məlumat verirsiniz və bir az da gec-gec hazırlayırsınız…
- Məlumatı
hazırlayıb, səsi yazmaq, bir də düzəlişləri etmək mənlikdir. Bunun üçün
haradasa, 6 saat vaxt gedir. Amma videonu özüm hazırlamıram. Onun da öz mütəxəssisləri
var.
- Videoların uzun olduğunu düşünmürsünüz? Düzdür, maraqlıdır,
amma vaxt olmayanda adam məcburən yarımçıq qoyur…
- Qısa
etsəm, dayaz olacaq. Əgər 5 dəqiqəsini izləyib, qalan hissəsinə baxmırsınızsa,
deməli, həmin video sizin üçün çox faydalı deyil. Ola bilsin ki, siz nələrisə
bilirsiniz və təkrarçılıqdır deyə, axıra qədər dinləmirsiniz. Əgər hər saniyədən
fayda götürürsünüzsə, axıra qədər baxacaqsınız. Mən onsuz da təqdim etdiyim
mövzunu maksimum dərəcədə dərindən izah etməyə çalışıram. Təsəvvür edin,
250-300 səhifəlik kitabdan hazırladığım videonu çox qısa edirəm, necə olar?
- Arada videolarınızı izləyəndə belə düşünürəm ki,
ürəyiniz doludur, daha çox informasiya çatdırmağa çalışırsınız…
- Bəli,
bir növ elədir. İstəyirəm ki, daha çox məlumat verim. Sizcə, sıxıcı olur? Tənqidlərə
çox açığam. İzləyici olaraq tənqidi fikirləriniz varsa, nəyi bəyənmirsinizsə,
qeyd edə bilərsiniz.
- Əksinə, maraqlıdır… Qeyd etdiniz ki, Azərbaycanda
"YouTube”dan gəlir əldə etmək olmur. İndi sizi könüllü adlandıra bilərik, yoxsa
gəlir də olur?
- Elə
könüllü deyə bilərsiniz. Hardasa indiyə qədər təkcə reklamlara 1501 avro xərcləmişəm,
videoların hazırlanması üçün də hazırlayan şəxsə 6 ay ərzində təxminən 2300
avro ödəmişəm. 35 Amerika dolları isə qazancım olub. Kitab satışından demək
olar ki, nə gəlir, nə də ziyan oldu, çünki saxladıq deyə nə qədər kitab əldə
qaldı və çox ucuz qiymətdən geri verdik ki, ziyan olmasın. Pul məsələləri həssasdır
deyə, belə detallı deyirəm. Kitab satışı məsələsini bir videoda etdik, ikincidə
də etdik, amma yarıda saxlamalı olduq. 2-ci videodakı kitab üçün də satış etməmək
qərarına gəldik və bütün sifarişçilər və izləyicilərə havayı şəkildə PDF
formatında verdik və həm də səhifədə paylaşdıq, bundan sonra da bu satış məsələsini
dayandırdıq. Əsas səbəb o oldu ki, kitab satışının aparılmasına bir çox adam mənfi
reaksiya verdi, bildirdilər ki, məqsəd pul qazanmaqdır. Tərkibində reklam var
deyə, o videoların faydasını görməzdən gəldilər. Amma səhifəni yaratmaqda məqsədim
pul qazanmaq deyildi.
- Özünüzün bundan əlavə startaplarınız, biznesiniz
var. O işlərdən necə vaxt tapıb həm də videoları hazırlayırsınız?
- Düzü, videoları həftə sonları hazırlayıram. Özüm kifayət qədər məşğulam,
amma lazım olan işlərə vaxt tapıram. Ümumiyyətlə, mən "bütün gün işləyirəm, bir
dəqiqə vaxtım yoxdur” yanaşmasını doğru qəbul etmirəm. 99 faiz hallarda bu cür
deyənlər yalan danışırlar. Demək ki, o adam sadəcə vaxtını düzgün idarə edə
bilmir. Mən məşğul ola bilərəm, amma bu o demək deyil ki, özümə, ailəmə zaman
ayırmıram. Bunlar hamısı vacibdir. Səhifədəki paylaşımlar məni daha çox işləməyə
məcbur edir. Amma buna vaxt itkisi kimi baxmıram. Əskinə, motivasiya alıram.
- Hansısa bir işə cəhd edərkən alınma məsələsi neçə
faiz olur?
- Faiz məsələsi
adamdan adam dəyişir. Dünya statistikasına görə, 98 faiz işlər alınmır, 2 faiz
uğurlu olur. Amma bu, insandan asılıdır. Əgər insan özünü inkişaf etdirsə, özünə
harda istəsə yer tapır. İnvestorlar arasında belə bir deyim var ki, A ideyalı,
B komandalı şirkətə pul qoymaqdansa, B ideyalı, A komandaya maliyyə yatırmaq
daha uğurlu olur. Əsas olan insan faktorudur. Əgər siz təslim olmursunuzsa,
problem həll etmək xüsusiyyətiniz, kreativliyiniz, liderliyiniz kifayət qədər
yüksəkdirsə, yaxşı komandanız varsa və s. işinizin alınma faizi da yüksəkdir.
- Şəxsi inkişafla bağlı 200 kitab oxumusunuz.
Biznesə başlayandan sonra bu istiqamətdə kitab oxumağa qərar verdiniz, yoxsa
kitabları oxuduqdan sonra biznes qurmaq haqda düşündüz?
- O
kitabları birinci kursdan oxumağa başlamışam. Biznesə başladıqdan sonra isə
daha çox bizneslə bağlı kitablara meyl etmişəm.
- İşlərinizin idarə olunmasında, bu yerdə
olmağınızda həmin kitabların rolu olub, yəqin…
- Təbii
ki olub. Amma təkcə kitabları deməzdim. Çünki mən yalnız kitab oxumaqla kifayətlənmirəm.
Kitabları daha çox audio formatda dinləyirəm. Çünki normalda oturub oxumaq çox
vaxt aparır. Amma yemək yeyəndə, yolda gedəndə də səsli formanı dinləmək rahat
olur. Əgər mənim üçün nə isə maraqlıdırsa, internetdə tapıb oxuyuram, videolara
baxıram. Bir nöqtə var ki, adam öyrənməyin yolunu öyrənir. Onu biləndən sonra hər
şey asandır.
- Öyrənməyin yolu nədir ki?
- Müasir
texnologiyanın imkanları, internetdə axtarmaq, Azərbaycan dilindən əlavə xarici
dil bilmək. İngilis dili ən üstünüdür. Bəzən adama elə gəlir ki, internetdə
sözü yazırsan, məlumat gəlir. Amma elə deyil. Doğru məlumatı tapmaq üçün
bacarıq lazımdır. Bu vərdiş zamanla formalaşır. Kitabları axtarıb tapmaq da önəmlidir.
- Səhifədə sizə təşəkkür edilən rəylərlə yanaşı, mənfi
tərəfdən yanaşmalar da olur. Əziyyət çəkib nəsə hazırlayandan sonra belə rəyləri
görmək həvəsinizi öldürmür?
- Təzə
başlayanda bir az təsir edirdi. Amma sonra yanaşmamı dəyişmişəm. Mən insanların
faydalanmağı üçün edirəm. Əgər kimsə bəyənmirsə, dinləməyəcək, faydalanmayacaq.
Təzə başlayanda adam həssas olur. Birinci dəfə idi ki, belə bir təcrübə yaşayırdım.
Ona görə hər rəy təsir edirdi. Analiz edilmiş fikir bildiriləndə onun üzərində
düşünürəm, tənqidi rəylərə dəyər verirəm. İnsanın yanaşmasından asılıdır. Biri
yazmışdı ki, qaqaş, başını az yellə, əsəblərimə təsir edir. Təzə başlayanda
buna bəlkə də əsəbiləşərdim, amma indi gülürəm. Bunu "vecimə almıram” kimi də
başa düşməyin. Hər kəsin öz fikri var. O qədər olub ki, hansısa məsələyə, yaxud
insana qarşı münasibətim mənfi olub, lakin sonra peşman olmuşam. Hər kəs də öz
təcrübəsinə əsasən, hadisələri, insanları qiymətləndirir. Ola bilər kiməsə səmimi,
kiməsə qeyri-səmimi gəlir. Normaldır.
- Səhifə ilə bağlı gələcək planlarınız nələrdir?
- Fikrim
var ki, səhifədə elan verib, könüllü bu işdə mənə qoşulmaq istəyənləri cəlb
edib bir sayt yaradaq. İngilis dilində gözəl məlumat dolu videolar var.
Yenisini hazırlamaq yox, ingilis dilində olanları tərcümə edib, bizim dildə səsləndirib
sayta yerləşdirə bilərik. Belə bir fikir var, bunu idarə edən adam tapsam, sayt
yaratmağı düşünürəm. Mən Azərbaycanda yaşamadığım üçün bunu edə bilmərəm, həm də
təkbaşına vaxt cəhətdən çox çətin olar.
- Nə qədər vaxtdır ölkədən kənarda yaşayırsınız?
Qayıtmaq haqda düşünürsünüz?
Aygün
Asimqızı