• cümə axşamı, 28 mart, 16:22
  • Baku Bakı 16°C

Azərbaycan - Türkiyə - Türkmənistan yaxınlaşması regionda nəyi dəyişəcək?

22.07.17 10:15 1523
Azərbaycan - Türkiyə - Türkmənistan yaxınlaşması regionda nəyi dəyişəcək?
Bu günlərdə Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin görüşü keçirildi. Görüşdə qeyd edildiyi kimi, 2017-2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılıq əldə edilib. Onu da qeyd edək ki, hər üç ölkə hazırda bir çox regional layihələr həyata keçirir.

Bu görüşü həm də ilin sonuna qədər Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünə hazırlıq kimi də qiymətləndirmək olar. Bütövlükdə Azərbaycan-Türkiyə-Türkmənistan yaxınlaşması regionda nəyi dəyişəcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, Azərbaycan-Türkiyə-Türkmənistan yaxınlaşması hər üç dövlətin maraqları baxımından çox önəmlidir: "Eyni zamanda, Türk birliyinin məhz praktiki addımlarla möhkəmlənməsini vurğulamaq istərdim. Bu görüş Türkmənistan üçün öz enerji daşıyıcılarını dünya bazarına çıxarmaqda yeni alternativlər, daha geniş manevr açmaq perspektivi baxımından əhəmiyyətli idi. Azərbaycan üçün isə həm təminatlı ölkə potensialı, həm də Avropanın enerji təhlükəsizliyində daha yaxından iştirak üçün mühüm rol oynayır. Bu cür üçlü görüşlərin təşəbbüskarı rolunda məhz Azərbaycan dövləti çıxış edir. Üçlü əməkdaşlıq modeli, belə demək mümkündürsə, məhz Azərbaycan xarici siyasətinin reallaşdırdığı bir formadır. Biz sadəcə, Türkmənistan və Türkiyə ilə yox, eyni zamanda Türkiyə və İranla da bu cür əməkdaşlıq modeli reallaşdırırıq. O cümlədən Azərbaycan Türkiyə və Gürcüstanla da eyni model üzrə əməkdaşlıq edir. Eləcə də Türkiyə və Rusiya ilə bu model şəklində əməkdaşlıq edilməsi üçün addımlar atılıb. Bizim qardaş Türkiyə ilə birgə reallaşdırdığımız bu əməkdaşlıq modeli hər iki ölkənin həm təbii strateji müttəfiqlər kimi bir-birinə nə dərəcədə bağlılığını ortaya qoyur, həm də bu strateji müttəfiqlikdən nə dərəcədə yüksək səviyyədə qarşılıqlı faydalanmanın mümkün olduğunu göstərir”.

S.Alıyev qeyd etdi ki, Azərbaycan-Türkiyə-Türkmənistan formatında daha çox enerji əməkdaşlığı üstünlük təşkil edir: "Amma bu, sadəcə enerji əməkdaşlığı üzərində deyil, gələcəkdə daha geniş əlaqələri özündə ehtiva edən bir formatdır. Onu da qeyd edim ki, artıq Türkmənistan öz neftinin böyük bir hissəsini Avropa bazarına Azərbaycan üzərindən çıxarır. Səhv etmirəmsə, gələn ildən bütövlükdə neftini Azərbaycandan keçməklə Avropaya nəql edəcək və bunu da Mahaçqala limanı vasitəsilə etmək fikrindədir. Bunu da üçtərəfli format çərçivəsində gözəl nəticələrdən biri hesab edirəm. Amma perspektivdə daha böyük gözləntilər var. Hesab edirəm ki, bu gözləntilər hər üç dövlətin başçısının Aşqabadda keçirilməsi planlaşdırılan sammitindən sonra müəyyən olacaq. Azərbaycanın təşəbbüskarı olduğu və Türkiyə ilə birgə reallaşdırdığı "Cənub Qaz Dəhlizi” və TANAP layihələri vasitəsilə Türkmənistan öz qazını daha əlverişli şərtlərlə dünya bazarına çıxaracaq. Ümid edirəm ki, bu perspektivlər yaranacaq və addımlar atılacaq”.

Politoloq Arzu Nağıyev bildirdi ki, Azərbaycanın son vaxtlar üçtərəfli formatda təmsilçiliyi çox mühüm bir məsələdir: "Ölkəmiz regionda bir sıra problemlərin həllində vasitəçi rolunu oynayır. Azərbaycan-Türkiyə-Türkmənistan yaxınlaşması da, düşünürəm, əsasən iqtisadi məsələlərlə bağlıdır. Çünki Türkmənistan qazının bu gün Avropaya çıxarılması istiqamətində, ümumiyyətlə bazarda böyük bir mübarizə gedir. Rusiya öz vasitəsilə bu qazı regiona çıxarmaq istəyir. Türkiyənin çalışdığı odur ki, Türkmənistan TANAP layihəsinə qoşulsun. Bu mənada düşünürəm ki, yaxınlaşma iqtisadi məsələlərlə bağlıdır. Çünki Türkmənistan qazının Çinə yönləndirilməsinə vaxtilə İran və Qətər böyük maneələr törədib. Bu mavi yanacağın Avropaya ötürülməsində Azərbaycan tranzit ölkə rolunu oynamış olacaq. Həm də TANAP vasitəsilə Azərbaycan və Türkmənistan qazının Avropaya ötürülməsi enerji təhlükəsizliyi təhdidinin qarşısı alınacaq. Yəni, Azərbaycan regionda mühüm bir amilə çevrilir”.

A.Nağıyev əlavə etdi ki, üçlü formatda Azərbaycan həm də vasitəçilik rolunu oynayır: "Bu çərçivədə Azərbaycan-Rusiya-İran , Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatları var. Bunların hamısında Azərbaycan mühüm bir strateji tərəfdaşa çevrilir. Siyasi baxımdan Azərbaycan Türkiyə ilə daha sıx əlaqələrə malikdir. Amma desək ki, Azərbaycan Türkmənistanla birgə hər bir istiqamətdə müsbət addımlar atır, bu, yanlış olardı. Lakin bu yaxınlaşmalar bir müsbət hal kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, xarici siyasətdə qardaşlıq məsələsi ikinci plana keçir. Amma ümumi maraqlar olandan sonra digər addımları atmaq olar”.

Politoloq Aşqabadda keçirilməsi planlaşdırılan sammitə toxunaraq vurğuladı ki, bu toplantıda Azərbaycanın deyəcək sözü çoxdur: "Buraya əlaqələrin genişləndirilməsi, Xəzərin bölüşdürülməsi və sair daxildir. Hesab edirəm ki, çözüləsi problemlərimiz hələ çoxdur. Məlumdur ki, Xəzər dənizi ilə bağlı məsələyə tam aydınlıq gəlməyib. Ümumi məsələlər kontekstində Bakıda keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan xarici işlər nazirlərinin görüşünü bu sammitə hazırlıq hesab etmək olar”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər