Azərbaycan, Türkiyə və Türkmənistan yeni enerji oxu yaradırlar
Bakıda üç ölkənin - Azərbaycan, Türkmənistan və Türkiyənin xarici
işlər nazirləri enerji sahəsində əməkdaşlığın gələcək perspektivlərini
müzakirəyə çıxarıblar. Rusiya və Qərb mediası yazır ki, Ankara türkmən
karbohidrogen ehtiyatlarının Avropaya Azərbaycan vasitəsilə nəqlində başlıca
lobbist kimi çıxış edir. Türkmən qazı türkmən neftinin ardınca Avropa
bazarlarına daxil olmağa başlayır. Rusiyanın "Nezavisimaya qazeta” qəzeti yazır
ki, nazirlərin indiki görüşü sayca dördüncüdür. "Bundan əvvəl imzalanan Bakı
bəyannaməsi türkdilli dövlətlər arasında mədəni, dil münasibətlərində yeni
üçtərəfli münasibətlərin əsasını qoyub. Bu format - iqtisadidir. Azərbaycan,
Türkiyə və Türkmənistan arasında gələcək əməkdaşlığın yeni üfüqlərini açır”, - deyə
Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban Rusiya nəşrinə müsahibəsində
bildirib. O bildirib ki, Aşqabad özünün karbohidrogen ehtiyatlarının dünya
bazarlarına çıxarılması üçün yeni marşrut - Azərbaycan üzərində işləyir. Hesab
edilir ki, Türkmənistan qaz nəhəngidir. "Lakin ölkə büdcəsinə son vaxtlar əsas
gəlir gətirən qaz deyil, neftdir. Bu səbəbdən də görüşdə əsas müzakirə olunan
məsələ türkmən xam neftinin və neft məhsullarının Azərbaycan və Türkiyə
vasitəsilə dünya bazarlarına çatdırılması olub. Xam neft tankerlər vasitəsilə
Bakıya çatdırıldıqdan sonra oradan Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyənin
Ceyhan limanına çatdırılır. Türkmən neft məhsulları artıq Gürcüstandakı
Azərbaycan terminalı Kuleviyə çatdırılır. Ötən il ilk dəfə olaraq 4,3 mln. ton neft
daşınıb. Bu il ərzində nəqlin 4,5 mln. tona çatdırılması nəzərdə tutulub. Bu,
çox yaxşı göstəricidir”, - deyə ekspert bildirib.
Onun qənaətincə, Türkmənistan
görür ki, qərb istiqaməti işləyir və müəyyən dividentlər gətirir. Bu səbəbdən
də türkmən hakimiyyət orqanları bir daha xam neftin Rusiyanın Mahaçqaladakı
terminalına göndərməkdən yayınmaq istəyirlər. Və bütün həcmi Azərbaycan
vasitəsilə dünya bazarlarına çatdırılması qərara alınıb. Nəzərə alsaq ki, bu il
ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınır, onda gələn il neft
məhsullarının həcmi artırılacaq. Həm də Bakı və Aşqabad arasında bərələrlə neftin
daşınması tariflərinin aşağı salınması barədə saziş imzalanıb. Bundan əlavə,
Türkmənbaşıda yerləşən neft emalı zavodlarının modernləşdirilməsi prosesi başa
çatdırılıb. Hazırda Xəzəryanı dövlətlərin ərazilərində, Rusiya istisna olmaqla
ən keyfiyyətli məhsul məhz bu zavodlarda istehsal olunur. "Gələn ildən isə bu
müəssisə vasitəsilə "Evro-5”
neft məhsulları buraxılacaq. Bazar var, istehsal var. Azərbaycan ən yaxşı
loqistika təklif edir. Bu kontekstdə nə üçün bu xətləri- nəqliyyat və
energetikanı vahid energetika məkanında birləşdirməyək”, - deyə İ.Şaban
bildirib. "Nezavisimaya qazeta”nın "Aşqabad və Bakı arasında "Kəpəz”
(türkmənlər ona "Sərdar” adlandırırlar) neft yatağı ilə bağlı mübahisə nə qədər
aktual olub olmadığı” barədə sualınln cavabında ekspert bildirib ki, hazırda bu
məsələ danışıqlar predmeti deyil. Onun sözlərinə görə, bu məsələ həddən artıq
siyasiləşdirilib. "Kəpəz” yatağının kommersiya qiyməti yoxdur. Adı çəkilən neft-qaz
yatağı münasibətləri pisləşdirməyə dəymir. Hazırda münasibətlər yüksəliş
dövrünü yaşayır”.
O ki qaldı qaz layihələrinə, İ.Şaban bildirib ki, "üç ölkənin
xarici işlər nazirlərindən heç biri türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə
Avropaya çatdırılacağını rəsmən bəyan etməyib. Lakin əgər nəzərə alsaq ki,
Türkmənistan və Avropa İttifaqı arasında türkmən qazının Avropa istiqamətinə
çatdırılması ilə bağlı məsləhətləşmələr aparılır, onda bu layihənin reallaşması
qüvvədə qalır”. Xatırladaq ki, hazırda nəzərdən keçirilən layihələrdən biri
Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasıdır. Bu layihə üzrə
Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək. Əgər Türkmənistanı
bu layihəyə cəlb etmək mümkün olacaqsa, onda Azərbaycan qaz tranzitçisinə
çevriləcək. Ölkənin əlverişli coğrafi vəziyyəti ona əlavə olaraq bu statusu
verir. Türkmənistan qazını öz sərhədində satmaq istəyir. Bu səbəbdən də Xəzərin
dibi ilə boru xəttinin Azərbaycana çəkilməsi məsələsində xeyli passiv
görünürdü. Passivlik həm də onunla izah olunurdu ki, bu layihə ümumiyyətlə
reallaşmasın. Rusiya və İran da layihənin reallaşmasına qarşı çıxır. Əsas
problem kimi də Xəzərin statusunun müəyyən olunmamasını, ekoloji məsələlər
göstərilir. Bu problemi həll etmək üçün beş Xəzəryanı dövlət konsensusa
gəlməlidir. Lakin bu proses hələ ki uzanır. Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov RİA "Novosti”yə bildirib ki, yekun sənədin 70-80 faizi
razılaşdırılıb. Bu səbəbdən də dənizin dibi ilə qaz kəmərinin inşası hələ də
qeyri-müəyyən vaxta kimi təxirə salınacaq. Ola bilsin ki, Qərb sıxılmış qazın
istehsalı üçün kompressor stansiyalarının inşası layihəsini müdafiə etsin. Bu
halda da Azərbaycan tranzit ölkə kimi mövqeyini itirməyəcək.
Azər