• şənbə, 20 Aprel, 17:23
  • Baku Bakı 23°C

Azərbaycan - Türkmənistan yaxınlaşması “Kəpəz” problemini aradan qaldıracaqmı?

20.07.17 11:00 1424
Azərbaycan - Türkmənistan yaxınlaşması “Kəpəz” problemini aradan qaldıracaqmı?
Azərbaycan hər zaman Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə geniş əlaqələrin qurulmasına üstünlük verib. Dövlətimizin apardığı balanslaşdırılmış siyasətin nəticəsində həm quru sərhədimiz olan, həm də Xəzər hövzəsindəki ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq davam etdirilir.

Azərbaycan Türkmənistanla da çoxtərəfli münasibətlərin inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verib. Lakin Xəzər dənizindəki yataqların işlənilməsində bir sıra mübahisəli məqamlar olurdu. Belə ki, Azərbaycanla Türkmənistan arasında "Kəpəz” yatağı ilə bağlı fikir ayrılığı mövcuddur. Buna baxmayaraq, Azərbaycan Türkmənistanla əlaqələrin genişləndirilməsinə, dost, qardaş münasibətlərinin qurulmasına önəm verib. Bunun nəticəsidir ki, bu günlərdə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirilib, ölkələr arasında münasibətlərin genişləndirilməsi üçün bir sıra mühüm sənədlər imzalanıb.

Xüsusilə, Türkmənistan nümayəndə heyəti ilə görüş zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Dövlət başçısı qeyd edib ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir: "Biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük”.

Dövlət başçısı bu baxımdan qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirildiyini deyən prezident İlham Əliyev qardaş və qonşu ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov bildirdi ki, Azərbaycan hər zaman qonşu ölkələrlə geniş əlaqələrin qurulmasına üstünlük verib: "Təbii ki, biz bu gün Türkmənistanla da hər sahədə əlaqələrin qurulmasına üstünlük veririk. Azərbaycan bütövlükdə türkdilli ölkələrlə istər siyasi, istər iqtisadi, itərsə də digər sahələrdə münasibətlərin qurulmasında maraqlıdır. Düzdür, bu gün Türkiyə ilə Azərbaycan əlaqələri digərlərinə nisbətən qardaşlıq və dostluq müstəvisindədir. Amma Azərbaycanın Türkmənistanla da əlaqələri var. Onu da qeyd edim ki, "Kəpəz” yatağı ilə bağlı Azərbaycanla Türkmənistan arasında fikir ayrılığı mövcuddur. Düşünürəm ki, zaman-zaman iki ölkə arasında əlaqələr inkişaf etdikcə, bu fikir ayrılığı da aradan qalxacaq. Prezidentlər, o cümlədən xarici işlər naziri səviyyəsində səmimi şəkildə masa ətrafında müzakirələr aparıldıqca dostluq, qardaşlıq əsasında buna nail olunacaq. Fikrimcə, bu görüşlərin nəticəsi olaraq "Kəpəz” yatağı ilə bağlı yaranmış problemin aradan qalxması mümkün ola bilər”.

E.İbrahimov əlavə etdi ki, Azərbaycan və Türkmənistan dövlət rəsmiləri arasında olan bu görüşlər həm də iki ölkə parlamentinin bir-birinə daha çox yaxınlaşmasına gətirib çıxaracaq: "Əlbəttə, biz digər ölkələrin parlamentləri ilə əlaqələrin genişləndirilməsinə çalışırıq. Bu yaxınlarda Özbəkistanda parlamentində görüşlərimiz oldu. Ümumiyyətlə, bütövlükdə Orta Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsində çox maraqlıyıq. Türkmənistanla da əlaqələrimizi genişləndirmək istəyirik. Onu da qeyd edim ki, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da çalışır ki, iki ölkə arasındakı münasibətlər daha da genişlənsin. Bundan başqa, Türkmənistanın Azərbaycana yeni səfiri təyin olunub və yəqin ki, onunla da görüşlər keçiriləcək. Əlbəttə, biz ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmalıyıq. Bu baxımdan, Azərbaycan parlamenti olaraq bu sahədə təşəbbüs göstəririk. Təbii ki, bu məsələlər də qarşılıqlı olmalıdır və Türkmənistan tərəfi də əlaqələrin genişləndirilməsinə təşəbbüs göstərməlidir”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, Türkmənistanla əlaqələrimizi yaxşı səviyyədə saxlamağa çalışmalıyıq: "Çünki həm türk cümhuriyyətlərindən biridir, həm də qonşu dövlətdir və bizim Xəzərdə əməkdaşlıq etmək imkanlarımız var. Düşünürəm ki, bütün məsələlər bir yerdə müzakirə edilib həll olunmalıdır. Həlli mümkün olmayan problem yoxdur. "Kəpəz” yatağı ilə bağlı da ümumi razılaşmaya gəlmək imkanımız var. Yəni, bunların hamısı hansısa konfliktə gətirib çıxarmamalıdır. Təbii ki, hər ölkənin maraqları nəzərə alınmaqla bu kimi məsələlərdə güzəştli davranış mümkündür. Çünki iki türk dövlətinin yaxınlaşmasından söhbət gedir. Hesab edirəm ki, Türkmənistan nümayəndə heyətinin Azərbaycan prezidenti ilə görüşünün bu məsələyə müsbət təsiri olacaq”.

F.Mustafa əlavə etdi ki, bütün sahələrdə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi mümkündür: "Türkmənistan tərəfinin buna reaksiyasının necə olacağını demək çətindir. Amma hər halda müsbət bir tendensiya var və ümid edək ki, bu, yaxşı nəticə verəcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər